Mehriban Zeynalova: “Hüquq-mühafizə orqanlarına müraciət edə bilməyən qadınlar problemlərini deyə biləcəklər”
Azərbaycanda "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsinə əsasən Uşaq Məcəlləsi hazırlanaraq qəbul ediləcək. Bu müddəa layihənin "4.5.11. Ailə, qadın və uşaq siyasətinin əsas istiqamətləri” adlanan hissəsində öz əksini tapıb. Yeni layihəyə görə, 2017-2022-ci illər üçün "Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı” da hazırlanacaq.
Konsepsiya layihəsinin ailə, qadın və uşaq siyasəti istiqamətinə uyğun olaraq xüsusilə regionlarda olmaqla, zorakılıq qurbanı olan qadınlar üçün 24/7 rejimdə çalışan "qaynar xətt”i də yaradılacaq. Layihə Milli Məclisə daxil olub və parlamentin qarşıdakı iclaslarında müzakirə olunacaq.
Zorakılıq qurbanı olan qadınlar üçün 24/7 rejimdə çalışan "qaynar xətt”in yaradılmasının təqdirəlayiq hal olduğunu vurğulayan "Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, həmin "qaynar xətt”lə bağlı sosial çarxlar hazırlanmalı və gün ərzində ən az 3-4 dəfə məcburi yayım loqosu altında efirdə yayımlanmalıdır: "Neçə illər öncə Uşaq Qaynar Xətti yaradılanda mən və həmkarlarım mətbuatda silsilə yazılar yayımlayıb, zorakılıq görən qadınlar üçün bu cür xəttin yaradılmasının vacibliyini qeyd etmişdik. Çox sevindirici xəbərdir ki, bu istəyimiz dövlət tərəfindən reallaşdırılır. Ümid edirəm ki, bu xəttin yaradılması gözlədiyimiz effekti verəcək və cinayətlərin, qadın zorakılığının sayında müəyyən qədər azalmalara səbəb olacaq. Bunun üçün də həmin "qaynar xətt”in təbliğatı güclü aparılmalıdır. Çox təəssüflə qeyd edim ki, Uşaq Qaynar Xəttinin təbliğatı heç aparılmadı, televiziyalarda sosial çarxlar nümayiş etdirilmədi. Sosial çarxların yayımlanması ödənişsiz olduğu halda telekanallar bu çarxları yayımlamaq üçün böyük vəsait tələb edir. Təklif edirəm ki, zorakılıq qurbanı olan qadınlar üçün yaradılan o "qaynar xətt” barədə sosial çarxlar hazırlansın, böyük şitlər çap edilsin, bütün regionlara paylansın, mərkəzi meydanlarda, küçələrdə plakatlar vurulsun. Çarxlar efirdə gün ərzində ən az 3-4 dəfə məcburi yayım loqosu altında yayımlansın. Əks halda, onun yaradılması bir effekt verməz. İstənilən böyük layihəni uğurlu etmək üçün uğurlu kampaniya da yürüdülməlidir. Bu da eynilə”.
"Qaynar xətt”in yaradılmasının qadın zorakılığına birbaşa müdaxilə imkanı yaradacağını vurğulayan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, evdən çıxıb, hüquq-mühafizə orqanlarına müraciət edə bilməyən qadınlar "qaynar xətt” vasitəsilə problemlərini deyə biləcəklər:
"Operativ tədbirlərin görülməsinə 24/7 rejimdə çalışan "qaynar xətt”in yaradılması önəmli yardım edəcək. İndiki şəraitdə məişət zorakılığının azalması təəssüratı yaranır. Çünki qadınlar polisə və aidiyyəti qurumlara müraciət edə bilmirdi. "Qaynar xətt”in yaradılması daxil olan müraciətlərin əsasında real statistik rəqəmlərin əldə olunmasına da müsbət təsir göstərəcək”. M.Zeynalovanın sözlərinə görə, edilən zənglərin içərisində əlavə suallar, qeyri-ciddi məsələlərlə bağlı müraciətlər də olacaq: "Lakin sırf zorakılıqla bağlı problemlərə müdaxilə ediləcək”.
Şəymən