“Şəhərin gündüz saatı olduğu kimi, gecə saatı da olmalıdır”
"Yolun xətlənməsini, zolaqların çəkilməsini, gecə saatlarında da rahatlıqla icra etmək olar”
Bazar günü Bakı-Sumqayıt yolu gedənlər, anadan doğulduqlarına peşman oldular. "20 Yanvar” dairəsindən azacıq aralanmış "probka”ya düşdülər, çünki. Bəlkə də tıxac səhər saatlarından başlamışdı. Hər halda günorta 15:00-dan axşam 20:00-a kimi yol dəqiq tıxac idi. Avtomobillər hərəkət etmirdilər, sadəcə, addımlayırdılar.
Adamlar kimi. Tıxacın mənbəyinə yetişəndə isə məlum oldu ki, demə, tuneldə xətləmə işləri aparılır. Tunel hərəkətə bağlı olduğundan bütün avtomobillər dar yola yönləndirilib. İşin tərsliyindən də o dar yolda bir avtomobil xarab olub, qalmışdı. Sürücülər maşınlarını xarab olmuş, fəqət hərəkət zolağından uzaqlaşdırılmasını kimsənin ağlının ucundan belə keçirmədiyi bu maşının yanından sivişə-sivişə keçirirdilər. Sürücülərin dilində söyüşün biri 1 qəpik idi. Necə də olmasın? Bazar gününün o istisində, asfalt yolda saatlarla "iməkləyəsən”. Halın necə olar?! Bir neçə metrdən bir, motoru istidən tüstülənən avtomobillər ağızlarını göyə açıb dayanırdı. Bir tərəfdən də istidən xarab olan maşınlar yolda hərəkətə əngəl yaradırdı.
Sual olunur, tunelin xətlənməsini gecə saatlarında icra etmək olmazmı? Bakı-Sumqayıt yolunun onsuz da daim tıxaclı, çətin keçilən olduğu məlumdur. Günün günorta çağı əsas yolu bağlayıb, avtomobilləri dar cığıra yönləndirənlər həmin yolda yaşananları təsəvvür edə bilmirmi?
Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, paytaxtda bəzi zəruri işlərin gecə növbəsində icra edilməsi ənənəsi, təəssüf ki, hələ də formalaşmayıb:
- Bir sıra ölkələrdə bu təcrübə var. Bəzi işlərin görülməsini məhz gecə növbəsinə saxlayırlar ki, insanlar əziyyət çəkməsin. Yolun rənglənməsidir, xətlərin çəkilməsidir, su, kanalizasiya borularının dəyişdirilməsi, hətta asfalt salınması işləri də bəzən gecə saatlarında, gediş-gəliş azaldıqdan sonra görülür. "20 Yanvar” ərazisi hərəkətin ən sıx olduğu yerdir. Hər gün bu yolla milyonlarla avtomobil hərəkət edir. Ayırıcı xətlərin pozulması, görünməz olması, təbiidir. Amma bu o demək deyil ki, hərəkətin intensiv olduğu vaxtda yolu bağlayasan, tıxac yaransın. Yolun xətlənməsini, zolaqların çəkilməsini, gecə saatlarında da rahatlıqla icra etmək olar. Güclü işıq olduqdan sonra burada çətin bir iş yoxdur. Amma təəssüf ki, biz daim bunun əksinin şahidi oluruq. Əhalinin iş saatlarında, avtomobillərin intensiv hərəkətdə olduğu "ças-pik” saatlarda bir də görürsən, hansısa yol bağlandı, baxırsan ki, xətt çəkirlər, hardasa yer qazırlar. Bu işlər hərəkəti iflic edir, insanlar saatlarla tıxaclarda qalır, nevroz halı keçirirlər. Şəhərin gündüz saatı olduğu kimi, gecə saatı da olmalıdır. Şəhər təsərrüfatına cavabdeh qurumların əməkdaşları gecə saatlarında şəhəri gəzib, əyər-əskiyi qeydə almalı, təmir-bərpa işlərini icra etməlidirlər. Hərəkət zolağı yalnız zəruri hallarda, hansısa bir qəfil qəza, gözlənilməz hadisə, yol-nəqliyyat hadisəsi baş verdikdə bağlana bilər. Bu zaman da evakuator xidmətindən istifadə olunmalıdır. Xarab olmuş, əzilmiş avtomobillər dərhal hərəkət zolağından kənarlaşdırılmalıdır. Bunun üçün xüsusi zolaqlar olmalıdır ki, evakuator xidməti də, təcili yardım maşınları da, lap elə yol polisinin özü də hadisə yerinə yaxınlaşa bilsin. Yoxsa, görürsən ki, qəza baş verib, tıxac yaranıb, polis-patrul maşını da qalıb tıxacda. Hərəkət edə bilmir. Xüsusi zolaqlar olmadığından patrul xidməti maşınları tıxaclara da müdaxilə edə bilmir.
Məlahət Rzayeva