Müəllim: Bütün ömrüm boyu əllərini öpsəm, yenə də az olar

Sosial şəbəkələrdə Müəllimlər Günü onların obrazını elə gözəl cızdılar ki, sevdik, yenə sevdik...
 
5 oktyabr Beynəlxalq Müəllimlər günü idi. Həmin gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı idi. 5 oktyabrın qeyd olunması bir növ müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkmək üçün nəzərdə tutulub. Məhz bu səbəbdən son günlərin əsas mövzusu müəllimlərdi, hamı bu haqda danışır və müxtəlif yanaşmalar ortaya qoyur.
Təhsil sahəsindəki müəyyən çatışmazlıqlar və məktəblərdəki korrupsiya səbəbindən müəllimlər zaman-zaman qınaq obyektinə çevrilsə də, bayram günündə əksəriyyət öz tənqidlərini təbriklərlə əvəzləyib. Biz də "Şərq” olaraq ictimai sahədə tanınan bir neçə sosial şəbəkə istifadəçisinin Müəllimlər günü ilə bağlı paylaşımlarını yaydıq ki, həm internetə çıxışı olmayan oxucularımız ictimaiyyət üzvlərinin müəllimlər haqqında düşüncələri ilə tanış olsun, həm də onların "feysbuk gündəliyi” tarixdə qalsın!
Gənc şairə Günel Treu:
"Universitetdə o qədər gözəl müəllimlərim olub ki, bütün ömrüm boyu əllərini öpsəm, yenə də az olar. Müəllimə rüşvət vermək nə deməkdir anlamıram, təsəvvür belə edə bilmirəm, çünki görmədim! Oxumasaydıq, gözümüzü çıxarardılar! Həmişə mənə maraqlı gəlib ki, insan savadsız qalmaq üçün müəllimə pul verməkdən utanmazmı? Və ya müəllim rüşvət almaqdan qızarmazmı? Bu qədərmi şəxsiyyəti yerlərdədir? Mən müəllim olaraq vicdanlı olmağı da, savadı ilə yaşamağı da, fərqli metodikanı da onlardan öyrəndim. Sizi çox istəyirəm, əziz müəllimlərim, xətriniz mənim üçün həmişə əzizdir, çox yaşayın”.
İqtisadçı-ekspert Samir Əliyev:
"Əgər bu gün cəmiyyətə hansısa faydam dəyirsə, bunun səbəbkarı müəllimlərimdir. Müəllim olmaq üçün müəllim vəzifəsində işləmək vacib deyil. Mənim müəllimlərim həm evdədir, həm məktəbdədir, həm də işdədir. Müəllim olmaq çətindir. Onu hər adam bacarmaz. Bu gün müəllim peşəsinə dırnaqarası baxdığımız üçün onların cəmiyyətə töhfəsi də dırnaqarasıdır. Nə vaxt müəllim peşəsinə hörmət edəcəyik, yüksək sosial təminat verəcəyik, onda qazancımız da çox olacaq. Özünü müəllim sayanları təbrik edirəm!”
"Azvizion” saytının baş redaktoru Vüsal Məmmədov isə Beynəlxalq Müəllimlər günü münasibəti ilə çox qısa və lakonik bir paylaşım edib: "Kaş ki, "müəllim” anlayışı biz uşaq olandakı kimi qalaydı”.
İllərdir Müəllim günü ilə bağlı pulyığma söhbətlərinə qulaq şahidliyi etdiyini vurğulayan jurnalist Naibə Qurbanova isə belə yazıb: "Bu il Sədi hazırlığa gedir deyə artıq prosesdə iştirakçıyam. Və şokdayam...
Müəllimə rus millətindən olan, maddi vəziyyəti yüksək sayılacaq bir qadındır. Qonşumuzdur. Bahalı avtomobili, evi-eşiyi... yəni hər şeyi var. Keçən həftə görüşmüşük. Hamıya dedi ki, sizin verdiyiniz qəpik-quruş (elə belə də dedi) mənə lazım deyil. Bu gün görürəm bir-iki yağlıbaş arvad vhatsapda qrup yaradıb məni də ora qatıb, deyirlər pul yığırıq. Ki... uşağımızın ilk ilidir, qoy L... xanım haqqımızda pis fikirləşməsin.
Siz deyin, indi bu müəllimə gərək bu qanmazların üzünə tüpürsün ki, ona pul təklif etməsinlər? Bu boyda qarğış, söyüş, təhqir, "qadağa”ya rəğmən şagirddən hədiyyə gözləyən və alan müəllimin də maket, yoxsa adam olduğu bir ayrı mövzudur”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu:
"Müəllim adı... İndi bu ad çox adiləşib, çox bəsitləşib. Halbuki, bu adda bir ecazkarlıq, bir iftixar, bir qüdrət var idi! Ən böyük fikir adamlarını, dünya fatehlərini yetişdirənlər məhz müəllimləri olmamışdımı?
Lakin dəyərini itirmişik bu adın. Bəlkə hər şeyin dəyərinin itirildiyi bir zamanda, bunun qiymətini bilməyəcək qədər bəsitləşməmizdədir səbəb. Bəlkə də, bu adın qiymətini tam mənası ilə ödəyə bilməməyimizdə....
Müəllim adına hər kəs layiq ola bilməz. Bu ada layiq olmaq, qaranlıqda bir işıq olmağa bənzəyər. Hər müəllim vəzifəsində çalışana da bu ad yaraşdırılmaz! Bəlkə də üzdə "müəllim” deyə, xitab edərlər. Amma dildə deyil, ürəklərdə bu adı qazanmış olanlara Müəllim deyilər!
Əsl müəllim bir ruh adamıdır. Zəngin mənəvi dünyaya açılan bir qapıdır. Nə olur olsun, öz şagird və tələbələrinə dayaqdır! Gələcəkdə acımasız həyatın onların zərif çiyinləri üzərinə qoyacağı yükü öz elmi ilə yüngülləşdirən bir yolgöstərəndir. Müəllim budur!
Bir müəllim təkcə elm öyrətməz, həm də öyrənər. Öyrənər ki, tükənməsin. Tükənərsə, ona ümid kimi baxan şagirdlərinin, tələbələrinin sabaha olan inamını öldürər. Çünki onları həyatın ən çətin, ən qorxulu sınaqlarına hazırlayan bir şəxs kimi zəif olmağa, tükənməyə haqqı yoxdur!
Bir müəllim, həm də bir qazidir! Çünki o, cəhalət, mövhumat, gerilik və savadsızlıqla cihad edir! Hər gün savaşır! Və hər gün gələcəyin bünövrəsini təşkil edəcək bir fidana az da olsa nəsə öyrədirsə, savaşda qalib gəlir! Ömrünü, bütün həyatını buna həsr edər müəllim! Ən böyük müəllimimiz - Peyğəmbərimizin bildirdiyi kimi, mürəkkəbindən düşən bir damcı belə şəhid qanından üstün sayılır. Ömrünü fidan gənclərə, savadsızlara, cahillərə elm, bilik və mərifət öyrətməyə həsr etmiş ustad müəllimlər vəfat etdikləri zaman şəhid sayılarlar!
Çətindir müəllim olmaq, amma böyük bir üstünlüyü də var. Bu üstünlük həmişə şagirdlərinin və tələbələrinin xatirəsində yaşamaq, unudulmamaqdır! Bir müəllimin ən böyük qazancı budur! Əbədi həyat! Əziz müəllimlərim, bayramınız mübarək olsun! Bu dünyada olmasa da, o dünyada layiqli yerinizi tutmağınız diləyi ilə...”
Yazar Sevinc Elsevər:
"Müəllim təkcə o adam deyil ki, sən parta arxasında oturasan, o, lövhə qabağında dayana. Əlində qələmlə sənə "2”, və ya "5” yaza. Yaxud əlində çubuq ola, ya da ki telinə sığal çəkə ... Elə adamlar olub ki, onlar mənə dərs dediklərinə görə maaş almayıblar. Amma onlardan da çox şey öyrənmişəm. Onların içində yaşlı olanlar, uşaq olanlar , yaşıdım olanlar da var. Bir də uşaqlıqdan bəri müəllimlərimlə dost olmağı bacarmışam. Onların hansı ilə dostamsa, demək, vicdanına, şəxsiyyətinə yerdən-göyə qədər sayğım var ki, dost olmağı bacarmışam. Bəlkə yaşlananda özüm də müəllim oldum! Onu da bilmək olmaz! Dostluğumdakı bütün müəllimlərin bayramı mübarək olsun!”
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə öz səhifəsində 1-ci sinfə getməyini, müəllimlərini bu günə kimi xatırladığından yazıb: "İllər keçdi. Yaşlandım. Amma uzun illər Şəkiyə gedəndə hansı müəllimimi gördümsə, ayağa qalxdım. Onlar hamısı bu hörmətə layiq idi. İstərdim ki, indi də ölkəmdə müəllim nüfuzu artsın, övladlarım, nəvələrim yaşlarından asılı olmayaraq müəllim görəndə ayağa qalxsın! Desinlər: "Qalxın ayağa, müəllim gəlir!”
Yazar Qismət Rüstəmov: "İşə dərs başlamamışdan bir saat qabaq gələn, dərs bitəndən bir saat sonra kitabxananın sakit bir küncündə hansısa kitabın üstünə əyilib səbrlə qeydlər götürən, əlində həmişə portfel, beli çox vaxt bir az əyri, saçları seyrəlmiş, ilboyu eyni paltarı geyinən, öyrətdiyini başa düşən bir nəfər görəndə gözləri parıldayan, üzü gülən, içi intəhasız bir fərəh hissi ilə dolan... bütün müqəddəslərin - müəllimlərin bayramı mübarək olsun!”.
Gənc yazar Ayxan Ayvaz isə statusunda müəllimi ilə bağlı bir xatirəsini paylaşıb: "Tələbə vaxtı mənim sevdiyim bir ingilis dili müəllimi vardı. Uzun, sarışın, gözəl-göyçək bir müəllim. Mənim kimi dəcəl, ipə-sapa yatmayan adam onun dərsində quzu olurdu, qabaq partaların birində əyləşib müəllimin dediklərinə mahnı kimi qulaq asırdım. Sevmək də mahnıya bənzəyir, sözləri yadından çıxsa da, musiqisi həmişə beynində fır-fır dolanır. Artıq qrup yoldaşlarım duyuq düşmüşdü, hərdən onun dərsində mənə söz atırdılar. Deyirdilər, get sevgini etiraf elə.
Bir dəfə yenə ingilis dili dərsi idi. Müəllim bir az gecikmişdi. İçəri girən kimi çantasını eşələməyə başladı. Düz mənim yanımda durmuşdu, ətrinin qoxusu üzümü yalayırdı. Bir yığın şəkil çıxarıb qabağıma tökdü. Key-key ona baxırdım.
- Bu mənim yoldaşımdı, iki ildir evliyik. Bu da oğlumdu”.
Millət vəkili Fazil Mustafa da bayram münasibəti ilə müəllimləri təbrik edib: "5 oktyabr YUNESKO tərəfindən Müəllimlər günü olaraq müəyyənləşib. Bəlkə də peşə bayramları içində ən ürəyimə yatanı bu gün sayıla bilər. Müəllimə həqiqətən dəyər vermək lazımdır, o cəmiyyətdə ki, bu sayğınlıq var, tərəqqi və müasirlik özlüyündən təmin olunur. Öz peşəsinə layiq olmayan müəllimlər də az deyil, bunun qarşısını almağın yeganə yolu, müəllimliyin peşə olaraq nüfuzunun qalxmasıdır, məsuliyyətinin insanlara anladılmasıdır. O halda bu peşəyə daha dürüst, vicdanlı və savadlı insanlar gələcəklər. Bu həm də o halda baş verə bilər ki, cəmiyyətdə ən yüksək maaş müəllimin maaşı olsun! Dərs deyən insanın şagirdə, tələbəyə bilik verməsi üçün yaşam sıxıntısı, məişət qayğıları az olmalıdır. Çünki kiməsə nəyisə öyrətmək həm enerji itirməklə, həm də psixoloji gərginliklə müşayiət olunur. Bu gün mən ilk olaraq qələm tutmağı, əlifbanı öyrədən ilk müəllimim Məsmə müəlliməyə zəng edərək təbriklərimi çatdırdım. Üzərimdə valideynlərimdən sonra haqqı olan ən dəyərli insan! Qəribədir ki, mən özümü onun qarşısında yenə də bir məktəbli kimi hiss edirəm, o isə mənə Fazil müəllim deyə müraciət edir. Açığını deyim ki, ilk müəllimim bu müraciət formasından utansam belə, hər halda müəllimi tərəfindən bu cür müraciətə layiq görülmənin qürurunu da hiss edirəm. Allah dəyərli müəllimlərimizi qorusun, bizi savadsızlıqdan, cahillikdən hifz etsin, insanlarımızı təhsilə daha vicdanla, məsuliyyətlə yanaşmaq üçün yetkinləşdirsin, təhsilimizi naşılıqlardan, geriçilikdən uzaq tutsun. Allah bizləri də Azərbaycanın ən şərəfli tarixini başladaraq ilk dəfə cahil sürüsünün müqavimətini qıraraq Qız Məktəbi açan Zeynalabdin Tağıyevin əməllərinin davamçısına çevrilməyi qismət etsin! Bir daha müəllim adını daşımağa haqqı çatan vətəndaşlarımızı təbrik edirəm”.
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy isə virtual dostlarına müəllimləri çox qınamamağı məsləhət bilib: "Unutmayın ki, onlar da cəmiyyətimizin bir parçasıdırlar. Xəstə ayaq əvəzinə sağlamını kəsən həkimlərimiz, bir mənzili 5 nəfərə satan iş adamlarımız, vəziyyətdən sui-istifadə edib az qala dədəsinin də qiymətini məhsulun üstünə yapışdıran işbazlarımız, qəbulundakı insanlara gözünün ucu ilə baxmağı belə özünə yaraşdırmayan məmurlarımız olduğu kimi, valideynə "pul kisəsi”, şagirdə toyuq-cücə kimi baxan müəllim adını daşıyanlarımız da var. Amma bu, bizə əsas vermir ki, böyük bir ordunun üstünə gedək. Unutmayaq ki, hər bir cəmiyyət həm də müəllimlərinə borcludur. Mənim gözəl müəllimlərim olub, bu gün də var, atam başda olmaqla onların hər birinə hər zaman ehtiram göstərirəm. Özüm də müəllimliklə əmək fəaliyyətinə başlamışam, pedaqoji kollektivimizdəki müəllimlərimdən çox şeyləri öyrənmişəm. Professor Xalid Əlimirzəyev başda olmaqla bir çox dünyasını dəyişənləri isə hörmətlə yad edirəm. Gəlin, yaxşıları təbliğ edək ki, pislər də pisliklərindən əl çəksinlər. Son zamanlar daha çox neqativlərin, pisliklərin, pislərin təbliğatçısına çevrilmişik az qala, pislər də sanki stimul alır bu anti-təbliğatdan. Qori Müəllimlər Seminariyasından gəlib, Azərbaycanda təhsili təbliğ edənlərimizdən başlamış, bu gün ucqar dağ kəndlərində quruca maaşa işləyənlərimizə qədər hər biri bizim qəhrəmanlarımızdır. Təbrik edirik, əziz müəllim(ə)lərimiz!”.
Şəymən