233 tələbə bir ali məktəbdən digərinə köçürülüb - Nazirlik




Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib.
Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 307-si yerli, 122-si isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün sorğularını təsdiq ediblər. Yerli tələbələrdən 230-u, xarici universitetlərdə oxuyan tələbələrdən isə 3-ü artıq seçdikləri ali təhsil müəssisələrinə köçürülüb.

Məlumatda qeyd edilib ki, köçürülmək üçün ən çox müraciət olunan universitetlər Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Dillər Universitetidir.

Köçürülmək istəyənlərin əksəriyyəti Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti və Lənkəran Dövlət Universitetinin tələbələridir.
Qeyd edək ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Portal 2016-cı ilin avqust ayında istifadəyə verilib. 2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də transfer.edu.az elektron portalı vasitəsilə köçürülməsinə başlanılıb.