Azad Yazarlar Ocağının (AYO) təsisçiləri arasında qovğa yaranıb. Belə ki, AYO yaradıcılarından olan şair Murad Köhnəqala təşkilatın ilk sədri olan şair Rasim Qaracanın ünvanına ittihamlar səsləndirib. Köhnəqala həmkarını diktatorluqda suçlayaraq bildirib ki, AYO-dan bir zamanlar ayrılmasının səbəbi, dostu R.Qaracanın eqoist davranışları olub. R.Qaraca isə "Şərq”ə açıqlamasında M.Köhnəqalanın ittihamlarını cavablandırıb. ...
- Rasim bəy, bilmirəm Murad Köhnəqalanın müsahibəsi ilə tanışsız ya yox. Müsahibəsində sizin ünvanınıza kəskin ifadələr işlədib. Sizi AYO-da diktatorluq yaratmaqda suçlayıb. Bununla bağlı nə deyə bilərsiz?
-Murad bizim dahi şairimizdir, nə deyə bilərəm ki. Yaradıcılığını izləyirəm. Bəzən müsahibələrində də bədii elementlərdən istifadə edir ki, bunu da mən təqdir edirəm.
- Bildirib ki, AYO Yazıçılar Birliyi ilə mübarizə aparmaq üçün yox, yeni ədəbi nəsil yetişdirmək üçün yaradılmışdı. Amma Rasim Qaraca AYO-nu AYB ilə mübarizə təşkilatına çevirdi...
- Necə ola bilər, axı "Quş qripindən ölən şair” şeirini Murad özü yazıb.
- Ümumiyyətlə bir çox ittihamlar səsləndirib sizin ünvanınıza. Məsələn deyib ki, Rasim Şaiq Vəlinin adından "Cəhənnəmdən məktublar” yazıb, hansı ki onun buna haqqı çatmır. Sizin Şaiq Vəli ilə sağlığında maraqlanmadığınızı, dəfninə belə getmədiyinizi deyir...
- Cəhənnəmdən deyil o yazı. "O dünyadan məktub”dur. Şaiqlə mənim yaxınlığım olmayıb. Həyatda bir-iki dəfə görmüşəm onu. Məktub bədii formada yazılıb, Muradın dəyərli bir şair olduğu orada qeyd edilib.
- AYO sədrliyini buraxmamaqla, AYB sədri Anar kimi davrandığınızı da söyləyib. Bütün bu ittihamlar nə dərəcədə doğrudur?
- AYO sədrliyində uzun müddət qaldığıma dair ilk iradı mətbuatda Elnur Astanbəyli bildirib. Və cəmi bir irada görə mən sədrlikdən istefa vermişəm.
- Hazırda AYO-nun fəaliyyəti nə yerdədir? Ümumiyyətlə AYO yarandığı gün qarşısına qoyduğu məqsədə nail ola bildimi?
- AYO ədəbiyyatımızda və ictimai fikrimizdə tarixi bir hadisədir, Muradın da az zəhməti olmayıb. Lakin bu şairimizin AYB-yə girməsini təqdir etmirəm. Bu təşkilat həqiqət haqqında susanların təşkilatıdır. Muradın bu yolu seçməsinə yalnız təəssüf edirəm...
- Hazırkı ədəbi mühiti necə dəyərləndirirsiz? Bizə məlumdur ki, siz əsasən gənclərin yardımçısı olmusuz, onların tanınmasında, yazılarının dərcində əlinizdən gələni etmisiz. Harda istedadlı gənclər varsa, "Alatoran”da çap edirdiz. Belə gənclər indi də varmı?
- İndi maraqlı imzalar çoxdur. Lakin müstəqil ədəbi qurum və jurnal olmadığı üçün gənclər önə çıxa bilmir. "Alatoran” jurnalını yenidən nəşr etməyi düşünürəm və istedadlı bildiyim gəncləri məmnuniyyətlə çap edəcəm. Ədəbiyyatda müstəqil fəliyyət olmadıqca inkişafdan danışa bilmərik. Anar, Elçin, Murad yaxşı əsərlər yazıblar. Ancaq düşünürəm ki, bununla ədəbiyyat sona çatmayıb. Azərbaycan ədəbiyyatının dünyaya çıxması yeni azad qələmlərlə, imzalarla olacaq. İllərdir bu mühiti yaratmağa çalışıram və intriqalara girmədən bunu etməyə qeyrət edirəm.
- Sizcə bizim ədəbiyyat nümayəndələri niyə dünyanın ədəbi mükafatlarını ala bilmirlər. Yazılan əsərlərin zəifliyinə görədir, yoxsa hansısa digər səbəblər var?
- Buna səbəb ədəbiyyatımızın yalançı dəyərlər üzərində formalaşmasıdır. Sovet ədəbiyyatı həm yazarları, həm də oxucuları gerçəklikdən uzaq, xəyali mətnlərlə tərbiyə edib. Biz ədəbiyyatdakı bəşəri dəyərləri yerinə qoymalıyıq. Ütülənmiş, icazəli ədəbiyyatla dünyaya çıxmağımız imkansızdır.
- Hazırda nə yazırsız? Yeni kitab gözləyəkmi?
- Hazırda esse və məqalərimi çapa hazırlayıram və avtobioqrafik bir roman yazmaqdayam.
Anar Bayramoğlu