Rabitə və Texnologiyalar Nazirliyi əvvəlcədən maarifləndirmə işləri aparmalı idi
Ancaq abunə və ödəniş haqlarının qabaqcadan ödənilməsi hər iki tərəfin xeyrinədir
Mobil telefonlara mesajlar gəlir. Abonentlərdən telefon və internet xidməti haqqını əvvəlcədən ödəmək xahiş olunur. Xəbərdarlıqda bildirilir ki, abunə haqqı və ödənişlər hər ayın 5-dək ödənməlidir, əks halda ayın 6-dan abonentin telefon və internet rabitəsi kəsiləcək. Bu yeniliyi təəccüblə qarşılayanlar da var.
Çünki əhali yenilikdən yetərincə xəbərdar deyil. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ödəniş qaydalarına dəyişiklik edib. Dəyişikliyə görə, aylıq abunə pulu və "Bakıinternet”in aylıq ödəniş pulu hər ayın əvvəlində ödənməlidir. Buna qədərsə abunə və aylıq ödənişlər hər ayın sonunda edilirdi. Dəyişiklikdən narazı olanlar, belə əsas gətirir ki, bəlkə bir ay müddətində internetdən istifadə etməyəcək, niyə ödənişi xidmətdən istifadə etməmiş verməlidir?
Məsələyə münasibət bildirən "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz "Şərq”ə açıqlamasında abunə və ödəniş haqlarının ayın əvvəlində edilməsinin abonentlər üçün faydalı tərəflərinin də olduğunu dedi:
- Ödənişi ayın əvvəlində etmək bir tərəfdən xeyirlidir. Çünki belə olduqda abonent əvvəlcədən ödəniş etməli olduğunu bilir, bilir ki, ödəniş etməsə, xidmətlərdən istifadə edə bilməyəcək. Abonent artıq əvvəldən özünü buna hazırlamış olur. Bəzən abonent nə zaman ödəniş etdiyini unudur, elə bilir ki, ödəniş edib, rahat telefon və internet xidmətindən istifadə edə bilər, amma qəfil xidmətlərin kəsildiyini öyrənir. Fərqli hallar da müşahidə edilirdi. Elə olurdu ki, abonent deyək ki, aylıq abunə ödənişi edib tətilə, məzuniyyətə çıxırdı, amma internet sayğacı işlədiyindən qayıtdıqda nə qədərsə ödəniş etməli olduğunu görürdü. Bu da abonentlə xidmət göstərən şirkət arasında narazılıqlar yaradırdı. Tutalım, abonent 2 ay müddətində internetdən istifadə etməyib, lakin ondan ödəniş həyata keçirmək tələb olunur. Bu dəyişikliklər isə müəyyən qədər hər iki tərəfin xeyrinədir. Tərəflər biləcək ki, ödəniş edilib və xidmət göstərilməlidir,
xidmətdən bir ay müddətində rahatca istifadə edə bilər. Kəsinti, hansısa problem olduqda da şirkətdən onun həllini tələb edəcək.
O.Gündüz qeyd etdi ki, abunə və xidmət haqlarının ayın əvvəlində ödənməsi dəyişikliyi tətbiq edilsə də, abonent özəl şirkətlərlə müqavilə şərtlərini yenidən tərtib edə bilər. Şirkətlər müqavilə şərtlərinə dəyişiklik edə bilər ki, aylıq ödəniş edilməsə də, hansısa müddətə rabitə kəsilməyəcək. Yəni, hər şirkət öz abonentləri üçün fərqli müqavilə şərtləri tərtib edə bilər.
Mərkəz direktorunun fikrincə, əhalinin çaşqınlığı da səbəbsiz deyil. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tətbiqinə hazırlaşdığı yeniliklərlə bağlı abonentlər arasında ciddi maarifləndirmə və məlumatlandırma işləri aparmalıydı:
- Deyək ki, internet istifadəçiləri müəyyən saydadır, amma ölkədə ən azından 1 milyona yaxın telefon istifadəçisi var. Kimlərinsə mobil telefonuna xəbərdarlıq mesajları ötürməklə işi bitmiş hesab etmək olmaz. Abonentlərlə gərək əhatəli, ciddi məlumatlandırma işləri aparılsın ki, əhali dəyişiklikdən xəbərdar olsun və sabah qəfil sürprizlə üzləşməsin. Məlumatlandırma işində bir az əskiklik var.
Məlahət Rzayeva