“Orxan Zeynalov işi”ndə erməni izi var

“Son zamanlar Azərbaycan və Rusiya arasındakı münasibətlərdə yaranmış istilik Ermənistanı ciddi təlaşa salıb”



Moskva sakini Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalova qarşı Rusiya hüquq-mühafizə orqanı əməkdaşlarının nümayiş etdirdikləri qeyri-etik davranışlar, onun fiziki təzyiqlərə məruz qalaraq şərəf və ləyaqətinin alçaldılması, eləcə də Rusiya daxili işlər nazirinin soydaşımıza göstərdiyi qərəzli münasibət dünya ölkələrinin bir çoxunda da pis qarşılanıb.

Beynəlxalq təşkilatlar da məsələyə müdaxilə ediblər. Moskva polisinin həmyerlimizə tutduğu əməlləri qeyri-hüquqi rəftar sayaraq, Rusiyanı hüquqi dövlət olmağa səsləyiblər. Azərbaycanlı siyasi təhlilçilər hadisəyə müxtəlif çalarlı don geydirirlər. Bəziləri bunu ölkəmizin Vladimir Putinin irəli sürdüyü "Avrasiya ittifaqı”na qoşulmaması ilə bağlayaraq basqı metodu kimi dəyərləndirir. Digərləri olayı Azərbaycan və Rusiya arasındakı münasibətlərə müəyyən gərginlik gətirməkdə maraqlı olan qüvvələrlə əlaqələndirir. Rusiyalı jurnalist Maksim Şevçenko isə hadisələrdə erməni izi olması barədə bəyanatla çıxış edib. Yazar "Exo Moskvı” radiostansiyasının "Osoboe mnenie” proqramında qonaq olarkən "Russkie” hərəkatının lideri Dmitri Demuşkinlə birlikdə Biryulevadakı iğtişaşlarında təxribatçılar arasında erməniləri gördüklərini bildirib.

Rusiyalı yazarın açıqlamasını şərh edən politoloq Elşən Manafov da söyləyib ki, bu oyunda erməni lobbisinin barmağının olması istisna deyil. Ekspertin sözlərinə görə, son zamanlar Azərbaycan və Rusiya arasındakı münasibətlərdə yaranmış istilik Ermənistanı ciddi təlaşa salıb: "V.Putinin Bakıya səfərindən sonra Bakı və Moskva arasındakı bir sıra problemlər geridə qaldı. Səfərdən qabaq ekspertlərin əksəriyyəti Rusiya və Azərbaycan münasibətlərinə zərbə vuracaq amil kimi Qəbələ RLS məsələsini önə çəkirdilər. Amma Putinin səfərindən sonra tərəflər bir sıra sahədə əməkdaşlıqlarını davam etdirəcəkləri barədə konsensus əldə etdilər. Hazırda isə O.Zeynalov olayını ortaya atmaqla tərəflər arasındakı münasibətləri gərginləşdirmək istəyirlər. İstisna deyil ki, Ermənistan tərəfi də Azərbaycanın Rusiya ilə münasibətlərində hər iki tərəfi qane edən amilləri görür. Zənn edirəm ki, hadisəni şişirtmək düzgün deyil. Bu, məişət xarakterli bir insidentdir. Qeyd etmək lazımdır ki, indiyədək Rusiyada ruslar tərəfindən yüzlərlə azərbaycanlı qətlə yetirilib. Buna görə də şimal qonşumuz məsələyə daha dözümlü yanaşmalıdır”.

Politoloq olayın Azərbaycan və Rusiya arasındakı münasibətlərdə soyuqluq yaratmayacağını deyib: "Hər iki dövlət başçısının aydın siyasi iradəsi var. Ortaq siyasi kurs var ki, hər iki tərəf bu siyasətə əməl edir. Güman edirəm ki, tərəflər hadisə ətrafında münasibətlərin gərginləşməsi mövqeyindən geri çəkiləcəklər. Hər halda bu siyasi şounu Rusiya telekanalları dərinləşdirdilər. Arzu edək ki, hadisə əlaqələri fərqli reallığa gətirib çıxarmayacaq”.

Ekspert qeyd edib ki, O.Zeynalov məsələsini Azərbaycanın "Avrasiya İttifaqı”na qoşulmaması ilə bağlayanlar yanılırlar: "Ölkəmizin sözügedən birliyə qoşulması haqda konkret fikir söyləmək mümkünsüzdür. Danışıqların müəyyən hissəsi məxfi şəkildə aparıldı. Gizli tərəflər ekspertlərə belə fikirlərlə çıxış etməyə əsas verdi ki, Putin özünə lazım olanı Bakı səfərində əldə etdi. Ölkəmiz "Avrasiya İttifaqı”na qoşulacaqsa, Azərbaycan dövlətinin suveren hüquqlarına müdaxilə edilməyəcəyi ilə bağlı məqamlar nəzərə alınacaq. Amma bir daha qeyd edirəm ki, Azərbaycanın adıçəkilən birliyə qoşulub-qoşulmaması barədə konkret mülahizə irəli sürülə bilməz”.