20 qəpik bəsdir...
Kağız pulları əlində qalan sürücülər nəzarətçilərin cibinə xeyir verir
Paytaxt küçələrində quraşdırılmış parkomatlar sürücülərin də, büdcənin də başağrısına çevrilir deyəsən. Parkomatların quraşdırılması xəbəri çıxanda, sürücülər sevindi ki, daha əli "dubinka”lı nəzarətçilərdən canları qurtaracaq. Rahatca maşını saxlayıb, ödənişi edəcəklər, qanunsuz parklamaya görə cərimə də olunmayacaqlar. Amma gərək hər işin içindən bir qəmbərqulu çıxsın axı. Bizdə qəmbərqulusuz keçinmir. Parkomatların da bəzi əmmaları var. Məsələn, xırda pul problemi. Sürücü çox zaman xırda pul, ya da manatlıq tapa bilmir. Bu vaxt parkomatların böyrünü kəsdirən nəzarətçilər yenə işə keçir; "20 qəpik ver, sür get”.
Nə qədər 20 qəpiklər gün ərzində parkomatlardan bu minvalla yayınır. Dəmir qutuya daxil olmur. Əvəzində sürücü də tez avtomobilini sürüb aradan çıxır, nəzarətçi də pul qazanır. Parkomatların gəlirinin hara, hansı ünvana çatdığı isə məlum deyil.
Görünür, rəsmi qurumlar da bu vəziyyətdən xəbərdar olduqlarından parkomatlarla bağlı yenilik etməyə hazırlaşırlar.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev "Trend”ə açıqlamasında 2015-ci ilin əvvəlindən parkomat nəzarətçilərinin işinə ehtiyac olmayacağını demişdi:
- Sürücülər 2015-ci ildən etibarən müvəqqəti ödənişli duracaqlarda ödənişlərini nağd yolla yanaşı, plastik kartlar vasitəsilə də edə biləcəklər. Bundan əlavə, SMS xəbərdarlıq sistemi də fəaliyyətə başlayacaq. Ona görə də artıq nəzarətçilərin işinə heç bir ehtiyac olmayacaq. Qeyd edim ki, Avropada parkomatların üzərində ümumiyyətlə, nəzarətçilər yoxdur. Demək istəyirəm ki, hamı aparatdan özü də istifadə edə bilər. Sadəcə nəzarətçi onun üçün lazım idi ki, bir müddət insanlara parkomatlardan istifadə qaydalarını öyrətsin. Yəni bu, müvəqqəti xarakter daşıyır. Ola bilər ki, 1 il, hətta 6-7 aydan sonra nəzarətçilərə ümumiyyətlə, ehtiyac qalmasın”.
Bununla yanaşı, H.Abdullayev qeyd etmişdi ki, söhbət işçilərin hamısından getmir: "Əlbəttə ki, nəzarətçilər də olmalıdır. Onlarsız da keçinmək olmaz”.
Görünən budur ki, parkomat nəzarətçilərinə hələ də ehtiyac var. Çünki pul xırdalamağa ehtiyac hələ qalır. Pul xırdalamaq istəyən sürücüləri isə elə həmin bu nəzarətçilər "yola salır”. Nağd pulu alır, ciblərinə qoyub "yaxşı yol” deyirlər.
İqtisadçılar isə bu fikirdədir ki, hər hansı ödəniş aparatı quraşdırılarkən onun çoxfunksiyalı olmasına diqqət edilməlidir.
İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırda ölkədə xırda pul problemi yaşanır. Metrodan istifadə edənlər gediş kartlarına yükləmək üçün xırda pul tapa bilmirlər. Sərnişin məcburdur ki, metroya minəcəyini əvvəlcədən gözaltı edib, xırda pulla metroya düşsün. Halbuki, Avropa ölkələrində gediş kartları yüklənən aparatlarla yanaşı, pul xırdalayan, hətta pulun qalığını qaytaran aparatlar da var. Bütün bunlar əhalinin, sərnişinlərin rahatlığı üçündür. Niyə biz, əlimizdə kağız pul ora-bura vurnuxub qəpik axtarmalıyıq? Bəlkə kiminsə gediş kartına kağız pul yükləmək imkanı yoxdur. Bəs o nə etməlidir?
Parkomatlarda da eyni vəziyyət hökm sürür. Sürücü parkomata yaxınlaşıb ödəniş etmək istəyir, amma xırda pulu olmadığından edə bilmir. Nəzarətçilər isə "sayıqdırlar”. Çarəsiz sürücünü görüb irəli keçir və qanuna zidd qaydada pulu ondan almaqla yola salırlar. Halbuki sürücü ödənişi parkomata daxil edib, ödəniş çekini almalıdır. Belədə, bəli, edilmiş ödənişlər büdcəyə daxil olacaq, vergidən yayınma halları da baş verməyəcək. Bizim əsas iqtisadi problemimiz vergidən yayınmalarla bağlıdır.
Qeyd edək ki, şəhərdəki parkomatların dəyişdiriləcəyi, daha müasirləri ilə əvəz ediləcəyi də bildirilirdi. Yeni aparatların təkcə nağd ödənişləri deyil, həm də plastik kartları qəbul edəcəyi qeyd olunurdu.
Bundan başqa, sürücülərə SMS-in köməkliyilə parklama ödənişinin yeni variantını təklif etmək də planlaşdırılırdı.
Ödəniş üçün abonentin öz balansından istifadə ediləcək. Göndərilən SMS-in qiyməti 0,10 manatı ötməyəcək, parklamanın ödəniş məbləği bu xidmətə görə mövcud tariflərə uyğun olacaq.
Amma hələ ki, sürücülər parkomatlardan əziyyət çəkir, arada qazanansa, nəzarətçilərdir ki, yığdıqları pulun hara, hansı ünvana getdiyi də bəlli deyil.
Onu da qeyd edək ki, parkomatlarla bağlı məsələ ilk baxışda sadə görünə bilər. Əslində isə parkomatlar böyük gəlir mənbəyidir. Sosial şəbəkələrdə yayılan informasiyalara görə, yarım saatı 50, 1 saatı 1 manat olan hər parkomatlar günə təxminən 200 manat qazanc gətirir. Bir parkomatın aylıq gəliri isə hardasa 6 min manat hesablanır.
Məlahət Rzayeva