Azərbaycan-Rusiya sərhədinin dəqiqləşməsi ilə Türkmənçay müqaviləsi ləğv edildi - Sabiq nazir

"Son zamanlar Rusiya ilə Ermənistan arasında yaranmış gərginlik fonunda tərəflər artıq qarşılıqlı narazılığını ifadə edir. Hətta iki ölkə liderinin yəni, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin sonuncu görüşündə də bu gərginlik açıq şəkildə özünü göstərirdi".

Bunu Teleqraf-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi, İrəvanın Avropa İttifaqı istiqamətində atmağa çalışdığı addımlar və digər məsələlərdən bəhs edərkən deyib.

Sabiq nazir hesab edir ki, Kremlin son davranışları İrəvanın atdığı addımlardan açıq narazılığın ifadəsidir:

“Hətta Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması ilə bağlı ölkənin birinci şəxsi tərəfindən açıqlama verildi. Bu, o deməkdir ki, həmin məsələ gec-tez həllini tapacaq və Rusiyanın Ermənistandakı hərbi bazası bağlanacaq. Amma bundan sonra Ermənistanın öz təhlükəsizliyini necə quracağı ilə bağlı iddialar səslənir. Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla bu məsələdə ilkin nəticə əldə etməyə çalışır. Amma təhlükəsizlik bir günün içərisində həll olunan bir məsələ deyil”.

Elmar Məmmədyarov həmçinin Zəngəzur dəhlizinin yəni, TRIPP layihəsinin açılması istiqamətində Rusiyanın sərgilədiyi mövqe prosesin ləngiməsinə səbəb olmayacağını da söyləyib:

“Orada söhbət 42 kilometrlik dəmir yolundan gedir ki, bu da tezliklə çəkiləcək və istifadəyə veriləcək. Bunun fonunda digər məsələlər xüsusilə sərhədlərin dəqiqləşdirilməsi istiqamətində də ciddi addımlar atılacaq. Burada sərhədlərin dəqiqləşdirilməsi məsələsində anklav və eksklavların qarşılıqlı olaraq mübadilə edilməsi də mümkündür. Sözsüz ki, bu elə də asan bir proses deyil. Hələ də Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsi başa çatmayıb. Sovet dövründə yuxarıdan verilən qərarla belə bu məsələ həll olunmadı. Mən xarici işlər naziri olduğum dövrdə isə ən çətin proseslərdən biri Rusiya ilə aparılan delimitasiya məsələsi idi. Çünki su, qoyunları-malları hara otlağa göndərəcəyik, gömrük və sərhəd postu harada qurulacaq və s. məsələlər qaldırılmışdı. Amma bütün çətinliklərə baxmayaraq biz Azərbaycanla Rusiya arasında bu məsələnin həllinə nail olduq. Bununla da tarixdə imzalanmış Türkmənçay (1828) müqaviləsi faktiki olaraq ləğv edildi”.