“Heç kim küçədə dini şüar səsləndirə bilməz”
İlham İsmayıl: “Əgər kimsə dinlə bağlı fikrini, zikrini dilə gətirmək istəyirsə, onun yeri meydan yox, məsciddir”
Azərbaycanda ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsi, dini atributların və bayraqların nümayişi qadağan olunur. Qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2 min, vəzifəli şəxslər 8-9 min, hüquqi şəxslər isə 25 min manata qədər cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə maliyyə sanksiyası tətbiq olunmaqla, ölkədən deportasiya ediləcək. Qanun layihəsi Milli Məclisə təqdim olunub və parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Dəyişikliklə bağlı "Şərq”ə danışan Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyib ki, dini təbliğatla bağlı qadağanı daha əvvəldən tətbiq etmək lazım idi: "Dini radikallıq artdıqca daha artıq zərər görəcəyik. Dəfələrlə demişəm ki, dini ayinləri konkret məkanlarda, məscidlərdə və digər ibadətgahlarda həyata keçirmək lazımdır. Kənar yerlərdə dini şüarların səsləndirilməsi, yürüyüşlərin təşkil edilməsi əks qüvvələrin, yəni dini siyasətə alət edən radikalçıların əlində vasitəyə çevrilir. Bu məsələnin birmənalı şəkildə qanunla tənzimlənməsi və qadağan olunması çox müsbət addımdır. Heç kimin mənəviyyatına müdaxilə edilmir. Əgər kimsə dinlə bağlı fikrini, zikrini dilə gətirmək istəyirsə, onun yeri meydan yox, məsciddir”. İ.İsmayılın sözlərinə görə, bu, təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda Azərbaycanın konstitusion quruluşuna əməl etməkdir: "Azərbaycan dünyəvi idarəetmə sisteminə malikdir. Qanunvericiliyimiz də, dövlətimiz də dünyəvidir. Biz şəriət ölkəsi deyilik. Heç kim küçədə dini şüar səsləndirə bilməz”.
İlahiyyatçı-alim Elşad Miri də alınan qərarın başadüşülən və zəruri olduğunu deyib: "Türkiyədə baş verən hadisələrdən sonra Azərbaycanın qabaqlayıcı addım atması təqdirəlayiqdir. Dini radikalizmdən irəli gələn müəyyən təhlükələrin önünə keçmək üçün bu cür qadağalar vacibdir. Bir müddət əvvəl baş verən Nardaran hadisələri də sözügedən təhlükədən xəbər verirdi”. Ekspertə görə, bu məhdudiyyətlərdən heç kim sui-istifadə etməməlidir: "Bəzi qüvvələr qadağaları əlində bayraq tutaraq öz məqsədi üçün istifadə edə bilər. Belə halların qarşısı alınmalıdır. Digər məqamlarda isə dövlət öz təhlükəsizliyini qorumalıdır və bunun üçün zəruri qərarlar verməlidir. Türkiyədə sön dönəmə qədər belə bir deviz var idi: - "döyənə əlsiz, söyənə dilsiz” olmaq. Amma 15 iyul hadisələri bu düşüncədə olmağın yanlış olduğunu ortaya qoydu. Həmin gecə radikal qüvvələr "F-16”larla, tanklarla nə qədər insanı şəhid etdilər. Belə məsələlərdə Azərbaycan hökuməti də üzərinə düşəni etməlidir”.
İsmayıl