Gərginlik artır, ailələr dağılır

Evdə uşaq valideynləri, arvad ərini, ər arvadını dinləmir
Lalə Mehralı: “Məktəblərdə də sosioloqların olması psixoloqlardan daha vacibdir”

Azad İsazadə: "Əgər uşaq ailədə zorakılıq görürsə, atasının anası ilə necə qəddar
davrandığının şahidi olursa, sabah eyni hərəkətləri o da təkrarlayacaq”


Ailə problemləri Milli Məclis kürsüsündən də səsləndirilir artıq. Xanım millət vəkili Gövhər Baxşəliyeva parlamentin payız sessiyasının ilk iclasında ailədaxili münaqişələrin artması ilə bağlı narahatlığını ifadə edib. "Ailədaxili münaqişələr dəhşətli cinayətlərlə nəticələnir. Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz düşmənə çevrilir? Hətta o dərəcədə ki, cinayətlərə əl atırlar. Ər arvadı baltalayır, arvad əri bıçaqlayır” deyən xanım deputat təklif də irəli sürüb. G.Baxşəliyeva orta məktəblərdə ailədə etik məsələlərin tədrisini məsləhət görüb: "Gənc yaşlarından məktəblilərə ailədaxili sivil münasibətləri aşılamaq lazımdır. Bəlkə bununla bağlı tədris proqramına dərs saatı salmaq da yaxşı olardı”.

Xanım deputatın qaldırdığı məsələ artıq illərdir ki, gündəmdədir. Vaxtilə öyündüyümüz möhkəm Azərbaycan ailəsi modeli hamının gözü qarşısında kərpic-kərpic sökülür. Bir də gözümüzü açıb görəcəyik ki, yerində sadəcə, daş yığını qalıb. Amma bu məsələnin haradan, nədən qaynaqlandığı öyrənilmir, problemin dərininə varılmır. Bəlkə buna görədir ki, problem də həll edilməmiş qalmaqdadı.

Məktəbdə psixoloqları sosioloqlar əvəzləsin...

Sosioloq Lalə Mehralı bu fikirdədir ki, orta məktəblərdə psixoloq ştatı əvəzinə sosioloqlar olsa, problemlə daha effektli mübarizə aparılar:

- Biz bir şeyi anlamalıyıq və qəbul etməliyik ki, ailədaxili münasibətlər sosioloji problemdir. Ailədə gərginlik varsa, ilk öncə sosioloji tərəfləri araşdırılmalıdır. Məktəblərdə də sosioloqların olması psixoloqlardan daha vacibdir. Psixoloji problemlərin çoxu əslində sosioloji problemlərdən doğur. Müəllim də, sosioloq da şagirdlərlə işləməlidir və şagirdin ailəsinə bələd olmalıdır - bu şagirdin ailəsində vəziyyət necədir, ailə tamdırmı, yarımçıqdırmı, uşağın hansı çətinlikləri var və s. Ailədə, uşağın böyüdüyü mühitdə vəziyyət necədirsə, uşaq da onu görüb-götürür. Əgər ailədə mehribanlıq, səmimiyyət, xoş davranış, ata-ananın biri-birilə səmimi münasibəti, qarşılıqlı hörmət yoxdursa, o uşaq məktəbdə bir, ya iki saat ailə etikası dərsi keçməklə həyat dərsi öyrənən deyil. Sovet sistemində təhsil alanlar bilir ki, o zaman məktəblərdə "insan olmaq dərsi” keçilmirdi. Bu, hətta bir az gülüncdür, kiməsə öyrədəsən ki, arvadı döymək olar, ya olmaz. Evdə kişiyə necə hörmət etmək lazımdı və s. Bu şeylər məktəbdə dərs keçməklə əxz edilmir. Bunlar həyat dərsləridir və şəxsi təcrübədən, gördüyün nümunədən qaynaqlanır.

Mən sovet imperiyasının artıq süqutu zamanı məktəbə getmişəm, amma biz həmin təhsil sisteminin bazasında oxumuşuq. Bizim yaşlı, saçı ağarmış müəllimlərimiz vardı. Onlar elə özləri bir nümunə, örnək idilər. Davranışları ilə, danışıqları, uşaqlara yanaşma tərzləri, yaşadıqları həyat ilə. Amma nə etdilər, müəllimlərə yaş senzi tətbiq olundu, yaşlı, təcrübəli müəllimlər məktəblərdən uzaqlaşdı. İndi elə müəllimlər var ki, axşam baxa bilmədiyi dizinin növbəti bölümündə nələr baş verdiyini şagirdlərdən soruşur. Hər xalqın, hər millətin dəyərlər sistemi var. Azərbaycan xalqının dəyərlər sistemində valideynlə övlad arasında "pərdə” var. Analar qızları ilə "gizlin mövzular”da danışmır, atalar da oğullarına başa salmır ki, qadına əl qaldırmaq olmaz, bu, kişinin acizliyidir, kişi özünü necə aparmalıdır və s. Qız da, oğul da ailədə gördüyü nümunəni gələcək həyatında tətbiq edir. Amma nəzərə alsaq ki, dünya 50 il əvvəlki deyil, çox şeylər dəyişib, bəli, "ailə dərsləri”nə ehtiyac yarandığı üzə çıxır. Çünki indi elə valideynlər var, uşaqlarının üzünü gecə yatanda görə, ya görməyə. Uşaq hara getdi, hardan gəldi, məktəbdə özünü necə aparır, tədrisi necədir? Bəzi valideynlər bunlardan xəbərsizdi. Elə valideynlər var, başı şəxsi işlərinə qarışıb, uşaq yaddan çıxıb, eləsi də var, gündəlik çörək pulu qazanmaq fikrindədir, uşaqla maraqlanmağa vaxt tapa bilmir. Ona görə deyirəm ki, ailədaxili münaqişələr daha çox sosioloji problemlərdən qaynaqlanır. Məktəblərdə də sosioloqların işləməsi daha

əhəmiyyətlidir. Bizim Əhməd Qəşəmoğlu kimi təcrübəli, güclü sosioloqlarımız var. Təsəvvür edin ki, belə bir sosioloq məktəbdə həftədə 1 dəfə şagirdlərin qarşısına çıxır. Görün, şagirdlər ondan nə qədər gərəkli dərs ala bilər. Tək məktəbdə dərs keçməklə də iş bitmir. Məktəbdə keçilən dərs evdə davam etməlidir. Uşaq üzərində məktəb və ailə-ev bərabər işləməlidir.
L.Mehralı Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bununla bağlı birgə layihə icra etməli olduğunu da bildirdi.

Yalançı namus təəssübkeşləri

Psixoloq Azad İsazadə isə bu fikirdədir ki, ailədaxili münaqişələrin ağır cinayətlərlə nəticələnməsi ümumən cəmiyyətdə zorakılıq və aqressiv meyillərin artmasından irəli gəlir:

- Aqressiya birdən-birə baş vermir, cəmiyyətdə yavaş-yavaş böyüyür, özünə yer eləyir. Belə vəziyyətdə insanlardan istənilən hərəkəti gözləmək olar. Sosial aqressiyanı doğuran səbəblərsə biri-birimizi dinləməməyimizdir. Dialoq mədəniyyətinin olmamasıdır. Evdə uşaq valideynləri dinləmir, arvad ərini, ər arvadını dinləmir. Məktəbdə şagirdlər müəllimləri dinləmir, məmurlar vətəndaşları. Biri-birimizi eşitmək istəmirik. Yığılıb qalan problemlər də bəzən aqressiyanın üzə çıxmasına səbəb olur. Burada təbii ki, mentalitet, adət-ənənə məsələsi də var. Biz qafqazlıyıq. Və bilirik ki, qafqazlı üçün namus, qeyrət hər şeydən öndədir. Amma son illər yalançı namus təəssübkeşləri peyda olub. Öz əməllərinə "ədalət” donu geyindirmək üçün qadını namussuzluqda suçlayırlar. Bir növ, "namus pərdəsi”nə bürünürlər. Bəlkə, reallıqda heç belə deyil. Həyat yoldaşına bıçaq çəkən, öldürmək istəyən, evdən qaçan gəlinlər, bəlkə heç əxlaqsız deyillər. Belə deyirlər ki, başqasının evi, qaranlıq meşədir. Orada nə baş verdiyini dəqiq ancaq ev adamları bilir. Amma ev adamları da özlərini haqlı çıxarır. Kişi qadından narazıdır, qadın kişidən. Ana gəlindən, gəlin qayınanadan. Bizim cəmiyyətin naqisliyi bundadır ki, biz evdən qaçan qadınları əksər hallarda namussuz hesab edirik. Və qadının düzgün hərəkət etmədiyini deyirik. Biz azərbaycanlılar üçün hələ də bu təfəkkür möhkəmdir ki, qadın ərinin hər hərəkətinə dözməlidir, ailəsini dağıtmamalıdır. Baxmayaraq ki, çox hallarda boşanmalar məhz kişilərin ucbatından, onların ailəyə baxmaması, qadını təmin etməməsi, uşaqlarına qayğı göstərməməsi səbəbindən baş verir. Yenə də əksəriyyətimiz kişinin tərəfini tutur, qadını dözümsüzlükdə günahlandırırıq. Qadın da insandır. Onun da normal yaşamaq haqqı var. Ailə dağılmasına görə qadınları günahlandırmaq da adət-ənənədən gəlir. Biz qafqazlılar üçün qadın hələ də ailə qoruyucusudur və kişi hara getsə də, qadın evdə qalıb uşaqlarına baxmalıdır. Biz bu missiyanı qadınlara özümüz pərçimləmişik. Kişi evdə olmaya bilər, amma qadın mütləq evdə olmalıdır. Səhvimiz ondadır ki, qadından çox şey tələb edirik, kişini isə ailə yükündən demək olar ki, azad edirik.

Cəmiyyətdə də bu mövqe üstündür; namus, qeyrət üstdə qadını öldürmək də olar! Cəmiyyətin bu cür soyuq mövqeyə malik olması zorakılıqları, cinayətləri daha da artırır. Biz hələ də belə səhv bir psixologiyaya malikik. Bir qadının, qızın döyüldüyünü, evdən qovulduğunu, işgəncə verildiyini eşidəndə, ilk ağlımıza gələn bu olur ki, yəqin, kişinin sözündən çıxıb, ya da namus məsələsidir. Amma düşünmürük ki, ailəsinə qarşı zorakı davranan bəlkə işsizdir, evə pul gətirmir, ailə ehtiyac içindədir, bəlkə narkomandır, narkotik asılılığı var. Bəlkə o elə uşaq vaxtından aqressivdir, ata-anasına qarşı da zorakı davranıb, onların məsləhətlərinə heç vaxt qulaq asmayıb. Evlənəndə də bu xüsusiyyətlər ondan getməyib. Eyni aqressiyanı evdə xanımına qarşı da göstərir.

Psixoloq qeyd etdi ki, ailədaxili münaqişələrin sayını azaltmaq üçün tərbiyəvi, maarifləndirici işlərin aparılmasına ehtiyac var:

- İnsanın mayası mərhəmətlə yoğrulub. Amma o, qəddarlaşırsa, deməli, işlər düzgün aparılmayıb. Biz dəfələrlə bu mövzuya toxunmuşuq ki, uşaqların tərbiyə işi düzgün qurulmalıdır. Mənəvi dəyərlər onlara aşılanmalıdır. 10-15 il əvvəl dünyaya gəlmiş uşaq bu gün artıq yeniyetmədir. Əgər evdə, ailədə zorakılıq görürsə, atasının anası ilə necə qəddar davrandığının şahidi olursa, sabah eyni hərəkətləri o da təkrarlayacaq. Biz öz əlimizlə özümüzü ölümə, fəlakətə sürükləyirik. İnsanlarda mərhəmət, şəfqət, ata-anaya, doğmalara qarşı ülvi hisslər tərbiyə etmirik.

Məlahət Rzayeva