Elxan Şahinoğlu: “Lavrov Ermənistanın mövqeyindən çıxış edir”





Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfər edib. Bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb. 

Moskvaya səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq. 

Xatırladaq ki, bundan əvvəl Ermənistan xarici işlər naziri də Moskvada səfərdə olub və Lavrovla Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib. 

XİN rəhbərinin Moskva səfərini "Sherg.az”a şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, "Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, "Qarabağa qanunsuz səfər edən jurnalist həbs olunmamalıdır” kimi sözlər işlədən bir nazirlə görüş müsbət nəticə verə bilməz: 

"Faktiki olaraq Rusiya xarici işlər naziri Sergey Lavrov münaqişənin mərhələli həllinə yox, paket həll variantına üstünlük verir. Lavrov mətbuat konfransında açıq şəkildə dedi ki, torpaqların boşaldılması prosesi Qarabağın statusu müəyyən ediləndən sonra gündəmə gətirilə bilər. Bu o deməkdir ki, imzalanacaq sənəddə statusun mexanizmi göstərilməli, yəni referendumun tarixi müəyyən olunmalıdır. Təbii ki, Azərbaycan tərəfi buna getməyəcək. Çünki istənilən halda referendum Qarabağın "müstəqilliyinə” gedən yoldur. Bizə görə, status ən sonda müzakirə olunacaq məsələdir, əvvəlcə torpaqlar boşaldılmalıdır. Yalnız ondan sonra icmalararası görüşlər baş tuta bilər. Amma Rusiya XİN rəhbəri fərqli yanaşma ortaya qoyur və faktiki Ermənistanın mövqeyindən çıxış edir. Belə bir baxışa malik olan nazirin iki-üç gün ərzində fikirlərini dəyişməsi inandırıcı deyil”. 

Ekspertin sözlərinə görə, bir müddət əvvəl Ermənistanın xarici işlər naziri ilə görüşən Lavrov balansı pozmamaq üçün Elmar Məmmədyarovu da Moskvaya dəvət edib: 

"Sanki bununla tərəfsiz olduqlarını nümayiş etdirməyə çalışırlar. Ancaq Lavrovun sonuncu açıqlamaları ondan xəbər verir ki, Rusiyanın işğalçı ölkəyə təsir etmək niyyəti yoxdur. Ona görə də mərhələli həll planına "yaşıl işıq” yandırmaq istəmir. Belə məqamda Lavrov-Məmmədyarov görüşündən real nəticə gözləmirəm”.

İsmayıl