"Əmək pensiyalarına edilən artımı müsbət qiymətləndirsəm də..." - Ekspert




"Əmək pensiyalarının sığorta hissəsi qanunvericilikdə müəyyən edilən kimi inflyasiyanın həcminə uyğun indeksasiya olunur”.

Bu barədə Sherg.az-a əmək pensiyalarının artırılmasından danışarkən iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. 

Onun sözlərinə görə, prosesə uyğun olaraq hazırda pensiyaların artım hissəsi 11 manat müəyyən edilib:

"Təbii olaraq, pensiyaların sığorta hissəsinə edilən artım müsbət haldır. Lakin bu zaman təqdim olunan statistikalarda real inflyasiyanın həcmi doğru göstərilmir. Hətta Dövlət Statistika Komitəsinin ötən gün yaydığı məlumatlara görə, ərzaq məhsullarının qiymətləri 30 faizdən yuxarı, qeyri-ərzaq məhsulları 25-30 faiz civarında artıb. Rəqəmlər göstərir ki, inflyasiya rəsmi rəqəmlərlə elan olunduğundan daha yüksəkdir. Bu baxımdan həmin inflyasiya miqdarı ilə hesablansa belə Azərbaycanda yaşayış minimumunu təmin etmir. Çünki müşahidələrimizdən də görürük ki, qiymətlər ötən illə müqayisədə çox bahalanıb. Üstəlik dolların məzənnəsinin yüksəlməsi ilə bağlı idxal olunan məhsulların qiyməti də kifayət qədər artıb. Yerli istehsalda da bəzilərinin xammalı xaricdən gətirildiyindən onlarda da artım görünür. Bu mənada əmək pensiyalarına edilən artımı müsbət qiymətləndirsəm də, hazırkı inflyasiyanın qarşısında bu yetərli olmadığını deməliyəm”.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında əmək pensiyalarının sığorta hissəsinin artırılmasından danışıb. Nazir deyib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq.

Aysel Aslan