"Aprel döyüşləri təkrarlana bilərmi?” sualının cavabı Ermənistanın siyasətindən və ona havadarlıq edən dövlətlərin bundan sonrakı fəaliyyətindən asılıdır”.
Bunu Sherg.az-a prezident İlham Əliyevin "Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir” fikrinə münasibət bildirərkən millət vəkili Elman Nəsirov deyib.
Deputat bildirib ki, aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin dondurulmadığını və istənilən vaxt hərbi əməliyyatların başlanıla biləcəyini göstərdi:
"Dondurulmuş bir şey var, o da, diplomatiyadır. Bu da, obyektiv və subyektiv səbəblərdən qaynaqlanır. Amerika Birləşmiş Ştatlarının həmsədr dövlət olaraq başı prezident seçkilərinə qarışdığından münaqişə onun prioritetləri sırasında deyil. Fransada isə prezident seçkiləri bu ilin yazında baş tutacaq. Onun üçün ölkənin gündəmində əsas məsələ kimin prezident seçilməsidir və həmsədr ölkə olmağına rəğmən, bu dövləti də münaqişənin həlli məsələləri maraqlandırmır. Qaldı həmsədr kimi Rusiya. Rəsmi Moskvanın isə prezident seçkiləri olmasa da, Suriya məsələsinin nizamlanması ilə bağlı başı qarışıb. Rusiyanın dəstəyi ilə Bəşşar Əsəd qüvvələri münaqişə prosesində böhran vəziyyətində bir qədər də irəliləyib. Ona görə Putin üçün də Suriya böhranı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən daha vacib məsələyə çevrilmişdir. Bundan sonra bəlkə vəziyyət dəyişə bilər”.
Keçən ilin dekabrın 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər şəhdimiz Çingiz Qurbanovun nəşinin geri qaytarılması məsələsinə toxunan E. Nəsirov vurğulayıb ki, Ermənistan bu davranışı ilə özünün münaqişəni həll etmək niyyətində olmadığını, status-kvonun saxlanmasında maraqlı olduğunu nümayiş etdirir:
"Belə olan şəraitdə əsgərimizin meyiti geri qaytarılmırsa, Ermənistan danışıqlardan yayınırsa, kim təminat verir ki, aprel döyüşləri daha ağır ssenari üzrə təkrarlanmayacaq? Heç kim təminat verə bilməz ki, bu, olmayacaq. Əslində Ermənistan təkbaşına belə aqressiv siyasət həyata keçirə bilməzdi. Prezident İlham Əliyev "Doqquz ayın Sosial-İqtisadi İnkişafın Yekunları ilə bağlı” Nazirlər Kabinetində çıxışı zamanı qeyd etdi ki, biri Ermənistana silah verir, biri pul verir, biri işğalçı dövlətin təbliğatı ilə məşğuldur, biri də onun üçün lobbiçilik fəaliyyəti göstərir. Həmin qüvvələrin ucbatından cırtdan Ermənistan dövləti beynəlxalq hüquqa münasibətdə belə həqarətli mövqe nümayiş etdirir. Əsgərimizin meyiti geri qaytarılmasa, bu təbii ki, danışıqlar prosesinə növbəti zərbə olacaq. Münaqişənin həlli ilə bağlı həmsədrlərin sonradan fəaliyyətə keçməsi indidən uğursuzluğa düçar olacaq. Bu isə vəziyyətin növbəti dəfə gərginləşməsi deməkdir”.
Deputat əlavə edib ki, dekabrın 29-u baş verən erməni təxribatı da aprel döyüşlərinin təkrarlana biləcəyini bir daha göstərdi:
"Bu baş verərsə, bütün məsuliyyət Ermənistanın, ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə düşəcək. Beynəlxalq ictimaiyyət Ermənistana münasibətdə ictimai qınaq elementlərini işə salmadığına, kənar müşahidəçi statusu ilə prosesləri izləyən tərəf olduğuna görə qınanacaq.
Sonda qeyd edim ki, Ermənistan bu siyasətindən əl çəkməyib, əsgərimizin meyitini qaytarmasa, hadisələr ən gözlənilməz, mürəkkəb ssenari üzrə inkişaf edəcək. Zənnimcə, bu, aprel döyüşlərindən də güclü olacaq. Ermənistanın belə vəziyyətdə ordusu güclü zərbə ala bilər. Buna görə Ermənistan rəhbərliyin əgər papağı varsa, qarşısına qoyub ciddi fikirləşsin”.
Qeyd edək ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə aprel döyüşlərindən danışıb. Dövlət başçısı söyləyib ki, aprel döyüşləri Azərbaycanın böyük hərbi qələbəsidir.
Aysel Aslan