Günümüzü tıxacsız təsəvvür etmək mümkün deyil. Günün səhər və axşam saatlarında Bakının küçə və prospektlərində tıxacın olması nəticəsində sürücülər bəzən saatlarla yolda gözləmək məcburiyyətində qalırlar. Dərs ili başlayandan bu günə qədər hələ də Bakının küçələrində hər gün sürücülər tıxac problemi ilə qarşılaşır. Tıxac səbəbindən nə işə gedənlər işinə, nə də dərsə gedənlər dərsinə vaxtında gedib çata bilmirlər. Tıxaclardan isə ən çox əsəbələri tarıma çəkilən sürücülərdir. Sürücülər deyir ki, elə bir gün yoxdur ki, tıxac problemi ilə üzləşməsinlər. Bu gün də yaranan tıxac səbəbindən hətta maşınlarını yolun ortasında qoyub gedən sürücülər də var idi.
Dünən tıxacda yolun açılmasını 2 saatdan çox gözləyən sürücülər də oldu. Baki şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, tıxacların yaranmasına səbəb maşınların çox olmasıdır. Respublikada 1 milyon 200 minədək maşın var ki, bunların da 65%-i Bakı şəhərində cəmlənib. Şöbə rəhbəri sürücüləri, xüsusən günün pik saatlarında əsas küçələrdən deyil, ara küçələrdən istifadə etmələrini vacib amil kimi vurğuladı.