Hələ çox ssenarilər ortaya çıxacaq

Rövşən Lənkəranskini öz silahdaşları da öldürə bilər
“Amma mənim versiyam odur ki, bu işin arxasında rus mafiyası dayanır”


Türkiyə mediası İstanbulda öldürülən "qanuni oğru” Rövşən Lənkəranskinin qatili ilə bağlı maraqlı məlumat yayıb. "Habertürk” kanalının irəli sürdüyü iddiaya görə, kriminal aləmdə Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanlı Rövşənin yerinə keçmək üçün ona sui-qəsd təşkil edib. Xəbərdə bildirilib ki, Lənkəranskinin Beşiktaşdakı oteldə iştirak etdiyi toplantını məhz Beyləqanski təşkil edib.

Hətta şübhə yaratmamaq üçün silahlı şəxslərə atəş də açıb. Lakin istintaq nəticəsində həqiqət ortaya çıxıb. Kamera görüntülərindən bəlli olub ki, Hacı Beyləqanski sui-qəsdçilərə atəş açsa da, onların heç birini vurmayıb. Bu isə polisi şübhələndirib. Rusiyada 5, Azərbaycanda isə 1 cinayətə görə, axtarışda olan kriminal avtoritetin Rövşəni öldürən killerləri isə Qırğızıstana qaçıb. Deyilənə görə, rus mafiyası Lənkəranskini öldürəcəyi təqdirdə Hacıbabaya "qanuni oğru” statusu verəcəyini vəd edib. İddia ilə bağlı "Şərq”ə açıqlama verən tanınmış kriminalist-araşdırmaçı İlqar Altay deyib ki, "oğru dünyası”nın öz qayda-qanunları var. Bu aləm başlı-başına müharibə, cinayət, quldurluq, intiqam və ölüm deməkdir: "Cəmiyyətin qeyri-normal sahəsi sayılan "oğru dünyası”nda istənilən iddialar həqiqət ola bilər. Bəzən bir avtoritetin ölümündən sonra aylarla, hətta illərlə qanlı savaşlar gedir, yeni sui-qəsdlər, cinayətlər arda-arda gəlir. Media daha çox klanlararası savaşlardan yazır, məsələn, bir klanın rəhbərinin digər dəstə başçısını öldürməsini, intiqam döyüşlərini araşdırır. Yaxud da yüksək gəlirli ticarət bölgələrində nüfuz dairələri uğrunda yaşanan ciddi toqquşmalardan, mübarizələrdən söz açır. Amma nəzərə almaq lazımdır ki, dövlətlərdə hakimiyyət uğrunda mübarizə aparıldığı kimi "oğru dünyası”nda da eyni klan daxilində "başa keçmək” savaşı gedir”. İ.Altayın sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanlarının apardığı genişmiqyaslı istintaqın yekununda daha aydın nəticələrə gəlmək mümkün olacaq: "Versiyalar, iddialar çoxdur. Bundan sonra da uzun müddət müxtəlif ssenarilər ortaya çıxacaq. Təbii ki, Rövşən Lənkəranskini öz silahdaşları da öldürə bilər. Amma mənim versiyam odur ki, bu işin arxasında rus mafiyası dayanır. Klanlar arasında düşmənçilik yaradan da, "oğru”ları biri-birinə qarşı qoyan da rus mafiyasının liderləridir. Onlar klanlararası gərginliyi saxlayaraq, başqa millətlərdən olan "vor zakonlara” nəzarət edirlər”.

İsmayıl