Oktyabrın 1-də. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə özbək dilində nəşr edilmiş "Əmir Teymur” romanının təqdimatı keçirilib.
Kitaba yazıçının Teymurləng haqqında iki romanı - "Zirvəyə doğru” və "Dünyanın hakimi” daxildir. Əsəri Azərbaycan dilindən özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib. Onun tərcümə yaradıcılığına Hüseyn Cavidin "Topal Teymur”, "Şeyx Sənan”, "Siyavuş” pyesləri, Yusif Səmədoğlunun "Qətl günü” romanı və Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsində” əsəri də var Tədbirdə Özbəkistanın ədəbiyyat və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, universitetlərin tələbə və müəllimləri, jurnalistlər iştirak edib. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin binasının qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyub. İştirakçılar böyük sərkərdə Əmir Teymurun paytaxtın mərkəzindəki abidəsi önünə də çiçək dəstələri düzüb. AMM-in direktoru Samir Abbasov Yunus Oğuzun həyat və yaradıcılığı, o cümlədən "Əmir Teymur” romanı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, indiyədək Yunus Oğuzun "Atilla” pyesi, "Nadir şah”, "Təhmasib şah” və "Qədim türklər və pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, "Türkün tarixinə yeni baxış”, "Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları işıq üzü görüb. 2010-cu ildə "Nadir şah”, "Təhmasib şah”, "Atilla” və "Qədim türklər və pasionarlıq nəzəriyyəsi” kitabları Türkiyədə böyük tirajla çap olunub. Filologiya elmləri namizədi Qulbaxor Aşurova "Əmir Teymur” romanının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti haqqında ətraflı söhbət açıb.
Jurnalist Rüstəm Cabbarov "Əmir Teymur və Azərbaycan” mövzusu ətrafında məlumat verib.
Tarix elmləri namizədi Qəhrəman Rəcəbov, filologiya elmləri namizədi Sultanmurad Olim, şərqşünas alim Qulam Kərimli, özbək dilində nəşr edilmiş "Caxon adabiyyatı” jurnalının baş redaktoru Şuxrat Rzayev və başqaları Əmir Teymuru dövlət başçısı, sərkərdə və şəxsiyyət kimi təhlil etmiş, Azərbaycan ilə Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü inkişaf səviyyəsindən danışıb.
Yunus Oğuz əsər üzərindəki işi, 33 illik hakimiyyəti dövründə bir yürüşü belə uduzmayan Əmir Teymurun şücaəti və qəhrəmanlığı haqqında söhbət açıb: "Mənə Əmir Teymuru psixoloji nöqteyi-nəzərdən göstərmək daha maraqlı idi. Belə ki, onun şəxsiyyəti hələ tam öyrənilməyib. Mən istədim ki, oxucular Əmir Teymuru təkcə böyük sərkərdə və "dünyanın hakimi” deyil, eyni zamanda, dərin ağıla, böyük iradəyə, ziddiyyətli xarakterə, güclü sevgi və nifrət hissinə malik şəxsiyyət kimi görsünlər”. Bildirib ki, Əmir Teymuru məhz biz türkdilli xalqlar dünyaya sevdirməliyik. Yunus Oğuz əsərin Özbəkistanda nəşr edilməsində əməyi olanlara təşəkkür edib.
İştirakçılara "Əmir Teymur” romanı və Azərbaycanla bağlı kitablar hədiyyə edilmişdir.