Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli üçün Azərbaycan itkilərə hazır olmalıdır.
Bunu Sherg.az-a xarici işlər naziri Elmar Məmmədyarovun sülh danışıqları üçün ABŞ-a müraciətindən danışarkən "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev deyib.
Onun sözlərinə görə, bir əsrdən çoxdur ki, münaqişənin köklü həll edilməsi istiqamətində görülən mərhələli tədbirlər səmərə vermir:
"Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsində sanki üz qabığıdır. Onun fəaliyyəti daxilində heç zaman problemin qaydaya salınması mümkün olmayacaq. Minsk qrupu dəfələrlə bəyan edib ki, Azərbaycan və Ermənistan hansı qərarı qəbul etsə, onu dəstəkləyəcəyik. Bu təsisat yalnız köməkçi rolunda çıxış edir, səmərəli iş görmürlər. Yaxın zamanda daxildə və ya region dövlətlərin iştirakı ilə həll prosesi baş tutmasa, Minsk qrupunun mövcudluğunun əhəmiyyəti olmayacaq. Münaqişəni hərb yolu ilə deyil, ideoloji və siyasi formada həll etmək olar. Düzdür, son zamanlar Yaxın Şərqdə, Ön Asiyada və ya Yuqoslaviyada mövcud olan vəziyyət bir daha göstərir ki, problemi güc tətbiq etməklə tənzimləmək olar. Lakin hazırda Azərbaycanın və ya Ermənistanın buna hazırlığının olması sual altındadır. Müharibədə problem tək milyardlarla vəsait xərcləyib, silahların alınmasında deyil. Çox böyük siyasi iradə göstərmək, iqtisadi və psixoloji cəhətdən itkilərə hazır olmaq əsas şərtdir. Bu hazırlıq və qətiyyət olmadıqda müharibənin həlli mümkün deyil”.
Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir görüşdəki çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ABŞ-ın səylərini artırmağa çağırıb.