Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH

  • “Tehran ABŞ-ın növbəti hərbi əməliyyatına artıq hazırlaşır”

İranla ABŞ arasında gərginlik fonunda Tehran mümkün yeni hərbi qarşıdurmaya hazırlıqlı olduğunu nümayiş etdirir. İran rəsmilərinin son açıqlamalarında ölkənin ABŞ tərəfindən həyata keçirilə biləcək müxtəlif hərbi ssenarilərə hazır olduğu vurğulanır.

Tehran xüsusilə uzunmüddətli tükəndirmə müharibəsi və ya qəfil, ildırımsürətli hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirir. İran ali rəhbərinin ofisinin nümayəndəsi Mehdi Fəzailinin açıqlamaları da bu kontekstdə diqqət çəkir. O, İran ordusunun mümkün müharibə ssenarilərinə hazırlıqlı olduğunu və ali rəhbərin bununla bağlı müvafiq əmrlər verdiyini açıqlayıb. Fəzaili eyni zamanda İranın son müharibə zamanı hərbi imkanlarının yalnız bir hissəsindən istifadə etdiyini iddia edib və ölkənin hərbi potensialının ötən dövrdə əhəmiyyətli dərəcədə artdığını bildirib. Tehran bununla yanaşı, ABŞ-a qarşı çəkindirici mesajlar verməyə davam edir. İran rəsmisinin sözlərinə görə, son həftələrdə keçirilən raket sınaqları zamanı ABŞ hərbi gəmilərinin yaxınlığında partlayışlar baş verib. Fəzaili bu hadisəni Vaşinqtona “açıq xəbərdarlıq” kimi təqdim edib. Bütün bunlar göstərir ki, Tehran mümkün yeni qarşıdurma ehtimalını ciddi şəkildə nəzərdən keçirir və hərbi imkanlarını nümayiş etdirməklə ABŞ-ın mümkün hərbi addımlarının qarşısını almağa çalışır.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, İran rəsmi dairələrinin son açıqlamaları Donald Trampın rəsmi Tehrana yönəlik xəbərdarlıq mesajına cavab reaksiyası xarakteri daşıyır:

“Məsələ ondadır ki, Prezident Donald Tramp bəyan edib ki, İranla bağlı məsələ tezliklə həll ediləcək. İranın vəziyyətinin ağır olduğunu bildirib və eyni zamanda vurğulayıb ki, İran ya tezliklə ABŞ-ın istədiyi razılaşmaları qəbul edəcək, ya da ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etməli olacaq. Yəni, bu da Tramp administrasiyasının İrana yönəlik iki istiqamətli, həm sülh danışıqları, həm də savaş təhdidləri üzərindən qurulmuş strategiyasını göstərir. Təbii ki, rəsmi Tehran da Tramp administrasiyasının İrana qarşı növbəti dəfə hərbi varianta, hərbi ssenarilərə əl ata biləcəyini istisna etmir. Hətta bir neçə gün əvvəl İran rəsmisi bəyan etmişdi ki, ABŞ-da aralıq seçkilərindən sonra yenidən hərbi əməliyyatlara başlanma ehtimalına İran artıq hazırdır. Yəni, İranda belə bir təhlükənin mövcudluğunu istisna etmirlər. Əgər Tramp administrasiyası seçkilərdə qalib gələrsə, əli möhkəmlənər və İrana qarşı hərbi əməliyyatlarda daha sərbəst davrana bilər. Halbuki, Trampın respublikaçılarının qalib gəlmək ehtimalı o qədər yüksək deyil”.

Analitik qeyd edib ki, rəsmi Tehran indidən preventiv addımlar atır:

“Tehran tərəfi ABŞ-a xəbərdarlıq edib ki, İrana qarşı hərbi əməliyyatlar Amerika üçün baha başa gələ bilər. Yəni, açıqlamaların məzmunu məhz belə anlaşılır. ABŞ-ı İrana qarşı növbəti hərbi əməliyyat ehtimalından çəkindirməyə çalışırlar. Ancaq bu çəkindirmə cəhdlərinin ABŞ-ın davranışlarına necə effekt verəcəyi hələlik qeyri-müəyyəndir. Çünki ABŞ indiki mərhələdə əsasən bütün diqqətini ABŞ-da keçiriləcək aralıq seçkilərinə yönəldib. Böyük ehtimalla həmin seçkilərdən sonra da həm Hörmüz boğazı ətrafında, həm də İran ətrafında və bütövlükdə isə Yaxın Şərq regionunda cərəyan edən hərbi-siyasi proseslər böyük ölçüdə aydınlaşmağa başlayacaq”.