Yaxın gələcəkdə Azərbaycanda dərman preparatları istehsalı üzrə yeni zavodun tikintisi nəzərdə tutulur.
Lent.az-ın "Tibb" qəzetinə istinadən məlumatına görə, bu haqda Azərbaycanda bir neçə günlük səfərdə olan Yaponiyanın Nipro Pharma və JGC dərman şirkətlərinin nümayəndələri məlumat veriblər.
Nipro Pharma dərman şirkətinin vitse-prezidenti Satoshi Kavamura açıqlamasında bildirib ki, zavodun tikintisinə başlamazdan öncə Azərbaycanda hansı dərmanlara nə qədər tələbatın olması, hansı preparatların istehsalının məqsədəuyğun olması və bir sıra bu kimi məsələlərlə bağlı araşdırma aparılmalıdır: "Hazırda bizim partnyorumuz Azərbaycan üzrə iri distribüter şirkətlərindən biridir. Nipro Pharma şirkətinin istehsal etdiyi dərmanlarla həmin şirkətin məhsullarını müqayisə edib, müəyyən nəticəyə gəlməyə çalışırıq. Bunun üçün ən azı bir il vaxt lazım olacaq. Araşdırmalardan sonra isə biznes plan hazırlayıb, bilavasitə zavodun tikintisini planlaşdırırıq.
İlk növbədə Azərbaycanda bizim şirkətin 300-ə yaxın məhsulunu istehsal etməyi düşünürük. Əgər həmin məhsullardan əlavə preparatlara tələbat olarsa, Yaponiyada Nipro Pharmanın partnyoru olan çox sayda şirkətlər var ki, onlar da öz məhsullarını burada istehsal edə bilərlər və hətta bu barədə düşünürlər”.
Satoshi Kavamura bildirib ki, keyfiyyət məsələsi onlar üçün hər zaman çox əhəmiyyətli olub və istehsal etdikləri dərman məhsulları da dünya standartları səviyyəsindədir: " Məqsədimiz təkcə Azərbaycan bazarında olmaq deyil. İstehsal olunan dərman preparatlarını, eyni zamanda, xarici dövlətlərə də ixrac etməyi düşünürük. Dərmanların keyfiyyəti məsələsi bizim üçün buna görə də prioritetdir. Əgər yüksək keyfiyyətli məhsullar istehsal olunmasa, onları ixrac edə bilmərik”.
Satoshi Kavamura qeyd edib ki, sırf istehsal baxımından yanaşsaq, Azərbaycanda istehsalın daha ucuz qiymətə başa gələcək: " Amma burada digər faktorlar da var. Məsələn, xammal, qablaşdırma məhsulları xaricdən idxal ediləcək. Bundan sonra Azərbaycana daha ucuz qablaşdırma məhsulları gətirmək üçün araşdırmalara başlayacağıq. Əgər bununla bağlı məqsədimizə nail ola bilsək, dərmanların indikindən daha ucuz qiymətə bazara çıxarılmasını təmin edə bilərik.”.
JGC dərman şirkətinin xarici əczaçılıq layihəsi qrupunun rəhbəri Susumu Yamada isə səfər çərçivəsində baş nazirin müavini Abid Şərifovla, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovla və səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüş keçirildiyini bildirib: "Həmin görüşlər zamanı bizdə belə bir təəssürat yarandı ki, Azərbaycanın əsasən iki istəyi var: birincisi, Yaponiya tərəfinin Azərbaycana sərmayə qoyması, ikincisi isə, burada əczaçılıq sənayesinin inkişaf etdirilməsi. Biz hər iki istiqamətdə Azərbaycana töhfə verməyi, bu istəkləri reallaşdırmağı düşünürük”.