Azərbaycanda siqaret istehsalına start veriləcək
Ancaq ən ideal şərtlər daxilində bu sahədə 2-3 ilə sıçrayış gözləmək sadəlövhlük olardı
Prezident İlham Əliyev Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında imzaladığı sərəncamla emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulub.
Subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə pambıqçılıqdan sonra tütünçülük istehsalına görə subsidiya ayrılmasının dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi baxımından təqdirəlayiq olduğunu deyib. Azərbaycanda tütünün xammal bazası yaradıldığını vurğulayan şöbə müdirinin sözlərinə görə, bunun iki istiqamətdə nəticələri gözlənilir: "Birinci bu tədbir hesabına tütün xammalının istehsalının stimullaşdırılmasıdır. Bununla xammalın ixracında böyük üstünlük əldə edilərək milyonlarla dollar vəsaitin ölkəyə daxilinə nail olunacaq.
Eyni zamanda, bununla Azərbaycanda tütün istehsalı üçün ciddi baza yaranacaq. Çünki tütün hazırda Azərbaycanın idxalda üstünlük qazanması üçün ehtiyac duyulan 3-4 məhsuldan biridir. Tütünçülüyün inkişafı ilkin mərhələdə ixrac potensialını artıracaq, eyni zamanda yerli tütün sənayesinin inkişafı üçün böyük dəstək olacaq”.
F.Fikrətzadənin qənaətincə, tütün istehsalının artırılması hesabına daxili tələbatın əhəmiyyətli hissəsi ödəniləcək: "Hazırda 10 milyonlarla dollar həcmində tütün əsas etibarilə ölkəyə idxal olunur. Hazırda tütün məmulatlarının emalı, istehsal sənayelərinin inkişafı istiqamətində işlər həyata keçirilir. İlkin emal müəssisələri var və onların yenilərinin regionlarda yaradılmasına başlanılıb. 2015-ci ildə Azərbaycanda tütün əkin sahələri 1362 hektar, məhsulun həcmi isə 3500 ton olub. 2016-cı ildə isə əkin sahələri 2400 hektara qədər artırılıb. Bu il üçün məhsul İstehsalının 6000 tona çatdırılması planlaşdırılır”.
Nazirlik rəsmisinin sözlərinə görə, tütünün xammal bazası yaranandan sonra Azərbaycan siqaret istehsalına start verəcək: "Artıq Azərbaycanda siqaret istehsal olunması üçün özəl sektor tərəfindən böyük investisiya qoyuluşlarına başlanılıb. Regionlarda yeni emal müəssisələri yaradılır.
Azərbaycanda siqaret istehsalına başlanandan sonra idxal edilən siqaretlərdən fərqli olaraq qiymət baxımından əhəmiyyətli dərəcədə ucuz olacaq” (modern.az).
Bəs ekspertlər necə düşünür? Hazırkı şəraitdə Azərbaycanda tütün istehsalı üçün münbit şərait varmı?
Azərbaycanda tütünçülüyün ənənəvi bitkiçilik sahələrindən biri olduğunu vurğulayan iqtisadçı-ekspert Qalib Toğrul "Şərq”ə açıqlamasında sovet dönəmində respublikanın bir çox rayonlarında - Qaxda, Balakəndə, Zaqatalada, Şəkidə, Cəlilabadda böyük tütün plantasiyaları olduğunu xatırladıb: "Ən yüksək istehsal 1986-cı ildə qeydə alınıb: 65.2 min ton. Ancaq Sovet İttifaqı dağıldıqdan sonra əkin, emal və istehsal müəssisələri arasında əlaqələr qırıldıqdan sonra tütün istehsalı sürətlə aşağı düşməyə başlayıb. 2014-cü ildə ölkəmizdə 2.9 min ton tütün istehsal olunub”.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda tütün istehsalının aşağı düşməsinin əsas səbəbi Azərbaycandakı yerli sortların hazırkı siqaret xammalı kimi yararsız olmasıdır: "Son illər Azərbaycanın müxtəlif bölgələrində xaricdən gətirilən yüksək keyfiyyətli toxumlar əsasında tütün şitili istehsalı üçün istixanalar qurulsa da, fermerlər, qurutma və emal müəssisələri arasında əlaqə yaradılsa da, bunlar tütünçülüyün inkişafı üçün yetərli deyil. Azərbaycanın bütün kənd təsərrüfatı üçün xarakterik olan pərakəndəlik, plansızlıq, toxumçuluğun zəif inkişafı, müasir becərmə və emal texnologiyalarından geniş istifadə edilməməsi və maliyyə əlçatanlığının olmaması tütünçülük üçün də xarakterikdir. Bu ilin 8 ayının rəsmi statistikasına görə, ölkəmizə 105 milyon 526 min dollarlıq tütün və tütün məmulatları idxal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən yarıbayarı azdır. Biz az da olsa, tütün ixrac edirik. 2016-cı ilin 8 ayında 6 milyon 101 min dollarlıq tütün ixrac etmişik. Gördüyünüz kimi, ixracımız idxalla müqayisədə təxminən 18 dəfə azdır. Üstəlik, biz hazır məhsul idxal edirik, ixracımız isə əsasən xammaldır.
Hazırda Azərbaycanda siqaret bazarının 30 faizə yaxınını ödəyən "European Tobacco Baku” tütün xammalının demək olar ki, hamısını xaricdən alır, tələbatının çox cüzi hissəsini yerli xammal hesabına ödəyir”.
Q.Toğrul hesab edir ki, hələlik tütünə olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi barədə danışmaq çox tezdir. Bunun üçün ixtisaslaşmış tütünçülük təsərrüfatlarının formalaşması və inkişafı lazımdır: "Hətta ideal şərtlər daxilində yaxın 2-3 ildə bunu gözləmək sadəlövhlük olardı. Ümumiyyətlə, mən 3 səbəbdən Azərbaycanda tütünçülüyün inkişafını doğru hesab etmirəm. Birincisi, tütünçülük təsərrüfatları nə qədər müasir texnologiyalar tətbiq etsələr belə, yerli təsərrüfatların qazancı çox olmayacaq, çünki siqaret nə qədər baha olsa da, əksinə, tütünün xammalı bir o qədər ucuzdur. Mütləq belə təsərrüfatların iqtisadi səmərəliliyi araşdırmalar yolu ilə təsdiq ediləndən sonra qərar verilməlidir.
İkincisi, fermerlərə azad seçim hüququ verilməlidir ki, nə istəyirlərsə, hansı məhsul onlar üçün daha çox qazanc gətirirsə, onu da əkib becərsinlər. İnzibati metodlarla hansısa məhsul istehsalında irəliləyişə nail olmaq mümkün deyil. Sahibkar onun üçün yaradılan münbit şəraitə baxıb, dəyərləndirmə aparıb seçim etməlidir”.
Azərbaycanda tütün əkilməsinin əleyhinə olduğunu qeyd edən ekspert deyib ki, bu bitki insan sağlamlığı üçün ziyanlı olduğundan artıq heç bir Avropa ölkəsində əkilmir: "Dünyanın tütünə olan tələbatı Cənubi Amerika və Afrikada becərilən tütün hesabına ödənilir. Bir şeyi unutmayaq ki, insana dəyər verilən ölkələrdə daha tütün əkilmir”.
Şəymən