Gülnarə Kərimovanı dəlixanada elə-belə saxlamırlar

“Varis qız ipə- sapa yatmazdı, hakimiyyətə iddialıdı”



Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova psixiatrik klinikaya yerləşdirilib. Bu barədə "Asia Terra” informasiya agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, G.Kərimova atasının da dəfnində iştirak etməyib: "G.Kərimova 2013-cü ildən ictimai diqqətdən, bütün rəsmi, o cümlədən qeyri-rəsmi işlərdən kənarlaşdırılıb.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli söyləyib ki, G.Kərimova çox ərköyün və eyni zamanda dövlətin işlərinə qarışan şəxs idi. Atası onu siyasi proseslərdən uzaqlaşdırmışdı: "İ.Kərimovun yurdunda iki qızı qalıb. Onlardan biri sakitdir. Dövlətin işlərinə qarışmır. Amma G.Kərimova kifayət qədər siyasi baxımdan aktiv və hakimiyyətə iddialı xanımdır. Hazırda Özbəkistanda prezident səlahiyyətlərini icra edən Şavkat Mirziyaev G.Kərimovanı neytrallaşdırmağı çoxdan düşünürdü. Neytrallaşdırdı da. Zənnimcə, Ş.Mirziyaev hakimiyyəti əlində saxlamaq üçün çox hakimiyyət resurslarından istifadə edir. Onun digər rəqiblərinə qarşı da ehtiyatlı davranmasına dair məlumatlar gəzir. Belə olan halda söyləmək mümkündür ki,

Mirziyaev prezidentlik kürsüsünə sahiblənmək üçün mümkün olan bütün üsullardan istifadə edir və bunların içərisində də G.Kərimovanın neytrallaşdırılması öndə gəlir. Ona görə ki, G.Kərimovanın hakimiyyət dairələrində kifayət qədər tərəfdarları vardı. Prezidentliyə namizədlər içərisində də G.Kərimovadan bir kart kimi istifadə etmək niyyətində olanlar da vardı. Məsələn, Mirziyaev hakimiyyətə gəlmək şansları artdığı halda prezidentliyə digər namizədlər G.Kərimova ilə onun əleyhinə birləşə bilərdilər. Hər halda G.Kərimova Özbəkistanda Mirziyaev üçün ən qorxulu və təhlükəli adam idi. Onu da neytrallaşdırdılar. Xüsusilə ona ruhi xəstə damğasının vurulması bu şəxsin siyasi proseslərə müdaxilə ilə gələcək yolunu bağlayır. Nəticədə Mirziyaevin prezident kürsüsünə qalxması üçün şanslar yaranır”.

Ayyət Əhməd