
“Çingiz Qənizadənin şəraiti var, elə bilir hamı rahat yaşayır”
Akif Nağı millət vəkilinin qalmaqallı açıqlamasına sərt reaksiya verdi

Milli Məclisin plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadənin "Müavinətlərin ödənilməsinə görə yeyinti və korrupsiya halları varsa, onda bu pulları qaçqın və məcburi köçkünlərə vermək lazımdır ki, qaz, işıq və su pulunu özləri ödəsin” açıqlaması ciddi narazılıqlara səbəb olub.
Hesablama Palatasının rəyinə əsasən qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdikləri kommunal xərclərə görə ayrılan vəsaitlərdə yeyintilər müşahidə olunduğunu və bununla bağlı dəqiq faktlar və rəqəmlər ortaya qoyulduğunu vurğulayan millət vəkili təklif edib ki, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarında düzəlişlər edilməklə, yəni qaçqın və məcburi köçkün ailələrinə güzəştlərin müavinətlə əvəz edilməsi məsələsi dəyişdirilməklə, biz onlara ayrılmış bu güzəştləri yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, məhz qaçqın və məcburi köçkün ailələrinin özlərinin əli ilə həyata keçirilməsini reallaşdıraq.
"Bu insanlar 25 ildir "qaçqın” statusu ilə yaşayırlar, daha neçə il yaşamalıdırlar?” deyə sual edən Ç.Qənizadə əlavə edib ki, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi də bu fikirdədir və onlar da bu məsələni qaldırıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə millət vəkilinin dediklərinə sərt reaksiya verib. Ə.Həsənov Ç.Qənizadəyə xitabən "Kimsə hansısa problem barədə məlumatlı deyilsə, heç olmasa öyrənib, sonra danışmalıdırlar” - deyib.
Bu cür reaksiya gözləmədiyini vurğulayan millət vəkili hesab edirmiş ki, komitə rəhbəri də müavinətlərin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilməsindən kənarlaşmasında və bir az iş-gücünün azalmasında maraqlıdır: "Amma çox təəssüf ki, mənim fikirlərim başqa cür yozuldu və ayrı münasibət bildirildi.
"Qaçqınkom” rəhbərinin cavab reaksiyasından sonra da əvvəlki fikirlərində qaldığını deyən Ç.Qənizadəyə görə, belə bir fikir formalaşdırmağa çalışırlar ki, - xüsusilə də bu, müəyyən vəzifəli şəxslər tərəfindən deyilir - guya o qaçqınların və məcburi köçkünlərin statusunun dəyişməsi ilə bağlı fikirlər səsləndirirəm, bu da hansısa müavinətlərin verilməsinin məhdudlaşdırılması ilə bağlıdır: "Mən təklif etmişəm ki, kommunal xərclərin, yəni güzəştlərin müavinətlə əvəz olunması ilə bağlı dövlət tərəfindən ayrılmış kommunal xərclər icra strukturları tərəfindən deyil, dövlət tərəfindən ayrılmış həmin kommunal xərclərə yönələn pulların hər bir qaçqın və məcburi köçkün ailəsinə nağd verilməsi, yaxud da kartlarına ödənilməsi ilə həyata keçirilsin. Belə olan halda digər icra strukturları tərəfindən korrupsiyaya meyillilik və korrupsiya hallarının aradan qaldırılmasına xidmət etmiş olarıq”.
Qeyd edək ki, millət vəkilinin təklifi ictimaiyyət nümayəndələri tərəfindən də birmənalı qarşılanmayıb.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Çingiz Qənizadənin yəqin rahat şəraiti var, elə bilir ki, hamı rahat yaşayır. Qazancı var. Bu çox yanlış bir yanaşmadır. Məcburi köçkünlər yurd-yuvalarından çıxarılıblar. Onlar harada məskunlaşıblarsa, onlara ev tikib veriblər, onlara order verilmir, müvəqqəti məskunlaşıblar. Qaçqınlar üçün işsizlik əsas problemlərdən biridir. Onlar öz hesablarına dolana bilmirlər: "Təxminən 200 min məcburi köçkün evlə təmin olunub. Yerdə qalan 700 minə yaxın ümumi qaçqın kütləsindən 500 mini acınacaqlı şəraitdə yaşayır. Məcburi köçkünlər üçün Bakı və Qaradağ ətrafında qəsəbələr salınıb. Bakı və ətrafında salınan qəsəbə sakinləri iş tapa bilir, ancaq bölgələrdə yaşayan məcburi köçkünlər üçün qəsəbələrdə iş yoxdur.
Dövlət öz borcunu yerinə yetirə bilməyib, ərazi bütövlüyünü qoruya bilməyib. Buna görə də, məsuliyyəti də dövlət daşıyır. Dövlətin məsuliyyəti ucbatından o insanlar didərgin düşüblər. Ona görə də, nə qədər ki, o insanlar öz yurdlarına qayıtmayıblar, onların yaşamaq məsuliyyəti dövlətin üzərinə düşür. Dövlət o insanlar torpaqlarına qayıdana qədər öz borcunu yerinə yetirməlidir. Hüquq da, konstitusiya da bunu tələb edir”.
Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov "Şərq”ə açıqlamasında Ç.Qənizadənin təklifi ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, sözügedən qərara dəyişikliklər olacağı halda qaçqın və məcburi köçkünlərin kommunal borcları kəskin arta bilər: "Millət vəkilinin məlum açıqlaması son iki gündə qaçqın və məcburi köçkünlər arasında geniş müzakirələrə səbəb olub. Mən hesab edirəm ki, kommunal xərclər icra strukturları tərəfindən deyil, dövlət tərəfindən ayrılmış həmin kommunal xərclərə yönələn pulların hər bir qaçqın və məcburi köçkün ailəsinə nağd verilməsi, yaxud da kartlarına ödənilməsi ilə həyata keçirilməsi məqsədəuyğun deyil. Bu dəyişikliklər sonradan çox ciddi problemlərə yol aça bilər. Fakitiki olaraq, əhalinin qaçqın və məcburi köçkün təbəqəsinin əksəriyyəti işsiz vəziyyətdədir. Əgər kommunal xərclər nağd şəkildə onların kartlarına ödənilsə, pula ehtiyac yaranacağı halda köçkün ailəsi həmin pulu çəkib xərcləyəcəklər. Bu zaman da köçkünlərlə "Azərişıq”, "Azəriqaz” arasında ciddi problemlər yaranacaq. Halbuki qaçqın və məcburi köçkünlərin kommunal xərcləri "Qaçqınkom” tərəfindən ödənildiyi zaman hansısa bir problem yarananda onların üz tutduğu bir ünvan vardı. Onların müraciəti əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz səlahiyyətlərindən istifadə edərək aidiyyəti qurumlarla əlaqə saxlayıb problemin aradan qaldırılmasına nail olurdu. Çingiz Qənizadə məcburi köçkünlərlə işləmədiyi üçün onların durumundan məlumatsızdır. Əks halda, təxmin edərdi ki, kommunal xərclər məcburi köçkünlərə nağd şəkildə ödənilsə, həmin pul digər vacib xərclər üçün istifadə olunacaq və kommunal borclar onlar üçün başağrısına səbəb olacaq”.
Şəymən