“Bütün bunlara baxmayaraq, güman etmirəm ki, Türkiyə ABŞ və Avropa ölkələri kimi tərəfdaşlarını Rusiyaya dəyişəcək”
Avropa Parlamentinin sonuncu iclasında Türkiyədəki son proseslər və rəsmi Ankara ilə Avropa Birliyi arasında üzvlük məsələsi müzakirə edilib. İclasda Türkiyədə baş verən 15 iyul hadisələri və ondan sonrakı proseslər, verilən qərarlar masaya yatırılıb.
Daha sonra deputatların səs çoxluğuna əsasən, Türkiyə ilə aparılan Avropa Birliyi müzakirələrinin dayandırılması barədə layihə hazırlanıb. Çıxış edən əksər deputatlar Türkiyə hakimiyyətinin apardığı siyasəti sərt tənqid ediblər. AB-nin Liberal Demokratlar Qrupu rəhbəri Qay Verhofstad Putin, Ərdoğan və Tramp arasında yarana biləcək dostluğun Avropa üçün ciddi təhlükə olacağını bəyan edib. Avropa Xalq Partiyasının sədri Manfred Veber isə Türkiyənin seçim qarşısında qaldığını deyərək, Ankaranın Çin və Rusiya ilə yaxınlaşmasını anlaya bilmədiyini söyləyib. Mühafizəkarlar və Reformistlər Qrupunun rəhbəri Şed Kamal da bildirib ki, Türkiyə "xristian olmayan və Asiya qitəsində yerləşən yad bir ölkə” kimi dəyərləndirilir. Ona görə də Türkiyəyə tam üzvlük haqqı verilməməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, Avropa Parlamentində Ankara ilə danışıqların dondurulması haqqında qərar heç bir əhəmiyyət kəsb etmir: "Əvvəlcədən bəyan edirəm, bizim üçün bu səsvermənin heç bir dəyəri yoxdur. Ölkəmizin müstəqilliyi və gələcəyi uğrunda mübarizə orada əllərin qalxıb-düşməsinə görə dayandırıla bilməz”.
Türkiyə barədə müzakirələrə münasibət bildirən politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında qloballaşmaya son qoyulduğunu, bunun əksinə anti-qloballaşmanın formalaşdığını deyib: "Ortaya qoyulan sərt mövqe Amerika-Avropa, o cümlədən Şərq-Qərb arasında ziddiyyətlərin üzə çıxmasına, uçurumun yaranmasına səbəb olur. Türkiyənin Avropa Birliyinə üzvlüyü real deyil. Qardaş ölkə müxtəlif bəhanələrlə Avropa Birliyinə üzv qəbul edilmir və yaxın zamanda qəbul ediləcəyi də gözlənilmir. Bunu Ərdoğan hakimiyyəti də başa düşür. Avropa Birliyi siyasətini sərtləşdirdikcə, rəsmi Ankara da onlara eyni cür cavab verir. Bütün bunlara baxmayaraq, güman etmirəm ki, Türkiyə ABŞ və Avropa ölkələri kimi tərəfdaşlarını Rusiyaya dəyişəcək. İndi hər kəs öz evinin içinə doğru çəkilir. Təkcə Avropa dövlətlərini deyil, eyni zamanda Rusiya və Şərq ölkələrini də öz taleləri maraqlandırır. Digər tərəfdən Avropa ciddi miqrasiya problemi ilə üz-üzədir. Bu gün Türkiyənin AB-yə daxil olması, milyonlarla miqrantın Avropaya axışması deməkdir. Avropa isə bunu təhlükə kimi görür. Tərəflər arasındakı gərginliyin əsas səbəblərindən biri budur.
ABŞ-Rusiya və Türkiyə arasında üçlü formatın formalaşacağını da güman etmirəm. Çünki hər üç dövlətin öz maraqları var və bu maraqlar bir-biri ilə uzlaşmır. Xüsusən, Rusiya və ABŞ-ın mənafelərinin üst-üstə düşməsi mümkünsüzdür. Hər iki ölkə dünyada hegemonluq iddiasındadır”.
İsmayıl