Məktəbdə ünsiyyət ən böyük dəyərdir

“Şagirdlərin hər biri alim ola bilməz. Əslində uşağı düzgün bir şəxsiyyət olaraq formalaşdırmaq lazımdı”
“Onlar insani keyfiyyətləri özündə daşıyan vətəndaş kimi cəmiyyətə buraxılmalıdır”


Cəmiyyətin qarşılaşdığı əsas problemlərdən biri ünsiyyətdir. Ünsiyyət problemi insanlarda uşaqlıqdan formalaşmağa başlayır. Bu problemin qarşısını almaq üçün şəxsiyyətin formalaşmasının hər bir mərhələsində diqqətli olmaq lazımdır. Bu öhdəlik, məsuliyyət valideynlərin olduğu kimi cəmiyyətin də öhdəsinə düşür.

Bu gün məktəblər təhsildən əlavə şagirdin şəxsiyyət kimi yetişməsində danılmaz rol oynamağı bacarmalıdır. Bunun üçün də, müxtəlif tədbirlər keçirilməli, oyunlarla uşaqlarda mənəvi dəyərlərlə şəxsi keyfiyyətləri korreksiya etməli və gələcək üçün faydalı cəmiyyət yetişdirməyə çalışmaq lazımdır. Nümunə olaraq Binəqədi rayonunda yerləşən 246 saylı lisey-məktəbini göstərmək olar. Məktəbin direktoru Almaz xanımın rəhbərliyi dövründən məktəbdə canlanma getdikcə artır. Şagirdlərə yalnız təhsillə bağlı deyil, həyata baxışlarında da öz maraqlarını, qabiliyyətlərini göstərmək şansları verilir. Məktəbdə olarkən rus bölməsindən Hüsniyyə xanımın 2 f sinfində olduq. Uşaqlar müəllimənin rəhbərliyi altında hazırladığı "Qeyri-adi maral” nağılını canlandırdılar. Uşaqların böyük maraqla istedadlarını göstərməyə çalışması, bir-biriylə ünsiyyəti müəllimənin öz üzərinə düşən vəzifənin öhdəsindən necə gəldiyini çox gözəl göstərirdi. Səhnəcik direktor və müəllimlər tərəfindən gözəl qarşılandı.

Məktəbin direktoru Almaz xanım "Şərq”ə açıqlamasında bildirib ki, məktəblərdə ilk növbədə şagird-müəllim münasibəti düzgün formada qurulmalıdır: "Bu il dəyərlərə əsaslanan təhsil ili elan olunub. Amma bu dəyərlərlə bağlı bizdə artıq 2 ildir ki, işlər gedir. "Dəyər” dedikdə sevgi, mərhəmət, yoldaşlıq, dostluq, inam kimi insani dəyərlər nəzərdə tutulur. Bütün iclaslarda müəllimlərə də, valideynlərə də işimizi düzgün meyarlar üzərində qurmağın vacib olduğunu aşılayırıq. Şagirdlərin hər biri alim ola bilməz. Əslində uşağı düzgün bir şəxsiyyət olaraq formalaşdırmaq lazımdı. Onlar insani keyfiyyətləri özündə daşıyan vətəndaş kimi cəmiyyətə buraxılmalıdır. Bu dəyərlərdən biri də məhz ünsiyyətdir. Məktəb bildiyiniz kimi həm təlim, həm də tərbiyə ocağıdır, burada uşağın asudə vaxtını necə keçirməsi əsasdı. Son 3 ildə "Təhsili dəyərə çevirək” layihəsi altında Bakı Baş Təhsil İdarəsinin rəhbərliyi ilə keçirilmiş bütün görüşlərdə, seminarlarda başlıca məqsəd kimi, təhsili dəyərə çevirməkdən ibarət olduğu göstərilir”. Direktor həmçinin bildirib ki, düzgün formada ünsiyyətin qurulmasında müəllimlər əsas rol oynayır: "Müəllim nitqi və davranışı ilə şagirdə nümunə olmalıdı. O, sadəcə tədrislə maraqlanmalı deyil. Şagirdin digər keyfiyyətlərini də hərtərəfli şəkildə inkişaf etdirməlidi. Şagirdlər var ki, həm istedadlı şagird ola bilər, həm də təlimdə nəticədə geri qalmış ola bilər. Bütün bunların üzə çıxmasında da ünsiyyət böyük rol oynayır. Şagirdlərə düzgün yanaşmaq, onları fərd olaraq hərtərəfli şəkildə inkişaf etdirmək əsas məsələlərdən biridir”.

Yeganə Bayramova