“Kişi hər xoşladığı qadının arxasınca getsə, xırdalanar”

Nurəddin Mehdixanlı: “Gül var ki, əlini atıb asanlıqla dəstə ilə dərirsən, sanki alaq otudur”
-Amma qızıl gülü rahat dəriləcək gül olmadığı üçün sevirəm...

Adam var 25 yaşı var duyğuları sönüb, ortalıqda kölgə kimi gəzir


Həyatda seçilmişlər var. Onlar tək özlərinə, ailələrinə aid olmur. Bəzən bir millətə aid insanlar var. Bu həyatı yaşamaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki millətinə, dövlətinə aid olmağı bacarmaq şəxsiyyət olmağın ən birinci açarıdır. Bu günün qəhrəmanı olan qonağımız da əslində tək özünə, ailəsinə aid deyil. O, Azərbaycan xalqına aid olan sevilən sənətkardı. Söhbət Xalq artisti Nurəddin Mehdixanlıdan gedir. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının bu gün doğum günüdü. Sevilən aktyor 60 illik yubileyini qeyd edir. 60 illik ömür yolunu salamlayan Nurəddin Mehdixanlı ilə doğum günündə qısa söhəbətimiz bir daha aktyorun zəngin daxili dünyasını tanımağa imkan verdi.

- 60 illik yubileyi qeyd olunan Nurəddin Mehdixanlı özünü bu yaşda necə hiss edir?

- Bəli, 60 yaşım tamam olur. Amma əslində, mənim üçün rəqəmlərin heç bir əhəmiyyəti yoxdur.

- Yəni qocalmaqdan, yaşdan ehtiyat edən insan deyilsiz?

- İnsan var ki, 20-25 yaşı var, amma duyğuları sönüb, ortalıqda kölgə kimi gəzir. Adam da var yüz yaşındadır, amma həyat doludur, gözünün içi sevgidən parıldayır. Əsas odur ki, yaşa dolmağı bacarasan.

- Yubileydir, necə qeyd edəcəksiniz doğum gününüzü? Təbrik edənlər çoxdumu?

- Açığını deyim ki, təbrik edənlər həddindən artıq çoxdu. Bu təbrikləri qəbul etmək gözəldi, xoşdu. Tanıdığım, tanımadığım insanlar təbrik edir, nəinki Azərbaycandan, xarici ölkələrdən təbrik edənlər az olmadı. Bütün bunları görüb təbii həyata sevgin artır.

- Yəni bu diqqəti görəndə bir daha düşünmək olur ki, demək ki, əbəs yerə yaşamamışam...

- Bəli, sizinlə tam razıyam. Bu diqqəti, qayğını görəndə bir daha özüm-özümə dedim ki, Nurəddin, demək yaşadığın illər elə-belə, boş olmayıb. Demək ki,bu həyatda yaşamağı bacarmısan. Yaşamağına dəyərmiş.

- Rəsmi şəkildə yubileyiniz qeyd olunacaq, ya dostlarla qeyd edirsiz?

- Rəsmi şəkildə yubileyin qeyd olunmasına Mədəniyyət və Turizm Nazirliyi qərar verəcək yəqin. Təmtəraqlı şəkildə qeyd olunmağı bilmirəm, bunu yəqin ki, çalışdığım teatrın rəhbərliyi müəyyən edəcək. Amma sevdiyin insanların qarşısında hesabat vermək xoş bir duyğudur. Yaxınlarım, dostlarla bir yerdə toplaşmağı düşünürük. Dostlarla belə qərara gəlmişik ki, məhərrəmlik ayının ağır ay olduğunu nəzərə alıb bu mərasimi bir az gecikdirək. Yəni hamımız müsəlmanıq, bizim üçün müqəddəs olan günlər var. Ona görə də məhərrəmlik ayında, xüsusilə bu ağır günlərdə bu mərasimi keçirmək yəqin ki, bir az düz olmaz. Gələn dostlar da istərdim masada rahat oturub, dost məclisində əylənə bilsinlər. Dostlarla mütləq 60 illik yubileyi qed edəcəyik, amma bir az müddəti ertələyə bilərik. Əsas odur ki, bu gün səhər sağ-salamat oyana bilmişik, danışırıq, sizin kimi işini bilən jurnalistlərə müsahibə veririk. Dostlarımın, ailəmin yanındayam. Bu günümə şükür etməyə haqqım var deyirəm. Bu, həqiqətən xoşbəxtlikdi.

- Bu gün bir də özünüzə sualınız oldumu... - Aktyorluq sənətini seçərkən seçimimdə düzmü qərar vermişəm? Ya peşman olduğununz vaxt olub?

- Bilirsiz, etiraf edim ki, hamı kimi həyatımda, nəyisə edə bilməyəndə, buna imkan olmayanda bəzən məyusluq yaşayırsan. Maneələr olanda, potensial imkanlarımızı göstərmək mümkün olmayanda, ortalığıa daha ciddi işlər qoya bilməyəndə peşmançılıq hissi olur. Kaş bu sənətə gəlməyəydim, kaş sənətdə yox, başqa sahədə olaydım. Amma bu, ötəri hisslərdi. Sən bu günə gəlib çatana qədər hansısa mərhələlərdən keçmisənsə, artıq burda peşmançılığa yer yoxdu.

- Müəyyən yaş dövründə insan nələrisə çatdırmağa çalışır. Nurəddin müəllim nələrisə çatdırmağa çalışırmı ki, zamanında yetişsin?

- Təbii ki, işlər çoxdu. Amma belə bir söz də var ki, qorxunun əcələ faydası yoxdu. Tələsmək məsələni həll etmir. Sən nə qədər yaşayacağını bilə bilməzsən, onu bilən bilir. Nə qədər nələrisə çatdırmağa çalışsan da, yenə də etmək istədiklərin bitməz. Əsas odur faydalı yaşamağı bacarasan. Öz işinlə məşğul ol. Çalış, cəmiyyətə faydalı ol, yaxınlarına faydalı ol.

- Belə başa düşmək olar ki, aktyor olduğunuz üçün peşman deyilsiz?

- Biliriz, bu sənət zəhməti sevir. Kimlərinsə bu sənətdə yolları hamar olubsa, rahat olubsa, onun qazandığı da o qədər dəyərsiz olur. Çünki zəhmətsiz qazancın dəyəri olmur. O zaman qazandığın, əldə etdiyin dəyərli olur ki, onun üçün mübarizə aparırsan, çalışıb-vuruşursan, əziyyət çəkirsən. Mən bu sahədə əziyyət çəkmişəm. Qazandıqlarım da ona görə dəyərlidir mənim üçün. Həyat bəlkə həm də ona görə şirindir ki, əziyyət çəkirsən. Yoxsa həyat rahat olsaydı, dəyəri olmazdı. Ərəb səhrasında da qum dağlar var. Onlar olmasa, səhra da maraqsız görünər. Hamar heç nə olmur. İnsan ömrü ağrısı, acısı, şirini ilə maraqlıdır. Əsas odur illər sonra özün-özünə hesabat verəndə, yaşadığını düşünməyə haqqın olsun. O hesabatı özünə verəndə utanmayasan.

- Bu gün 60 illik həyatınızda özünüzə hesabatınız oldumu?

- Oldu. Mən düşünürəm ki, bu yaşıma gəlib çatana qədər millətimə, dövlətimə, tamaşaçılarıma vicdanla, ədalətli xidmət etmişəm. Qarşımda duran olubsa, onları tapdayıb keçməyi də bacarmışam. Həyatda ədalətsiz olmamışam. Vicdanımdan utanmamışam. Bir şəxsiyyət, bir kişi kimi yaşamağı bacarmışam.

- Hədiyyələr oldumu doğum günündə?

- Təbii ki, hədiyyə də verənlər oldu. Təbii ki, diqqət, dəyər önəmlidir. Əslində mənim üçün dəyər onun kim tərəfindən, hansı istəklə verilməsidir. Bu, bir söz də ola bilər, kağız parçası da. Amma sevdiyim hədiyyə qızılgüllərdir. Bunun da səbəbi var. Qızılgül asanlıqla dərilə bilən gül deyil. Tikanları ilə müdafiə olunur. Qanını çıxarmasa, sənə təslim olmaz. Gül var ki, əlini atıb asanlıqla dəstə ilə dərirsən. O sənin üçün dəyərli də olmur. Sanki alaq otudur. Amma qızılgül rahat dəriləcək gül olmadığı üçün sevirəm. Mən həyatda da beləyəm, hər şeyə çətinliklərlə nail olmuşam. Nələrisə bəziləri kimi gətirib qızıl məcməyidə qarşıma qoymayıblar. Qazandıqlarıma savaşaraq, dişimlə-dırnağımla çatmışam. Qarşımı kəsən maneələr çox olub. İşlərimdən çox vaxtımı o maneələri dəf etməyə sərf etmişəm. Amma sifətimi itirmədən, dəyişmədən gəlib çatdım 60 yaşa.

- Sizə xoşbəxt insan demək olarmı?

- Əslində xoşbəxtlik anlarla, məqamlarla yaşanan hisslərdir. İnsanın əgər doğma ocağı, ailəsi, torpağı, Vətəni varsa, xoşbəxtdir. İnsan yıxılan bir adamın əlindən tutub onu qaldırırsa, həmin adamın bəxş etdiyi minnətdarlıq hissindən dünyanın ən xoşbəxti ola bilir. Kimisə sevindirməkdən alınan zövqü heç nəyə dəyişmək olmaz.

- Deyirlər xanım pərəstişkarlarınız çox olub. Elə indi də var. Xanımlara qarşı da sərt baxışınız var?

- Təbii ki, sevilmək gözəl hissdir. Mən hələ birinci kursda oxuyanda, qonşunun uşaqları ilə gəzməyə çıxırdıq. Ətrafda qızlar, xanımlar olurdu, onlarla tanış olurdular. Mən onlara əsəbiləşirdim ki, o qızla evlənməyəcəksənsə, niyə yoldan çıxarırsan. Təbii ki, məni də xoşlayan xanımlar olub, sənətimə vurularaq, özümdən də xoşları gəlib. Amma mən heç vaxt qəlb sındırmağı, incitməyi sevməmişəm. Gərək elə məqamda o xanımı başa salasan ki, mən səninlə dost ola bilərəm, amma sevgidən istifadə etmək olmaz. Təbii ki, mən tək, onlar çox olub, amma kişi hər xoşladığı qadının arxasınca getsə, xırdalanar. Kişi gərək əlçatmaz, sirli olsun ki, kimlər üçünsə, maraqlı qalsın. Həm də mən seçib-seçmələyən adamam, ona görə gec evlənmişəm.

Tahirə Məmmədqızı