Bir müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Nicat Dağlar ölkə prezidenti İlham Əliyevin dəstəyi nəticəsində Almaniyada müalicə aldı. Həmkarımız indi özünü yaxşı hiss edir.
Sağlıq durumu normallaşan Nicat Dağlar bir neçə gündür ki, xəstəliyi dönəmində ona dəstək verən KİV-lərin redaksiyalarında olur.
Jurnalist dünən "Şərq”in redaksiyasına da təşrif buyurub. Kollektivlə görüşən həmkarımız onun vəziyyəti ilə bağlı informasiya dəstəyi göstərmiş həmkarlarına minnətdarlığını bildirib. Bununla yanaşı, ən böyük minnətdarlığını ölkə başçısı İlham Əliyevə edən jurnalist bildirib ki, prezident onu həyata qaytaran şəxsdir: "Mənim vəziyyətim son dərəcə ağır idi. Həyatla ölüm arasında mübarizə aparmırdım artıq. Gürcüstanda həkimlər vəziyyətin kritik olduğunu, artıq sağalmaq ehtimalımın möcüzələrə qaldığını bildirdi. Həmin gecə hər kəs yatanda eyvana çıxıb yüksək səslə Allaha dua elədim. Səhərisi isə cənab prezident mənim müalicəmin Almaniyada aparılması üçün aidiyyatı strukturlara göstəriş verdi. Məni iki körpə balama bağışladı. Prezidentin mənim müalicə xərclərimin ödənməsi ilə bağlı göstərişi gürcü həkimin dediyi möcüzə idi. Və o möcüzə sayəsində mən həyata qayıtdım. Prezident təkcə mənim həyatımı qurtarmadı, bir jurnalisti həyata qaytarmadı, həm də iki körpə uşağı atasız böyüməkdən xilas etdi. Ömrümün axırınacan cənab prezidentə minnətdar olacam”. Nicat Dağlar həmçinin onun xəstəliyi dönəmində məsələni diqqətdə saxladığına görə "Şərq” qəzetinin rəhbərliyinə və kollektivinə minnətdarlıq etdi.