Azərbaycan Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə daha ucuz heyvanların satışı təşkil ediləcək. İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, bu satışları nazirlik Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirəcək. Satış məntəqələrində heyvandarlıqla məşğul olan sahibkarlar bayram günlərində əhaliyə ucuz qurbanlıq heyvanlar təklif edəcək. Satış məntəqələri Bakı şəhərində və Bakıətrafı qəsəbələrdəki bazarlarda olacaq və satış məntəqələrin ünvanları barədə əlavə məlumat daha sonra veriləcək.