Ailələrdə oğlan-qız ayrı-seçkiliyi...

Elşad Məmmədli: “Bəzən oğlum şikayətlənir ki, sən bacıma daha bahalı paltarlar alırsan”Arzu Müzəffərova: “Valideynlər öz övladlarını kiçik yaşlarından “var”, “yoxdur” sözünə öyrətməlidir”
Sevinc Elsevər: "Uşaqlar arasında heç vaxt ayrı-seçkilik etmirik”
"Nə fərqi qız ya oğlan, əsas odur ki, xeyirli övlad olsun” desək də, nədənsə, oğlan uşaqlarının dünyaya gəlmə xəbəri valideyn və onun ətrafını qız uşaqlarının doğulma xəbərindən daha çox sevindirir. Ta dədə-babadan da oğula "arxa, düşmən çəpəri”, qıza isə "duz yükü”kimi baxan valideynlər olub. Bu gün də var, çox güman ki, sabah da olacaq...
Azərbaycan ailələrinin "oğul sevgisi” barədə çox yazılıb, çox deyilib. Cinsiyyətə söykənən ayrı-seçkilik məsələsi həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Valideynlər mümkün qədər övladları arasında fərq qoymamağa çalışsalar da, bəzən bu qaçılmaz olur.
Məhz elə bunun nəticəsidir ki, son illər açıqlanan statistikada qızların sayının azaldığına dair məlumatlar öz əksini tapır. Amma maraqlı məqam ondan ibarətdir ki, Qərb ölkələrində də qızlarla oğlanlar arasında ayrı-seçkilik hallarına yol verilirmiş.
Qızlarınıza oğlanlarınızdan az pul verin ki, onları daha çox əməkçi həyata alışdırasınız
"The Guardian” yazır ki, qadınların kişilərdən az maaş alması kimi qeyri-bərabərlik uşaqlıqdan başlanır. Britaniyada açıqlanmış yeni hesabata görə, erkən uşaqlıq illərindən oğlanlara qızlardan 20 faiz çox "məktəbpulu” və ya "cibpulu” verirlər.
Hesabatda deyilir ki, qızlara nəinki daha az cib xərci verilir, onlar həm də oğlanlarla müqayisədə daha az maliyyə müstəqilliyinə malik olurlar. Oğlanlardan fərqli olaraq qızlar xoşlarına gələn şeylərin onlar üçün çox vaxt başqaları tərəfindən alınacağına ümid etməli olurlar. Hətta qızlar və oğlanlar arasında bu "imkanlar fərqi” illər keçdikcə daha da böyüyür. Araşdırmaçıların fikrincə, qız uşaqlarına zinət əşyaları və paltarlar kimi bahalı şeylərin alınması cibpulunda fərqi nisbətən azaltsa da, belə hal qızların maliyyə müstəqilliyini cilovlayır. Ekspertlər valideynlərə məsləhət görürlər ki, real həyatda onsuz da mövcud olan gender fərqinə bu sayaq "töhfə” verməsinlər. Son statistika məlumatlarına görə, hazırda Britaniyada qadın və kişilərin maaşları arasındakı fərq orta hesabla 13, 9 faizdir.
Maaş və gəlirlərdə gender fərqinə qarşı kampaniya aparan Fawcett Society cəmiyyətinin baş icraçı-direktoru Sam Smethers bu hesabatda yazılanları kinayə ilə qarşılayıb: "Yaxşıdır da! Qızlarınıza oğlanlarınızdan az pul verin ki, onları daha çox əməkçi həyata alışdırasınız. Belə çıxır ki, maaşlardakı gender fərqi evlərdən başlayır. Bu onu göstərir ki, qızlara sözün əsl mənasında erkən yaşlarından az dəyər verilir. Belədirsə, onlara işdə qoyulan fərqə təəccüblənməyə dəyərmi?”.
... sən bacıma daha bahalı paltarlar alırsan
Bəs, Britaniyada aparılan araşdırmalar nəticəsində əldə olunan bu hesabatla bağlı Azərbaycan ictimaiyyəti nə düşünür? Bizimkilər də "cib xərcliyi” verən zaman qızla oğlan arasında fərq qoyur?
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli "Şərq”ə açıqlamasında sözügedən hesabatda subyektiv yanaşmaların çox olduğunu deyib: 
"Yaxud da obyektivlik çatışmazlığı var. Bəlkə də hansısa bir qrant layihəsinə hesablanıb. Mən düşünmürəm ki, hazırda dünyada qadınların belə deyək ki, qul əməyi var, onlara eyni iş üçün kişilərdən daha az maaş verilir. Sadəcə, qadınlar zərif cins olduğu üçün mümkündür ki, daha az əmək tələb edən, iş qrafiki daha rahat olan işlərdə çalışdıqları üçün daha az maaş alırlar. Məsələn, həmin işi kişi də görsə, eyni maaş alacaq. Yəni eyni işə görə kişi olduğu üçün əlavə pul yazılmasının nə iqtisadi, nə də mənəvi əsasları var”.
Övladlarına "cibxərcliyi” verilməsi məsələsinə gəldikdə isə E.Məmmədli normal insanların qız və oğlan övladları arasında qətiyyən fərq qoymadığını deyib: "Dərsə gedəndə oğluma nə qədər cibxərcliyi verirəmsə, qızıma da eyni məbləği verirəm. Hətta bəzən oğlum şikayətlənir ki, sən bacıma daha bahalı paltarlar alırsan”.
Şəxsən mən övladlarıma kiçik yaşlarından yoxluğun var olduğunu aşılamışam
Psixoloq Konsultant Arzu Müzəffərova isə hesab edir ki, həyatda baş verən hər nə varsa, insanlıqla, düşüncə ilə, baxışla ölçmək lazımdır, cinsi orqan ilə deyil: 
"Bu cür halları nəinki Britaniyada, müsəlman ölkələrində daha da faciəvi faktorlarla göstərmək olar. Dünyaya gələn qız və oğlan övladlarına fərq qoymaq tarixi keçmişə dayanır. Bunun haqda çox yazmaq olar. Müasir dövrdə isə hər şey inkişaf etsə də, bəzi insanlarda həyata baxış dəyişmir, inkişaf etmir. Hələ bu dediklərim münasibətlərə dayanırsa, inkişafa deyil daha çox travmalara səbəb olur. Doğulana, övlad olaraq baxmamaq, cinsi orqanlarına görə qiymətləndirmək doğru yanaşma deyil. Hələ oğlan uşaqlarına azadlıq, qız uşaqlarına isə qadağalar onları ətrafdan qorumaq deyil. Valideyn, doğulduğu uşağın psixikasına, həyat tərzinə, büdcəsinə görə davranmalıdır. Onlar cəmiyyətdən uşaqlarını qorumaq düşüncəsi ilə birinə azadlıq, digərinə qadağa qoymaqla daha çox travma verirlər”.
Pul xərcliyinə gəldikdə isə psixoloq deyib ki, valideyn ilk öncə öz büdcəsinə görə hərəkət etməlidir:
"Uşaqlara, körpə vaxtlarından istədiklərini alıb, sonra isə yoxdur, deyib ikili arasında (valideyn, övlad) mübahisə düşən hadisələrlə az rastlaşmadıq. Fərqli ailələrdə valideynlər, fərqli situasiyalara görə oğlan, qız övladları arasında fərq qoyurlar. Bu hallar hələ nişanlı olan cütlüklər arasında da görülür. Oğlanların, qızlara "mən oğlan uşağını daha çox istəyirəm və ilk uşağımız oğlan olsun” deməsi qarşı tərəfə verilən qorxu, şübhə və travmadır. Bu məsələnin özü ayrıca bir müzakirə predmetidir”.
Arzu xanımın sözlərinə görə, valideynlər öz övladlarını kiçik yaşlarından "var”, "yoxdur” sözünə öyrətməlidir: 
"Hər bir valideyn övladının psixikasına görə davranmalıdır. Yəni, hər kəs öz çəmənini yaşıllaşdırmalıdır. Cinsi orqana görə fərq qoymaq heç bir problemi həll etmir. Qaldı ki, mənim övladlarıma olan yanaşmama, 3 övladım var. Böyük oğlum 22, qızım 19, kiçik oğlum isə 13 yaşındadır. Mən onların arasında heç vaxt fərq qoymamışam. Onların fərqləri ancaq həyata baxışlarında, zövqlərində olub. Sevgidə isə fərq qətiyyən ola bilməz. Şəxsən mən övladlarıma kiçik yaşlarından yoxluğun var olduğunu aşılamışam. Əslində elə yoxluq da bir varlıqdır”.
Hətta birinin ad günü olanda o birilərinə də hədiyyə alırıq ki, ayrı-seçkilik olmasın
Yazar Sevinc Elsevər isə araşdırma aparılsa, oğlanlarla qızların "cibxərcliyi” arasındakı faiz nisbətinin Azərbaycanda daha çox olduğunu deyib: 
"Oğlan uşaqları dostları ilə çayxanaya gedir, qız dostlarının yol pulunu verir. Hətta centlmenlik gərəyi onları çaya, kofeyə qonaq edirlər. Bu məsələləri düşünərək oğlanlara qızlardan daha çox xərclik verildiyini düşünürəm. Amma məncə qıza, oğlana eyni məbləğdə xərclik vermək lazımdır. Niyə qızı mütləq hansısa oğlan dostu qonaq eləməlidir? Mən universitetin sonuncu kurslarında artıq özüm işləyirdim, təqaüd də alırdım. Heç bir oğlan tanışıma və ya qrup yoldaşlarıma imkan vermirdim ki, mənim əvəzimdən hansısa situasiyada pul ödəsinlər. Elə olub ki, yarıbayarı pul qoymuşam. Amma əsla icazə verməmişəm ki, mənim yerimə ödəsinlər. Ən çox da ona görə ki, kiməsə borclu qalmaqdan xoşum gəlmir. Hər halda valideynlər qızları ilə oğlanlarına eyni miqdarda xərclik versələr, daha yaxşı olar. 
Çünki qızların ehtiyacları daha çoxdur. Hətta bizə zarafatla belə deyərdilər: "Üstündə pul götür, bəlkə birinin qatıq bankasına toxundun sındı, yapışdı yaxandan”. Öz uşaqlarına gəlincə isə oğlunun hələ balaca olduğunu deyən yazar qızlarına onlara kifayət edəcək qədər xərc verdiyini deyib: "Amma qızlarım pulu qənaətlə xərcləyirlər. Bunu da mən öyrətmişəm onlara. Demişəm ki, əgər pulun çoxdursa, bu o demək deyil ki, hamısını qəpiyinədək xərcləməlisən!? Cibdibi də olsa, saxlamağı öyrənin! Sağ olsunlar belə də edirlər. İnanın, elə olub ki, xərcliklərindən qənaət edib doğum günlərimizdə mənə, atalarına hədiyyə alıblar. Hətta evdə pul tamam qurtarıb, qızlar pul çıxarıblar ki, ana, bir günlük də olsa, bizi görər. Oğlumu isə hələ bilmirəm. Balaca olduğu üçün ona xərclik vermirik. Amma uşaqlar arasında heç vaxt ayrı-seçkilik etmirik. Hətta birinin ad günü olanda o birilərinə də hədiyyə alırıq ki, ayrı-seçkilik olmasın. Bu bizdə artıq bir qaydadır...”.
Şəymən