Ola bilsin ABŞ Rusiyada terrorçu xofu yaratmaq istəyir

“O, Rusiyanın şəhərlərində qanlı terror aktlarının şahidi ola bilərik” deyəndə, terrorçu çeçenlərin geriyə qayıtmasını nəzərdə tutub”
“Amma Kirbinin səsləndirdiyi fikir fərziyyə deyil, real faktlara söykənir”



ABŞ Dövlət Departementinin sözçüsü Con Kirbi Suriya problemi ilə bağlı danışarkən Rusiyanı İŞİD-lə təhdid edib. Con Kirbi bildirib ki, Suriyada daxili müharibə davam edərsə, bəzi qruplar savaşı qisas məqsədi ilə Rusiya ərazisinə daşıya bilər: "Biz Rusiyanın şəhərlərində qanlı terror aktlarının şahidi ola bilərik.

Bundan başqa, Suriyada daxili müharibəyə qarışmış Rusiya ordusunun əsgərlərinin cəsədləri də cəsəd torbalarında evlərinə dönər”. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, Kirbinin səsləndirdiyi fikir fərziyyə deyil, real faktlara söykənir: "İŞİD-in içərisində ABŞ-ın çox güclü agenturası işləyir. İŞİD meydan suladığı bölgələrdən geri çəkilir. Əgər Amerika ilə Türkiyə birgə hərəkət edərək Rakka şəhərini, İraq ordusu isə Mosul şəhərini tutarsa, İŞİD tamamilə məhv olacaq. Artıq terrorçuların sıralarında qopmalar başlayıb. Con Kirbi "Rusiyanın şəhərlərində qanlı terror aktlarının şahidi ola bilərik” deyəndə, terrorçu çeçenlərin geriyə qayıtmasını nəzərdə tutub. Çeçenlər müxtəlif yollarla öz vətənlərinə qayıda bilərlər. İŞİD-in sıralarında tacik, qırğız, Orta Asiya respublikalarının vətəndaşları var. Onların baxışları bütünlüklə zəhərlidir. Elə hesab edirlər ki, İŞİD-in iflasında ən böyük rolu Rusiya oynayır. Buna görə də, Rusiyaya qarşı ciddi təhdidlər irəli sürürlər. Ola bilsin, Kirbi hadisələri bir qədər şişirdir və Rusiyanı daha çox vahiməyə salmaq istəyir. Hazırda Rusiya-ABŞ münasibətləri son dərəcə pis vəziyyətdədir. Az qalsın müharibə vəziyyətinə yaxınlaşıb. Kiçik bir qığılcım bu məsələləri böyük partlayışa çevirə bilər”. Ekspert bildirib ki, İŞİD-in içərisində ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən idarə olunan bir qrup var: "İlk vaxtlar Səudiyyə Ərəbistanı Suriya Azadlıq Ordusunun qurulmasında iştirak etdi. Çox təəssüf ki, Suriya Azadlıq Ordusunun bir çox üzvləri İŞİD-in tərkibinə keçdi. Ərəbistanla Rusiyanın münasibəti normal deyil. Səudiyyə krallığının xarici işlər naziri danışarkən diplomatik normalardan kənara çıxır və Rusiyanı təhdid edən ifadələr işlədir. Ərəblər İrana hansı münasibəti bəsləyirsə, Rusiyaya da eyni münasibətləri bəsləyirlər. Çünki onlar düşünürlər ki, İranın gücləndirilməsi və hərbi potensialının artırılmasında Rusiya böyük rol oynayır. Xüsusilə, son "SS-300” və "SS-400” komplekslərinin İrana göndərilməsindən sonra Səudiyyə Ərəbistanı Rusiyaya daha da qəzəblənib. Ərəbistanın xarici işlər naziri deyir ki, biz bunun intiqamını alacağıq. Belə görünür ki, İŞİD-çilər ABŞ və Ərəbistan tərəfindən Rusiyaya yönləndirilə bilər”. Q.Hüseynli Con Kirbinin dediklərini həm də təhdid kimi xarakterizə edib: "Görünür ki, İŞİD-in axırına çıxmaq tamamilə mümkün olmayacaq. Onlar partizan müharibəsi şəklini seçib, dəstələrə bölünüb mübarizələrini davam etdirəcəklər. Bunun üçün münbit şərait isə Şimali Qafqazdadır. Şimali Qafqazın dağlıq zonaları, mağaraları partizan müharibəsi üçün əlverişlidir”.

İsmayıl