Putin silah satışını dövlət sirri elan etdi

“Moskva ölkənin hərbi siyasətinin müzakirə mövzusuna çevrilməsini istəmir”


Rusiya Prezidenti Vladimir Putin Rusiyanın xarici dövlətlərlə hərbi-texniki əməkdaşlığı barədə
məlumatların dövlət sirri təşkil etməsi ilə bağlı əmr imzalayıb. Putinin əmri Kremlin rəsmi saytında yer alıb. Əmrdə bu informasiyaların vaxtından əvvəl yayılmasının dövlət təhlükəsizliyinə zərər gətirəcəyi bildirilib. 

Xatırladaq ki, Rusiya bundan öncə Ermənistan ordusunun modernləşdirilməsi üçün İrəvana 200 milyon dollar kredit ayırıb. Bukredit sayəsində erməni ordusuna hərbi texnikalar alınıb. Üstəlik, Rusiya bu il İrəvana "İsgəndər” raketlərini də verib. Putinin yeni əmrinə əsasən, artıq bu cür silah sövdələşmələri barədə heç bir məlumat əldə etmək mümkün olmayacaq. Onlar dövlət sirri hesab ediləcək və yayılması qadağan olunacaq. 

Məsələni "Şərq”ə şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevin sözlərinə görə, verilən əmrin Ermənistana silah satılması ilə əlaqəsi yoxdur. Burada məqsəd başqadır

"Rusiyanın silah satışı miqyasına baxsaq, Ermənistanın payının yüzdə bir faizdən aşağı olduğunu görərik. Rusiya müxtəlif xarici ölkələrə milyardlarla dollar həcmində silah-sursat satır. Ermənistana isə silahları daxili qiymətlərlə verir, ya da pulsuz göndərir. Bu baxımdan qərarın düşmən ölkə ilə bağlılığı yoxdur. Verilən əmr dövlətlərin hərbi təhlükəsizliyi və silah satma yarışı baxımından atılmış önləyici addımdır.
Nəzərə almaq lazımdır ki, istənilən müqavilə ərəfəsində, siyasi müzakirələrin getdiyi dövrdə
məxfi məlumatların ifşa olması yeni silah rəqabətçilərinin meydana çıxmasına səbəb olur.
Moskva ölkənin hərbi siyasətinin müzakirə mövzusuna çevrilməsini istəmir”. Ekspert vurğulayıb
ki, Moskva sərbəst silah satışına əngəl törədən amilləri ortadan qaldırmaq üçün belə bir addım
atıb: "Əslində buna bənzər qərar bir çox Qərb ölkələrində var. Amma həmin ölkələrdə 50 və ya
100 milyon dollar dəyərində olan silah alış-verişləri parlamentdə müzakirəyə çıxarılır: "Rusiyada
demokratiya məhdud olduğu üçün sözügedən əmrin parlamentin müzakirəsinə çıxarılacağı
gözlənilmir”.

İsmayıl