Avakov mafiozdur, onun zülmündən azərbaycanlılar da əziyyət çəkir

Onun vəzifədə qalması Ukrayna daxilində vəziyyəti gərginləşdirir, həmçinin bu ölkənin başqa ölkələrlə münasibətlərinə də xələl gətirir



Ukraynada çalışan azərbaycanlı iş adamlarına qarşı son 2 ildə baş verən kriminal hadisələr soydaşlarımızın səbrini daşdırdı və onlar bu ölkənin Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirdilər. Aksiyanın qətnaməsində etirazın səbəbləri aydın göstərilib. Qətnamədə bildirilir ki, məhz Arsen Avakov Ukrayna daxili işlər naziri təyin edildikdən sonra keçən 2 il ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara sui-qəsdlər təşkil edilib. Lakin bu cinayətlərin üstü hələ də açılmayıb, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.

Ukraynadakı Azərbaycan diasporu ölkə prezidentinə və daxili işlər nazirinə bununla bağlı 30-dan çox müraciət ünvanlayıb, lakin bu müraciətlərə də heç bir reaksiya verilməyib. Qətnamədə qeyd olunur ki, azərbaycanlı iş adamlarına qarşı cinayət tərkibli halların qarşısı alınmazsa, oturaq etiraz aksiyası keçiriləcək. Soydaşlarımızın qəzəbinin təhlükəli hədd alacağını düşünən rəsmilər bir az hərəkətə keçiblər. Daxili işlər nazirinin müşaviri İvan Stoyka Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi və Konqresin Ali Məclis sədri Akif Gülməmmədovu qəbul edib, DİN adından azərbaycanlılara rəsmi təminat verilib ki, təhlükəsizliklərinin təmin edilməsi üçün gərəkli tədbirlər görüləcək. Müşavir soydaşlarımızın yaxın günlərdə hökumət rəsmiləri ilə görüşünün təşkil ediləcəyini də bildirib. Soydaşlarımız Avakovu tənqid edən "fləşmob” da keçiriblər.

Bəs vaxtilə sakit ölkə sayılan Ukraynada soydaşlarımıza qarşı təzyiqlərin kökündə nə dayanır? Azərbaycanlı iş adamlarının oğurlanması, sui-qəsdlər həqiqətənmi, erməni əsilli daxili işlər naziri Arsen Avakovun "başının altından” çıxır?

Mövcud durumu şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında Avakovun daxili işlər naziri olmasının həqiqətən də Ukraynaya problem yaratdığını bildirdi:

- Əvvəla onu deyim ki, Azərbaycanın Ukraynadakı diasporunun fəaliyyəti çox yaxşıdır, normaldır. Azərbaycan diasporu fəaliyyətində qanunlara riayət edir, heç bir qanunsuz hərəkətə yol vermir, ümumiyyətlə diaspor əlaqələri də çox yaxşı qurulub. Ukraynadakı soydaşlarımız da siyasi hakimiyyətdə vəzifə tutmurlar, nə əldə edirlərsə, yalnız öz çalışqanlıqları, zəhmətləri sayəsindədir. Soydaşlarımız dövlət siyasətinə qarışmır, digər ölkələrdə olduğu kimi, Ukraynada da sadəcə, öz işləri ilə, biznesləri ilə məşğuldurlar. Problem Ukrayna hakimiyyətinin daxilindəki nizamsızlıqla bağlıdır. Ukrayna indi Azərbaycanın 1992-ci ildəki durumunu yaşayır. Hakimiyyət daxilində başıpozuqluq, səliqəsizlik, nizamsızlıq var. Sanki Ukraynada bir yox, bir neçə prezident var. Əlində bir balaca siyasi hakimiyyət və maliyyə resursları olan özünü böyük hesab edir, öz hakimiyyətini qurmağa çalışır. Avakov da onlardan biridir. Avakov erməni əsillidir. Bu adam həm daxili işlər naziridir, həm oliqarxdır, həm də mafiyozdur. Avakov əgər iqtisadiyyat naziri olsaydı, yenə anlamaq mümkün idi. Amma bu adam daxili işlər naziridir. Və görünür, əlində daha çox iqtisadi güc toplamağa çalışır, iş adamlarını öz tərəfinə çəkmək istəyir. Çünki bu adamın həm də biznes maraqları var axı. Ukrayna hakimiyyətində təmsil olunan oliqarxlar bacardıqca çox iqtisadi gücə sahib olmaq istəyirlər. Biznesmenlərə təzyiq, təsir göstərirlər. Azərbaycanlı iş adamlarına qarşı cinayət tərkibli əməllərin kökündə həm də bu amilin dayanması istisna edilə bilməz.

İ.Altay bir müddət əvvəl Avakovla Saakaşvili arasında yaşanmış insidenti də xatırlatdı:

- Xatırlayırsınızsa, Poroşenkonun sədrliyi ilə keçən müşavirədə Mixail Saakaşvili Avakova qarşı açıq ittihamlarla çıxış etdi, bu adamı cinayət əməllərində günahlandırdı. Saakaşvilinin əlində dəlillər, sübutlar olmasa, daxili işlər nazirinə qarşı bu cür sərt çıxış etməzdi. Avakov düzgün adam olsaydı, Saakaşvili ilə əl-ələ verib ölkənin inkişafına xidmət edərdi. Bu yaxınlarda Ukraynanın yeni təyin olunmuş baş prokuroru Avakova cinayət işi qaldırıb. İndi görün bu ölkədə vəziyyət hansı dərəcədədir ki, prokuror hələ fəaliyyətdə olan daxili işlər nazirinə cinayət işi açır. Yəni, Avakovun vəzifədə qalması Ukrayna daxilində vəziyyəti gərginləşdirir, həmçinin bu ölkənin başqa ölkələrlə münasibətlərinə də xələl gətirir. Biz hamımız görürük ki, Azərbaycan necə balanslı xarici siyasət yürüdür. Ukrayna ilə də Azərbaycanın münasibətləri həmişə yaxşı olub. Azərbaycan Ukraynanın ən çətin dövründə onun ərazi bütövlüyünü tanıdı, baxmayaraq ki, Rusiya ilə də yaxın tərəfdaşdır. Azərbaycanlı iş adamlarının sıxışdırılması indiki vəziyyətində Ukrayna dövlətinə ziyandır. Ukraynanın elə bir vaxtı deyil ki, hansısa ölkə, xüsusən də Azərbaycanla münasibətləri pozulsun, əməkdaşlıqda soyuqluq yaransın. Görün, vəziyyət nə həddə çatıb ki, soydaşlarımız aksiya keçirmək məcburiyyətində qalıblar. Belə davranış azərbaycanlı iş adamları üçün heç xarakterik deyil. Soydaşlarımız həmişə, hər bir ölkədə sakit biznes həyatı sürür, siyasi qalmaqallara qarışmırlar. Amma görünür, belə darvanış tərzi bəzilərinə xoş gəlmir. Onlar biznes sektorunda olanların tərəf tutmasını istəyirlər. Əslində bu, biznes maraqlarına, azad bazar münasibətlərinə ziddir. Çünki siyasi qərəzlərdən ölkə iqtisadiyyatı və vətəndaşlar əziyyət çəkir. Necə ki, indi azərbaycanlı biznesmenlər əziyyət çəkirlər.

İ.Altay Azərbaycan Milli Məclisinin Ukraynadakı azərbaycanlı iş adamlarının durumuna reaksiya verməli olduğunu da dedi:

- Milli Məclisdə Ukrayna dostluq qrupu da var, Ukrayna Ali Radası ilə əlaqələr də mövcuddur. Hesab edirəm ki, Milli Məclis vəziyyətə reaksiya verməli və millət vəkilləri ukraynalı həmkarları ilə bu məsələni müzakirə etməlidirlər. Biz çalışmalıyıq ki, istər uzaq xaricdə, istərsə də MDB məkanında məskunlaşmış soydaşlarımız, iş adamlarımız təhlükəsiz şəraitdə yaşasınlar, işləsinlər. Çünki iş adamlarının normal fəaliyyəti Azərbaycana da xeyirdir, öz ailələrinə də.

Məlahət Rzayeva