Paytaxtımızda xüsusi şirkətlər tərəfindən xidmət göstərən taksilərdən istifadə sayı artmaqdadır. Vətəndaşlar həm maddi cəhətdən, həm də rahatlıqları üçün belə taksilərin əhəmiyyətli olduğunu bildirirlər.
Buna baxmayaraq pərakəndə şəklində və xüsusi nişan olmadan fəaliyyət göstərən taksilər də az deyil. Məhz belə taksilər adətən çox maliyyə əldə etdikləri üçün fərqlənmə nişanından yayınmış olurlar. Bununla bağlı isə Bakı Nəqliyyat Agentliyi (BNA) taksi sürücülərinə xəbərdarlıq edib. "Fərqlənmə nişanı” almadan taksi xidməti ilə məşğul olan şəxslər cəzalandırılacaq.
Həmçinin, paytaxtın inzibati ərazisində "Fərqlənmə nişanı”nın BNA tərəfindən verilməsi də qeyd olunub. "Fərqlənmə nişanı” alınması üçün isə müəyyən prosedurlar gərəkdir. İlk növbədə sürücünün VÖEN-i olmalıdır (VÖEN Vergilər Nazirliyində və ya ASAN xidmətin vergi bölməsində tək şəxsiyyət vəsiqəsi ilə heç bir ödəniş edilmədən alınır).
Sürücü VÖEN-lə birgə istənilən müvafiq bank şöbəsinə yaxınlaşaraq orda 114321 təsnifat koduna müvafiq 18 AZN dəyərində olan rüsumu ödəyir. Bu zaman göstərilən bank xidmətinə görə əlavə 40 qəpik ödənilməsi də tələb olunur.
Ödənişi təsdiq edən qəbz, VÖEN, texpasport varsa, etibarnamə və yaxud lizinq sənədləri ilə birlikdə sürücü Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yaxınlaşır. Orada heç bir məbləğ ödəmədən həmin anda "Fərqlənmə Nişanı”nı əldə edir.
Qeyd edək ki, "Fərqlənmə nişanı” almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirdikdə həmin şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla nəzərdə tutulan tədbirlər görüləcək.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında belə nişanların olmasını vacib amil hesab edir. O bildirib ki, nişansız fəaliyyət göstərən sürücülər qanuni müstəvidən kənardadırlar: "Biz hər zaman taksiçilik fəaliyyətində müəyyən mütəşəkkilliyin tərəfdarı olduğumuzu bəyan edirik. Bu baxımdan da fərqlənmə nişanının və nizam-intizamın olması əsas şərtdir. Amma nizam-intizam hansısa bir vəsaitin ödənilməsi deyil. Bu həm də konkret olaraq taksiçilik fəaliyyəti ilə məşğul olan taksilər qarşısında müəyyən öhdəliklərin və şərtlərin qoyulmasıdır. Fərqlənmə nişanı nəqliyyat vasitəsinin müvafiq şərtlərə uyğun olub-olmamasını təsdiq edən bir sənəddir. Nişanı verildikdə bu artıq onu göstərir ki, taksiçilik fəaliyyəti ilə məşğul olan şəxs BNA-nın tələblərinə uyğun olaraq fəaliyyətini nizamlayır. Bununla da sanki həmin xidməti həyata keçirən şəxslər ilə hökumət arasında münasibətlər qanuni müstəvidə qurulur. Amma bir sıra taksilər var ki, onlar bu məsələdə o qədər də maraqlı deyillər və lazımi tələbləri yerinə yetirə bilmirlər. Əvvəllər sərt qaydada taksometrlərin quraşdırılması və rəng qrafikasının taksilərin üzərində olması kimi məsələlər mütləq həllini tapmalıdır. Hələlik bu məsələ ilə bağlı ciddi tələblər yoxdur, amma istənilən halda bu olacaq. Bu baxımdan bəzi taksi sürücüləri fikirləşirlər ki, fərqlənmə nişanı olmadan taksiçilik fəaliyyəti ilə məşğul olsunlar. Ən azından bu tələblərdən yayınmış olsunlar və qazanacaqları vəsait daha artıq olsun. Çünki onlar tələbləri yerinə yetirdikdə daha çox vəsait ödəməli olurlar. Əgər taksiçiliklə məşğul olan şəxsin göstərdiyi xidmətin keyfiyyətini gündəmə gətiririksə, şübhəsiz ki, keyfiyyət həmin tələblərdən irəli gəlir. Tələblər yerinə yetirildikdə keyfiyyət elementləri də yerinə yetirilir. Mən bir vətəndaş olaraq ictimai nəqliyyatdan, həmçinin taksilərdən istifadə edirəm. Bu zaman taksiçilik xidməti təklif edən şirkətlərə müraciət edirəm. Bu həm də mənə maddi cəhətdən sərf edir və yüksək xidmətlərə malikdir. Bundan əlavə fərqlənmə nişanı ilə xidməti yerinə yetirən taksilər həm də dövlət qarşısında hüquqi müstəvidə öhdəliyi təmin etmiş olur”.
Yeganə Bayramova