Payızda qrip, soyuqdəymə tüğyan edir

Həkimlər məsləhət görür ki, bu aylarda düzgün qida formalarına fikir vermək lazımdır


Payızın gəlişi ilə hər birimizin orqanizmində bir çox dəyişikliklər baş verir. Mövsüm dəyişikliyi ilə əlaqədar yoluxucu xəstəliklərin sayı da artmaqdadır. Payız soyuqdəymə ilə başlayan və ağır fəsadlar yarada bilən xəstəliklər fəslidir.

Həm psixoloji, həm də fizioloji baxımdan təzadlı olan bu fəsildə xüsusilə xroniki xəstəliklərin özünü büruzə verməsi faktdır. İmmunitet zəifliyi yarandıqca, qrip, astma, bronxit və soyuqdəymə kimi müxtəlif xəstəliklər meydana çıxır. Belə ki, payızda günəş şüaları azaldığı üçün fiziki stress artır. Bədən zəiflədiyi üçün xəstəliyə yoluxma daha tez baş verir. Həkim-infeksionist Mehdi Mehdiyev isə "Şərq”ə açıqlamasında xəstəliklərin qarşısını almaq üçün müxtəlif peyvəndlərin vurulmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə payız aylarında bir çox infeksion xəstəliklər, qrip və müxtəlif virus xəstəliklərinin sayı da çoxalmağa başlayır: "Payız fəslində yuxarı tənəffüs yollarında ciddi soyuqdəymə halları baş verir. Bir sıra infeksiyalar bu fəsildə özünü daha qabarıq formada əks etdirir. Əgər insanlar bu xəstəliklərə qarşı lazımlı peyvəndləri vurdursalar, onlarda qrip viruslarına qarşı güclü immunitet sistemi əmələ gələr”. Xəstəliklərin baş verməsinin əsas səbəbi kimi immunitet zəifliyini göstərən həkim, təbii yolla viruslardan qorunmaq üçün əsas olaraq immunitet sisteminin gücləndirilməsini söylədi: "Bunun üçün düzgün formada qidalanmaq əsas şərtdi. Mütəmadi şəkildə idmanla məşğul olmaq lazımdır. Düşünürəm ki, insanların vaxtaşırı olaraq infeksiyalar haqqında məlumat əldə etmələri də vacibdir”.

Yeganə Bayramova