Hər bir ölkənin müstəqilliyi həmin ölkə vətəndaşları üçün ən müqəddəs və ən şirin nemətdir. Azərbaycan xalqı bu müstəqilliyin yolunu illərlə gözləyib. Müstəqilliyə qovuşmaq üçün ağır mübarizələrdən keçib. Bu yolda minlərlə şəhid verib və sonda istəyinə nail olub. Əlbəttə, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkədir. Yəni qüdrətli, möhkəm və dayanıqlı dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Bir sözlə, Azərbaycan xalqını, dövlətini müstəqilliyinə qovuşduran və hakimiyyəti illərində bu müstəqilliyi göz bəbəyi kimi qoruyub saxlayan ulu öndər Heydər Əliyev olub.
Heydər Əliyev kimi dühanın müdrik rəhbərliyi, çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı misilsiz xidmətləri onun Azərbaycan xalqının, dövlətinin taleyində həlledici rol oynadığını aydınca ortaya qoyur. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində baş verdi. Belə ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yaşanırdı. 1993-cü ilin yayında isə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu H.Əliyevi Bakıya dəvət etdi. H.Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. O, çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə
Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Müstəqilliyimizin banisi - Heydər Əliyev
Ulu Öndər 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Bundan başqa elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. H.Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordu formalaşdırıldı. Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı. Digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək H.Əliyev 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsini imzaladı. Bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Müstəqil dövlət təsisatları yarandı
Ümummilli liderin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı aparılan pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulub. Ölkədə cinayətkarlığın qarşısı tam alınıb. Bütün qanunsuz silahlı dəstələr ləğv olunub. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaradıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı H.Əliyevin qətiyyəti sayəsində alınıb. Və dövlətin müstəqilliyi qorunub saxlanılıb. Məhz buna görə də, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb. Bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla reallaşması şəxsən ulu öndərin və H.Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Xalqımız milli qurtuluşa nail oldu
Millət vəkili Aydın Mirzəzadə də qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin tarixində misilsiz xidmətləri var. Deputatın sözlərinə görə, H.Əliyevin həyat və fəaliyyəti əsasən üç mərhələdə araşdırılması vacibdir: "Ulu öndərimiz 1969-cu ilə qədərki dövrdə özünü büruzə verməyərək, dövlət təhlükəsizliyimizi qorumaq üçün bütün həyatı boyu çalışdı. İkinci mərhələdə o, siyasi arenaya çıxdı və hamı Heydər Əliyev adlı bir şəxsiyyəti tanıdı. Qısa müddət ərzində Azərbaycanı bataqlıqdan xilas etdi, ona yeni bir nəfəs verdi. Həmin illərdə qazandıqlarımız bugünkü müstəqil Azərbaycanın gələcək uğurlarından xəbər verirdi. Həyatının üçüncü mərhələsində isə H.Əliyev milləti bəlalardan qurtardı, xilas etdi, xalqımız milli qurtuluşa nail oldu”.
Eyni zamanda parlament üzvü söyləyib ki, xalqını, vətənini hədsiz sevən dahi lider milli dövlətçiliyimizin, azərbaycançılıq idealogiyasının əsasını qoyub: "Bu gün Azərbaycan hər sahədə uğurlar qazanır, nailiyyətlər əldə edir. Bütün bunlar bir daha sübut edir ki, H.Əliyev siyasəti düzgün siyasətdir. Azərbaycan xalqı məhz dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə inkişaf etdi və dünya miqyasında tanınmağa başladı”.
Müstəqilliyə "hə” deyən 5 nəfərdən birincisi - Ulu Öndər
Siyasi elmlər doktoru Cümşüd Nuriyevin sözlərinə görə, SSRİ-nin dağılmasının qarşısını almaq üçün edilən son çağırışların biri də o idi ki, mart ayının 17-də ittifaqın qalması ilə bağlı referendum keçirilsin: "Həmin qərar layihəsi Ali Sovetdə müzakirə olundu. Həmin vaxt 360 deputatın 340-ı iclasda iştirak edirdi. Cəmi 43 deputat müstəqilliyə "hə” dedi, onların içərisində iqtidarda olan cəmi 5 nəfər idi. Birincisi, Heydər Əliyev idi. Mən də o qərar layihəsinin əleyhinə səs verdim və sonradan bunun cəzasını çəkdim. Azərbaycanın müstəqilliyini əldə etməsi təkcə bir müsəlman, türk dövlətinin uğuru deyil, eyni zamanda, Azərbaycanın Qərbə açılışı idi. Bu 25 il ərzində bütün müsəlman dövlətləri içərisində Qərbə ən çox inteqrasiya edən Azərbaycan olub. Eyni vaxtda bizimlə birgə müstəqillik əldə edən Orta Asiya dövlətləri bizim qədər uğur qazana bilməyib. Onların həm iqtisadi, həm də siyasi resursları bizdən çoxdur. Eyni zamanda, əhalisinə, ərazisinə görə Azərbaycandan dəfələrlə böyükdür. Bütün bunların fonunda Azərbaycanda müstəqilliyin qorunmasında və bu günə gətirilməsində Heydər Əliyevin rolu müstəsnadır. Ola bilər kimsə buna qısqanclıqla yanaşsın, amma bu bir həqiqətdir. Başqa bir həqiqət də var ki, həmin müstəqilliyin dönməzliyini son 13 ildə İlham Əliyev təmin edir. Burada parlament bilavasitə vasitəçi rol oynayır. Qaldı ki, qanunvericilik bazasına, yalnız müstəqillik dövründə Azərbaycanın mindən çox yeni qanunu qəbul olunub. Bu dəqiqə bizim qanunvericilik bazası mükəmməlliyinə görə MDB-nin digər dövlətlərindən çox qabaqdayıq. Azərbaycanın hazırkı qanunvericilik bazası Avropa standartları səviyyəsindədir. Sözsüz ki, burada Milli Məclisin xüsusi rolu var.
Müstəqilliyimiz milli sərvətimizdir
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi olduqca böyük tarixi bir hadisə idi. Amma bu, təsadüfi bir hadisə də deyildi: "Bu, 15 min illik Azərbaycan dövlətçilik tarixində növbəti bir həmlə idi. Çünki artıq 1991-ci ilə qədər olan dövrdə, təqribən 195 illik müddətə yaxın bir dövrdə Azərbaycan müstəqil deyildi. Bu mənada, məhz 20-ci əsrin sonlarında Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsi tarixi nailiyyət idi. Ancaq müstəqilliyin necə əldə olunmasına gəlincə, burada tam obyektiv olmaq lazımdır. Düşünürəm ki, o dövrü ən gözəl xarakterizə edən və Azərbaycanın müstəqilliyə necə qovuşmasının ən obyektiv təsvirini biz böyük siyasət və dövlət xadimi ulu Öndər Heydər Əliyevin fikirlərində tapa bildik. Dahi öndər qeyd edirdi ki, dünyada baş verən qlobal, ictimai-siyasi proseslərin nəticəsində Azərbaycan öz müstəqilliyini əldə etdi. Olduqca ədalətli və düzgün bir qiymətləndirmədir. Çünki biz bilirik ki, 1991-ci ilin avqust ayından başlayaraq, SSRİ-nin dağılması prosesinə start verildi. Rusiya Federasiyası avqust ayında öz müstəqilliyini elan etdi. Ondan sonra sentyabr ayı boyunca Qazaxıstan, Ukrayna, Moldova, Belarus və digər respublikalar öz müstəqilliyini elan etdilər. Hətta Türkmənistan belə bizdən öncə öz müstəqilliyini elan etdi. Nəhayət, Azərbaycan oktyabr ayının 18-də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul etdi. Eyni zamanda, təkrarən ulu öndər digər bir tezis irəli sürdü: "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir”. Bu, əslində, hansı səbəbdən olursa-olsun, hansı şəraitdə baş verməsindən asılı olmayaraq bir növ birləşdirici və ümumiləşdirici tezis olaraq həmrəyliyi şərtləndirən bir fikir idi. Yəni bu, bizim milli sərvətimiz idi. Milli sərvət millətin hər bir fərdinə məxsus olan faktordur.
Bundan sonrakı mərhələdə məhz dövlətə milli sərvət gözü ilə baxmaq ənənəsi formalaşmağa başladı. Bundan sonra quruculuq prosesi başladı. Doğrudan da, həqiqi müstəqilliyə doğru addımlar atıldı, dövlətin əsasları formalaşmağa başlanıldı. İqtisadi əsaslar, siyasi əsaslar, ideoloji əsaslar, hüquqi əsasları və s. 1995-ci ilə qədər olan dövrdə bütün bu əsaslar strateji planda və olduqca düzgün şəkildə formalaşmağa başlandı”.
Azərbaycan müstəqil dövlətdir...
Milli Məclisin deputatı Rasim Musabəyov bəyan edib ki, Heydər Əliyev gənclərlə bağlı geniş bir siyasi işi təkbaşına həyata keçirib: "Ulu öndər hələ sovet dönəmində təxminən 10 min nəfər gənci SSRİ-nin böyük şəhərlərində təhsil almağa göndərib və bununla da Azərbaycanın gələcək peşəkar mütəxəssislərini hazırlayıb. Bu gün onlar ölkənin bir çox sahələrdə uğurlar qazanmasını təmin edirlər. İndi isə Azərbaycan müstəqil dövlətdir və ölkənin gələcəyi üçün sağlam, savadlı kadrlar lazımdır. Azərbaycan dövləti məhz bu siyasəti davam etdirir. Hazırlanan dövlət proqramı isə gənclərin qarşısında bütün sahələr üzrə geniş yollar açır”.
Müstəqilliyimiz yaşadıqca, ulu öndərin ideyaları da yaşayacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, tarixə müasir Azərbaycanın memarı olaraq düşən dahi rəhbərimiz hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi: "Ulu öndər bu yolda qəti addımlar atıb, əməli işlər görüb. İqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurub”.
M.Qurbanlı diqqətə çatdırıb ki, ulu öndərin hakimiyyətə gəlişi Azərbaycan xalqının mənəvi aləmində, milli şüurunda böyük təkamülün yaranmasına gətirib çıxartdı: "H.Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqat mövzusu olacaq. Ümummilli liderin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir”.
Heydər Əliyev siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən komitə sədri onu da əlavə edib ki, Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir: "İqtisadiyyatımız günü-gündən inkişaf edir, ordumuz güclənir. Bütün bunlara görə hər birimiz Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuş dahi şəxsiyyətə borcluyuq. Bir sözlə, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev ideyaları da yaşayacaqdır”.
Ayyət Əhməd