"MSK-nın sənədində Elçibəy yazılmışdı"  - Bəy niyə soyadını milliləşdirməyib?

Mərhum Prezident Əbülfəz Elçibəyin sosial şəbəkələrdə yayılan xarici pasportu müzakirə yaradıb. 
İctimai xadimlərin və media nümayəndələrinin diqqətini Bəyin soyadının ömrünün sonunadək rəsmi sənədlərdə Əliyev yazılması olub. 

Çoxuna Bəyin hansı səbəbə soyadını milliləşdirmədiyi və Elçibəy adını rəsmiləşdirməməsi maraqlı gəlib. 

Məsələ ilə bağlı “Sherg.az”a Elçibəyin uzun illər yaxın köməkçisi olan Oqtay Qasımov məlumat verib. 

Oqtay bəy deyib ki, Elçibəyin bu addımı atmağa zamanı qalmayıb:

“Amerika səfəri ilə bağlı mən məlumatlı deyiləm. Orada olmamışam. O ki qaldı, pasportda soyadının dəyişdirilməməsi məsələsinə... Bilirsiz ki, Əbülfəz bəy Elçibəy titulunu 20 Yanvar hadisələrindən sonra götürüb.

Prezident seçkiləri zamanı Mərkəzi Seçki Komitəsinin rəsmi sənədində Əliyev soyadı ilə yanaşı Elçibəy də yazılıb. Dəyişməməsinə səbəb o dövrdəki siyasi proseslər, qanunvericilik məsələləri ola bilər.  Görünür ki, buna zaman qalmayıb. Bunun izahını bu cür vermək olar. Vaxt çatmadı. Onsuz da onu dünyanın hər yerində Əbülfəz Elçibəy kimi tanıyırdılar. Keçmiş soyadı 1990-cı illərin əvvəlindən gündəmdən çıxmışdı. Bəzən ona düşmən münasibəti bəsləyən şəxslər Əliyev kimi yazmağa çalışır, yaxud da bu cür müraciət edirdilər”.