Onlayn mediada qeyri-peşəkarlıq daha çoxdur

Anar Niftəliyev: “Cəmiyyətdə özünə yer tapmayan şəxslərin jurnalistikada “özlərini sınamaq” istəkləri bu cür savadsız və qeyri-peşəkar “ordunun”
yaranmasına gətirib çıxarır” Azər Həsrət: “Az xərc çəkərək çox gəlir əldə etmək istəyən insanlar da bu sahəni seçir”


(əvvəli ötən sayımızda)

Azərbaycan mediasında hər keçən gün media etikasını pozan yazıların, reportajların sayı artır. Sifarişli yazılar, kiminsə haqqında ictimai rəyi mənfiyə doğru dəyişdirmək üçün əsaslandırılmamış, qurama sübutlarla hazırlanan reportajlar, bir şəxsin o biri şəxsə qarşı aşağılamalarla dolu yazıları artıq mediada adi haldır. Adətən belə yazılar qısa müddət fəaliyyət göstərən reket saytlar və qəzetlərdə yayılsa da, bəzən belə halları ciddi və böyük media orqanlarında da görürük. Halbuki jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir. Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək isə hər bir mətbuat işçisinin sadəcə peşə borcudur.

Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq. Amma tez-tez şahidi oluruq ki, sensasiya və reytinq arxasınca qaçan və söz azadlığından şəxsi maraqları üçün istifadə edən bir qrup insanlar jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradır, hətta özləri yol göstərirlər.

Qeyd edək ki, çap mediasındakı problemlərə qarşı mübarizə aparmağın daha asan və effektiv olduğunu vurğulayan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu günlərdə qeyri-peşəkar jurnalistlərlə bağlı maraqlı açıqlama ilə çıxış edib.

Millət vəkili, savadsız, qeyri-peşəkar şəxslərin onlayn mediada özlərinə yer tapdığını, elektron mediada məlum problemin ciddi şəkildə hiss edildiyini bildirib: "Hazırda onlayn media sahəsindəki vəziyyət deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır”.

Maraqlıdır, doğrudanmı savadsız və qeyri-peşəkar jurnalistlər yalnız onlayn mediada mövcuddur? Ümumiyyətlə, çap və ənənəvi media arasında belə bir bölgü aparmaq nə dərəcədə doğrudur?

Axar.az saytının baş redaktoru Anar Niftəliyev isə hesab edir ki, onlayn media çap mediasından geniş yayıldığı üçün problemlər orada özünü daha qabarıq formada göstərir: "Hesab edirəm ki, hörmətli Əflatun Amaşov bu müqayisəni verəndə heç də çap mediasında qeyri-peşəkarların az, yeni mediada isə çox olmasına deyil, diqqəti ayrı istiqamətə yönəldib. Yəni hazırda ənənəvi media etiraf edək ki, onlayn mediaya ciddi şəkildə uduzur və çap mediasının sırası çox seyrəlib, əvəzində isə günümüzün tələbinə uyğun olaraq onlayn media geniş yayılıb. Məsələyə bu baxımdan yanaşmaq lazımdır və Ə.Amaşov da diqqəti bu istiqamətə yönəldib”.

Savadsızlığın və qeyri-peşəkarlığın fərqli anlayışlar olduğunu vurğulayan baş redaktorun sözlərinə görə, müqayisə zamanı bunları bir-birindən ayırmaq, məsələyə iki aspektdən yanaşmaq lazımdır: "Əvvəla, ixtisaslı gənclərin mediaya gəlməsi məsələsinə toxunaq. Çox böyük təəssüflə etiraf etməliyik ki, universiteti yenicə bitirib, jurnalist fəaliyyətinə başlayan gənclərin böyük əksəriyyətində savadsızlıq var və bu savadsızlıq xəbərin yazılmasından tutmuş ana dilə münasibətə qədər, özünü böyük mənada göstərir.

Pis odur ki, orta və yaxud ali məktəbdə öyrənməyən gənclərin sonradan bu sahədə ixtisaslaşması və peşəkarlaşması böyük çətinlik yaradır.

Digər məsələ isə təsadüfi, qeyri-peşəkar, bu sahəyə tamam yad adamların onlayn mediaya ayaq açmasıdır. Bilirsiniz ki, Azərbaycanda istənilən şəxsin onlayn media yaratması üçün heç bir problem yoxdur. Bəzi hallarda bu sahəyə bələd olmayan, cəmiyyətdə özünə yer tapmayan şəxslərin jurnalistikada "özlərini sınamaq” istəkləri bu cür savadsız və qeyri-peşəkar "ordunun” yaranmasına gətirib çıxarır. Bu şəxslərin yuxarıda qeyd etdiyim gənclərdən çox ciddi fərqi var. Birincilər peşə olaraq bu sənəti seçiblər və onların çətinliyi dediyim faktlarla bağlıdır, çətin olsa da, zamanla aradan qalxır və redaktorlar onların formalaşmasına nəhayət nail olurlar. İkincilərin isə hədəfi ayrıdır - onlar istənilən qeyri-dəqiq informasiyanı yayır, böhtandan çəkinmir. Çünki məqsəd "reketlikdir”. Onlar əxlaqi dəyərləri gözləmirlər, oxucu cəlb etmək üçün bütün vasitələrdən istifadə edirlər ki, bəlli hədəflərini şantaj etmək imanları çoxalsın və nəticə etibarı ilə mediaya ciddi zərbə vururlar.

Onlarla mübarizənin çətinliyini anlayırıq - onlayn media çap mediası deyil ki, konkret nəşriyyatlar "qara siyahıya” düşən bu cür qəzetləri nəşrdən imtina etsinlər və mübarizə bəhrəsini versin”.

Bütün hallarda onlara qarşı mübarizənin davam etməsinin zəruriliyinə toxunan A.Niftəliyev deyib ki, Mətbuat Şurası və nüfuzlu media nümayəndələri vaxtaşırı olaraq bu cür faktları ictimailəşdirməli, onların mediada mövqe qazanmasının qarşısını almalı, onları ictimaiyyətə tanıtmalı, zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər: "Bilirsiniz, bir çox media nümayəndəsi jurnalistikaya həyat tərzi kimi baxır, medianı həyatı hesab edir. Biz istəsək də, istəməsək də, həyatımıza soxulan bu cür ünsürlərlə mübarizə aparmalıyıq. Hansı ki bu bizim həm peşəkarlıq, həm də mənəvi borcumuzdur. Bu baxımdan Mətbuat Şurasına da nüfuzlu media qurumları və jurnalistlər dəstək olmalıdırlar”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət isə millət vəkilinin fikirləri ilə tam razı olduğunu deyib: "Bu problem doğrudan da qarşısı alınmaz hal alıb. Amma bu məsələ tək Azərbaycanın problemi deyil. Bütün dünyada bu məsələ əsas çatışmazlıqlardan biri kimi qabardılıb. Onlayn media çap mediasına nisbətən daha əlçatandır. Həddi-buluğa çatmayan şəxslərin belə onlayn mediada özünü sınamaq imkanları var. Hansısa formada yaradıcılığa meyli olan və yaxud da öz şəxsi maraqları üçün mediadan istifadə edən insanlar internet mediaya axın edirlər. Hətta az xərc çəkərək çox gəlir əldə etmək istəyən insanlar da bu sahəni seçir. Nəticədə də peşəkarlıq məsələsi arxa fona keçir. Amma çap mediasında təsadüfi adamların özünü realizə etməsi xeyli çətin məsələdir. Hər bir qəzetin bəlli bir kollektivi və oturuşmuş ənənələri olur”.

A.Həsrətin sözlərinə görə, qeyri-peşəkar jurnalistlər daha çox mediadan sui-istifadə etmək istəyən insanların qurduğu saytlarda işləyənlərdir: "İndiki halda isə onlara qarşı mübarizə aparmaq xeyli çətindir. Çünki Azərbaycan dövləti medianın özünütənzimləmə mexanizmləri ilə idarə olunmasının tərəfdarıdır. Ölkədə rəsmi dövlət senzurası uzun illərdir ki, ləğv olunub. İnternet üzərində də heç bir nəzarət mexanizmi həyata keçirilmir. Hesab edirəm ki, Mətbuat Şurası başda olmaqla mətbuatda söz və ifadə azadlığı ilə məşğul olan digər jurnalist təşkilatları bu sahədə maarifləndirmə işi aparmalı, eyni zamanda mediadan sui-istifadə edən adamlara qarşı mübarizəni gücləndirməlidir. Ümumilikdə problemin kökündən həll olunması isə indiki şəraitdə real görünmür. Zaman keçməli, jurnalistikaya aidiyyəti olmayan insanlar ələnməli və peşəkar jurnalistlər, ciddi media qurumları üzə çıxmalıdır”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli də peşəkarlığın ənənəvi mediada daha üstün olduğunu hesab edir: "Burada nəzərdə tutulan qəzetlər, jurnallar, televiziya və radiodur. Bu sahələrdə oturuşmuş sistem var. Ona görə də ənənəvi mediada peşəkar mühit daha yüksəkdir. İnternet mediada isə çox ciddi qüsurlar var. Amma son dövrlərə nəzərən məsələyə yanaşsaq, indiki internet medianı ənənəvi mətbuatdan o qədər də fərqləndirə bilmərik. Çünki saytların fəaliyyətindən danışanda biz həm də qəzet və jurnalların, televiziyaların internet variantından da söz açırıq. Məsələn, "Şərq” qəzetinin eyni zamanda paralel olaraq "sherg.az” saytı da fəaliyyət göstərir. Deməli, qəzetlərdə hansı peşəkarlıq varsa, təbii olaraq həmin iş prinsipi saytda əks olunur. Bir də var, internetin özünün yaratdığı jurnalistika, buna vətəndaş jurnalistikası deyirlər. Bunlar biri-birindən fərqli məsələlərdir. Təbii ki, internetin yaratdığı jurnalistikada tam peşəkarlıqdan danışa bilmərik. Həmin sahədə kifayət qədər qüsurlar mövcuddur. Amma söhbət əgər ənənəvi media qurumlarının onlayn versiyasından gedirsə, mənə elə gəlir ki, burada kifayət qədər peşəkarlıq da var, inkişaf da. Əlbəttə, internet medianı tamamilə gözdən salmaq, sıradan çıxarmaq olmaz. Ancaq ənənəvi media quruluşlarına baxanda bu sahədə qeyri-peşəkarların sayının daha çox olduğunu görürük”.

Davamı var...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb