Sürətli və təhlükəsiz internet, peşəkar proqram təminatı deməkdir

İKT ilə bağlı qəbul edilən dövlət proqramı təqdir edilir



(Əvvəli ötən sayımızda)

İnformasiya texnologiyalarındakı inkişaf prosesi son illər özünü daha çox kütləvi informasiya vasitələrində göstərməkdədir. Xüsusilə 2005-ci ildən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən tədbirlər, internetə çıxış imkanlarının asanlaşması Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya yayan müxtəlif onlarla onlayn medianın yaranmasına səbəb olub. Eyni zamanda, xəbərləri qlobal şəbəkəyə yayan agentliklərin, lokal səviyyədə yayımlanan qəzetlərin belə internet saytları yaradılıb. Onlayn medianın yaranması və sürətli inkişafı medianın qarşısına yeni tələblər qoymaqdadır.

Bu həm internetin keyfiyyəti, həm yeni texnologiyalar və qlobal şəbəkədə dayanıqlığın təmin olunması, həm də internet medianın kadr təminatı ilə bağlıdır. Məhz bu məsələlərin həlli məqsədi ilə də dövlət bu ildən sonra onlayn medianın da inkişafına xüsusi diqqət ayıracaq.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqrama əsasən Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2016-2020-ci illərdə onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər görülməsini təmin etməlidir.

Yeni təsdiqlənmiş dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər 7 bölmədə ifadə olunub. Bütün fəaliyyətlər informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır.”İKT infrastrukturu və xidmətləri” bölməsində əsas diqqət çəkən fəaliyyət vətəndaşların internetə çatım hüququ ilə bağlıdır. Proqramda genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyət 2017-18-ci illərdə reallaşdırılmalıdır.

Bundan başqa, telekommunikasiya və informasiya infrastrukturunun daha da inkişaf etdirilməsi, rəqəmsal televiziya yayımına keçidin başa çatdırılması, analoq yayımın dayandırılması nəzərdə tutulub.

"Yüksək texnologiyalar sektorunun inkişafı” bölümündə yüksək texnologiyalar sahəsində innovativ və elmi-texniki fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi əksini tapıb.

Sənədə əsasən İKT sahəsində innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması layihələrinə dəstək göstərilməlidir. İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən biznes münasibətlərinin hüquqi təkmilləşdirilməsi, habelə bu sahədə biznes fəaliyyətinin təşviqi də nəzərdə tutulur. Digər bölmələrdə genişzolaqlı internetə qoşulan təhsil müəssisələrinin sayının artırılması, təhsilin bütün pillələrində informatikanın tədrisi üzrə təkliflərin hazırlanıb, həyata keçirilməsi əksini tapıb. Elektron səhiyyə sisteminin formalaşdırılması istiqamətində tədbirlərin görülməsi də dövlət proqramına daxil edilib. Belə xidmətlərdən daha rahat istifadə etmək məqsədi ilə vətəndaşların İKT biliklərinin artırılması da nəzərdə tutulur. Milli kontentin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlər dövlət proqramında ayrıca bölmədə əksini tapıb. Həmin bölməyə görə, onlayn medianın inkişaf etdirilməsindən ötrü 2016-20-ci illərdə tədbirlər görülməlidir.

Sözügedən sərəncamdan media nümayəndələrinin gözləntilərinə gəldikdə isə onlar Prezidentin imzaladığı "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın internet medianın inkişafı üçün böyük perspektiv açdığını qeyd ediblər. Baş redaktorların hesabınca, bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov onlayn mediaya dövlət tərəfindən diqqət göstərilməsini müsbət hal kimi dəyərləndirib: "Bu gün artıq dünyada informasiya ən güclü silahlardan biridir. Düşünürəm ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına öz töhfəsini verəcək. Əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli internetlə təmin olunması, bütövlükdə cəmiyyətdə İKT-dən istifadənin genişləndirilməsi üçün atılmış bir addımdır. Aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının İKT imkanlarından bəhrələnməsi cəmiyyətin bütövlükdə inkişafı, dünya ilə ayaqlaşması deməkdir”.

M.Gülməmmədovun sözlərinə görə, bu sərəncam elmi tədqiqatların aparılması üçün yüksək texnologiyaların inkişafı və iki sahə arasındakı əlaqələrin gücləndirilməsi ilə elm adamlarımız üçün də böyük imkanlar yaradacaq: "Bu proqramdan əlbəttə ki, ən çox yararlananlardan biri də onlayn mətbuat olacaq. Həm informasiya təhlükəsizliyi, həm də yüksək texnologiyalardan istifadə onlayn mətbuat istifadəçilərinin və bu sahə ilə məşğul olan şəxslərin işinə müsbət mənada öz təsirini göstərəcək. Sadə desək, bu, sürətli və təhlükəsiz internet, peşəkar proqram təminatı deməkdir. Məlumatları daha sürətli əldə etmək, ötürmək onlayn mətbuat və inkişafı üçün vacibdir. Düşünürəm ki, bu sərəncam öz bəhrəsini verəcək”.

Milli.az informasiya portalının baş redaktoru Anar İmanov isə deyib ki, sözügedən dövlət proqramı Azərbaycanda sadəcə onlayn media yox, ümumiyyətlə, informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafını ehtiva edir: "Yüksək texnologiyalar sektorunun inkişafı, e-səhiyyə, e-vətəndaş, İKT sahəsində kadr hazırlığı səviyyəsi, informasiya təhlükəsizliyinin təmin edilməsi və milli kontentin inkişaf etdirilməsi kimi məsələlərin həllinə yönəlmiş proqramda onlayn medianın güclənməsinə ciddi diqqət ayrılması nəzərdə tutulub. Bu, sadə dillə desəm, ciddi, nüfuzlu və populyar xəbər saytlarının maliyyə imkanlarının daha səbatlı olması üçün şərait yaradacaq. İllah da ki, proqramın özündə də həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin müəssisə və təşkilatların vəsaitləri ilə yanaşı, kreditlər və qrantlar hesabına reallaşdırılacağı vurğulanır.

Bu isə Azərbaycanın virtual məkanında xüsusi yerə və çəkiyə malik onlayn-media vasitələrinin, yəni xəbər saytlarının inkişafı istiqamətində hazırda üzləşdiyimiz problemlərin əhəmiyyətli hissəsinin çözülməsində dövlətin bilavasitə maraqlı olduğunu göstərir”.

A.İmanov hesab edir ki, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nı eyni zamanda əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqliliyin” azaldılmasını, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılmasını, tranzit informasiya xidmətləri genişləndirilməsini nəzərdə tutan dövlət proqramında göstərilən işlər gerçəkləşərsə, onlayn medianın oxucularının sayı dəfələrlə artacaq ki, bu da xəbər saytlarının informasiya, maliyyə, texniki və s. sahələrdə imkanlarını əhəmiyyətli şəkildə gücləndirəcək.

"Trend” informasiya agentliyinin baş redaktorunun müavini Azər Niftiyev isə cənab Prezident İlham Əliyevin ölkə mətbuatının inkişafını əsas fəaliyyət istiqamətlərindən birinə çevirdiyini deyib: "Biz bunu ölkə mətbuatı və jurnalistlərinə dəstək məqsədilə fondun yaradılması zamanı, medianın dövlət tərəfindən maliyyələşdirilməsi zamanı, jurnalistlər üçün bina inşa edilməsi zamanı, eyni zamanda Prezidentin məmurlara çağırış edərək, onlardan jurnalistlərə fəal işləməyi tələb etməsi zamanı aydın görmüşük.

"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, əsası Cənab Prezident İlham Əliyev tərəfindən qoyulan və mediaya dəstəyi özündə ehtiva edən ənənəvi siyasətin davamıdır. Hesab edirəm ki, bu qərar ölkə mediasının qarşısında böyük imkanlar açacaq”.

Davamı olacaq ...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb