Yalçın Karataş Türkiyənin Qars vilayətinə bağlı Sarıqamış bölgəsində dünyaya gəlib. Eskişəhər Anadolu Universitetinin Sosyal Bilimlər fakultəsini bitirib. Uzun müddət çeşidli banklarda müxtəlif vəzifələrdə işləyib, son olaraq Gönən xalq bankı müdirliyindən təqaüdə çıxıb.
Bilindiyi kimi Yalçın bəyin doğulub böyüdüyü Qars elləri sazın, sözün, aşığın vətəni kimi Türkiyədə ün qazanıb. Sözə heyranlıq və ömürlük bağlı olmaq istedadı Yalçın bəyəfəndidən də yan keçməyib. İndiyə qədər Yalçın Karataşın "Sevgi seli Yunus Əmrə”, "Harman” və "Çıra” adlı elmi araşdırmalar və şeir kitabları çap olunub. Əslən Azərbaycan türkü olan Y.Karataşın şeirlərində daha çox Türk Dünyasının problemləri gündəmə gəlməkdə və aşıq şerimizin mübarək havası duyulmaqdadır. "Şərq”-in bu söz sevdalısının bir neçə şerini oxucularımıza təqdim etməyi uyğun gördük.
Məmməd İSMAYIL
EYLƏMƏZMİ
İsaya çarmıxı göstərən Allah
Dağları Musaya yol eyləməzmi?
Çiçəyin ruhunda gizlənən suyu
Arının şövqülə bal eylvməzmi?
Yer, göy nə var yaradanın tabisi,
Haqq varsa, neyləyər ölüm kabusu?!
Bütün mahluqatın nicat qapısı,
Bizləri özünə qul eyləməzmi?
Qoca kainatın sirrinə varan
Əlinin üstündə əl varmı görən?
Qaranlıq gecədə qaranı görən
Gündüz işığını bol eyləməzmi?
Əgər qul oldunsa paraya, pula,
Nə rəhmə gələrsən, nə doğru yola...
Axıt göz yaşını dərdini sula
Damla axa-axa göl eyləməzmi?
MƏNƏM MƏN
Tipi kimi, boran kimi bir həyat
Göy kimi boşalıb dolan mənəm mən.
Xəmirlə yoğrulmuş, təndirlə bişmiş
Hər ağı-qarası solan mənəm mən.
Ömrə şahid alnımdakı çizgilər,
Hanı o duyumlar, qəfil sezgilər?!
Yaxılan ağılar, çalan əzgilər
Binadan varlığı talan mənəm mən.
Su görməyən bağçalarda gül idim,
Bir talehə iki gözü göl idim.
Karvan keçməz,ayaq dəyməz yol idim
Doğru ola-ola yalan mənəm mən.
HARAM OLSUN
Mən bildiyin doğru yoldan
Döndüm isə, haram olsun.
Hər qəfil əsən küləkdən
Söndüm isə, haram olsun.
Nə uzaqdan, nə yaxından
Tüstü bəlli ocağından!
Haqq ucaldan dərd dağından
Endim isə, haram olsun.
Yalçın, könlün nədir dərdi?
Xalqdan nə ayırar fərdi;
Namərd dura-dura, mərdi
Yendim isə, haram olsun.