“Talassemiya xəstəsi olan adam da ailə qurmalıdır”

“Amma hamiləliyə mütləq nəzarət olunmalıdır ki, bu cür uşaqların doğulmağının qarşısı alınsın”



Avqust ayı ərzində ümumilikdə 17 min 526 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın sözlərinə görə, ötən ay ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən 672 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb.

Cəmi 9 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib. Qurum rəsmisi həmçinin ötən ay 17 nəfərdə QİÇS, 92 nəfərdə isə sifilis xəstəliyinin aşkarlandığını və bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə bağlı geniş məlumat verildiyini deyib. Tibb elmləri doktoru, professor Adil Qeybulla isə açıqlanan statistikanı çox ciddi, genefonda yetərincə təhlükə yaradan rəqəm hesab edir. Ekspertin sözlərinə görə, əhalinin qan qrupu kimi, talassemiya daşıyıcısı olması da hər bir kəsin şəxsiyyət vəsiqəsində əks olunmalıdır və dövlət proqramı da bunu hədəf götürməlidir: "Ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi zamanı onlarda talassemiya aşkarlanması o demək deyil ki, irsi xəstəlik daşıyıcıları ailə qurmamalıdır: "Talassemiya irsi bir xəstəlikdir. Yəni genlə bağlı bir məsələdir. Əvvəllər bu müayinə yox idi deyə heç kim talassemiya daşıyıcısı olduğunu bilmirdi və xəstə uşaqlar doğulurdu. Amma indi talassemiya daşıyıcılarını ayırmaq olmaz. Hətta talassemiya xəstəsi olan adam da ailə qurmalıdır. Amma talassemiyalı adamlar ailə quranda hamiləliyə mütləq nəzarət olunmalıdır ki, bu cür uşaqların doğulmağının qarşısı alınsın. Tədricən bu prosesə nəzarət olunmalı, profilaktik işlər görülməlidir. Azərbaycan, az qala, talassemiyanın endemik zonası sayıla bilər. Əhali sayına nisbətdə çox böyük, təkrarolunmaz bir rəqəmdir”.

Professor hesab edir ki, daşıyıcılar barədə təxmini rəqəm söyləməkdənsə, əhali arasında bir dəfə dispanserizasiya həyata keçirib bütün daşıyıcıları müəyyən etmək daha məqsədəuyğun olar.

Şəymən