Saytların dil mənzərəsi...

Müşfiq Ələsgərli: “Bu sahədə qüsurlar o qədər çoxdur ki, onları bir-bir sadalamaq mümkün deyil”
Aqil Ələsgər: “Bəzən çox tanınmış saytlardan olan dostların belə bərbad dildə yazıldığı üçün yazısını yayımlaya bilmirik”



Elşad Məmmədli: "Nüfuzunu gözləyən redaksiyalar təcrübəli korrektorlara ehtiyac duyurlar”

Elçin Zahiroğlu: "Orfoqrafik səhvlər və getdikcə bunun adi hala çevrilməsi dilə düşmənçilikdir”

(... Əvvəli ötən sayımızda)

Azərbaycanda medianın dili ilə bağlı fərqli fikirlər mövcuddur. Xüsusən də, bu sahədə ciddi problemlərin mövcudluğunu iddia edənlər çoxluq təşkil edir.

Yeni yaranmaqda olan internet media vasitələrində dil xətalarının çoxluğuna diqqət çəkən mütəxəssislər belə hallara münasibətdə ictimai qınaq tədbirlərinin artırılmalı olduğunu vacib hesab edirlər.

Qeyd edək ki, bir müddət əvvəl AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Saytların dil mənzərəsi” mövzusunda "dəyirmi masa” keçirilib. Tədbirdə dilçi-alimlər, sayt rəhbərləri iştirak ediblər. Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov bildirib ki, bu gün əksər saytlarda Azərbaycan ədəbi dil qaydaları pozulur: "Saytlarda dil normaları pozulur, əlifbamızda olmayan hərflər yazı prosesində müşahidə olunur”.

Sözsüz ki, Azərbaycan mediasında dil problemlərinin ortaya çıxmasını şərtləndirən amillər çoxdur. Mediada dil qüsurlarının qloballaşmasının əsas səbəblərindən biri kimi də korrektura şəbəkəsinin sıradan çıxması göstərilir. Ekspertlərə görə, internet media qurumlarının əksəriyyətində korrektorlar olmadığı üçün müxbirlər redaksiyaya nə göndərirsə, redaktor onu olduğu kimi sayta yerləşdirir. Yazıların çoxunda cümlələr baş-ayaq gedir. Fikirlər biri-birini tamamlamır. Mətbuata açıqlama verən korrektorlar isə Azərbaycan dilçiliyindəki qarışıq vəziyyətdən də şikayət edirlər və vurğulayırlar ki, ilk baxışda xırda görünən məsələlər iş prosesində gərginlik yaradır. Elə buna görə də bəzi redaksiyalarda korrektəyə ciddi diqqət yetirilmir. Çünki korrektorlar çox vaxt müasir dilin yenilikləri ilə ayaqlaşa bilmirlər və işlərində xətalara yol verirlər. Onda belə bir sual ortaya çıxır. Ümumiyyətlə, indiki dövrdə media qurumlarında ayrıca korrektura şöbəsinin olması nə qədər zəruridir?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesab edir ki, dil normalarının qorunmasında dövlətin fəal, təsirli rolu ilə yanaşı, hər bir vətəndaşın ictimai borcunu dərindən anlaması da önəmlidir: 

"Azərbaycan Kütləvi İnformasiya Vasitələrində dilimizin və ədəbi dil normalarının qorunması daimi olaraq müzakirə edilir. Təbii ki, zaman- zaman müəyyən problemlərlə də rastlaşırıq. KİV-lər cəmiyyətə informasiya çatdırmaqla yanaşı, maarifləndirici və təsiredici bir vasitədir. Biz nəzərə almalıyıq ki, medianı təkcə ziyalı və nisbətən yaşlı nəsil yox, gənclər, bəzi hallarda yeniyetmələr də oxuyur. Hansısa bir internet saytında ədəbi dilimizin normaları, dilimizin düzgün yazılış qaydaları pozulursa, həmin söz onların beyninə elə o cür də həkk olunur. Bu isə gələcəkdə dilimizin korlanması və öz mahiyyətini itirməsinə rəvac verə bilər. Ona görə də ölkə qanunvericiliyində, jurnalistlərin peşə kodeksində və media ilə bağlı qanunvericilikdə bu məsələyə xüsusi diqqət yetirilir. İstənilən halda kütləvi informasiya vasitələrində ədəbi dil normaları qorunmalıdır, daha doğrusu, dilimizi qorumaq medianın borcudur. Düzdür, bu sahədə ciddi nailiyyətlərimiz var, amma yenə də müəyyən problemlərin olması səbəbindən məsələ daimi olaraq gündəmdə saxlanılır. Azərbaycan Mətbuat Şurası hər il fasiləsiz olaraq, KİV-lərin dili üzərində monitorinq aparır, qüsurlar aşkara çıxarılır və aradan qaldırılmasına cəhd göstərilir. Eyni zamanda, KİVDF də hər il KİV-də ədəbi dil normalarının qorunması istiqamətində xüsusi müsabiqələr keçirir”.

Ənənəvi mediaya nisbətən onlayn mediada problemin daha dərin olduğunu vurğulayan media eksperti hesab edir ki, bu sahədə qüsurlar o qədər çoxdur ki, onları bir-bir sadalamaq mümkün deyil: 

"Dilimizin həm qrammatik qaydaları, həm də leksik normaları pozulur. Hətta deyərdim ki, bu sahədə müzakirə aparmaqdan daha çox həyəcan təbili çalmağın vaxtıdır. Hesab edirəm ki, bütün diqqət bu qurumların üzərinə yönəlsə, mərhələ-mərhələ problemləri aradan qaldırmaq olar. Ənənəvi kütləvi informasiya vasitələrinin oturuşmuş qayda-qanunları var. İnternet media açmaq üçün heç bir tələb olmadığı üçün ağlından, düşüncəsindən asılı olmayaraq hər kəs xəbər saytı yaradıb, onu dövriyyəyə buraxa bilir. Beləliklə də, yaradıcının dünyagörüşü, intellekti xəbər saytında yayımlanan informasiyanın mahiyyəti ilə yanaşı, onun dilində də özünü göstərir. Bu insanlar Azərbaycanın dil normalarından özlərinin başa düşdükləri formada istifadə edirlər. Standartları bilmədikləri üçün onların bu addımı dilimizin korlanmasına rəvac verir. Ola bilər ki, saytlarda korrektor ştatı saxlamaq mümkün olmasın. Amma korrektor uzaqbaşı durğu işarələrini düzəldə bilər. Elə saytlar var ki, orda gedən səhvlər, sadəcə orfoqrafik səhvlərlə məhdudlaşmır. Eyni zamanda, dilimizin üslub normaları pozulur”.

"Yeni Çağ” qəzetinin və saytının baş redaktoru Aqil Ələsgər korrektorla redaktor arasındakı fərqin çox böyük olduğunu deyib: 

"Redaktor çox vaxt hərf səhvini görmür, hətta deyərdim ki, görmək məcburiyyətində də deyil. Onun əsas vəzifəsi ümumi məna, fikirlərlə bağlıdır, hərf səhvləri korrektorun vəzifəsidir. Bu gün nəinki redaktorlar müxbirin göndərdiyi məlumatları olduğu kimi dərc edirlər, hətta bir çox saytlarda müxbirlərə verilən adminlə, redaktora ehtiyac duymadan xəbər yerləşdirilir. Bu da bəzən ciddi səhvlərə səbəb olur. Xüsusilə, internetdə, link paylaşma deyə, bir ənənə var. Yəni mən öz yazımı sizə göndərirəm ki, sizin saytda da öz əksini tapsın. İnanın, bəzən çox tanınmış saytlardan olan dostların belə bərbad dildə yazıldığı üçün yazısını yayımlaya bilmirik. Ya da vaxtım olanda, redaktə və korrektə etdikdən sonra özünə də göndərirəm ki, yazını dəyiş”.

Baş redaktorun sözlərinə görə, bu məsələdə ikinci bəla "Facebook” dilidir: 

"Artıq Azərbaycan mətbuatında belə bir dil yaranıb. İnsanlar o qədər ingilis klavyesi ilə yazmağı öyrəniblər ki, Azərbaycan klavyesini unudublar. O səbəbdən də hesab edirəm ki, korrektorluq çox ciddi institutdur və lazımlıdır. Korrektorluğa ehtiyac görülməməsinin səbəbi bir az da maliyyə və bu işdəki maaş problemi ilə əlaqədardır. Çünki əksər redaksiyalarda korrektorlar hamıdan çox əziyyət çəksələr də, ən az maaş alan kateqoriyasındadırlar. Ona görə, bu işə maraq yox dərəcəsindədir. Bu səbəbdən də müxbir tapmaq daha asandır, nəinki korrektor. Bu sahədə nəsə düşünülməsə, yaxın on ildə belə bir sahədən kimsənin xəbəri olmayacaq”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də bu gün əksər media orqanlarında korrektura və korrektor probleminin olduğunu bildirib:

"Nüfuzunu gözləyən redaksiyalar təcrübəli korrektorlara ehtiyac duyurlar. Məsələn, "Yeni Müsavat”da 3 korrektor çalışır və hər üçü savadlı, sanballı, işini bilən kadrlardır. Bəzi redaksiyaların rəhbərləri qeyri-peşəkar olduqlarından korrektorun əhəmiyyətini bilmirlər. Digər tərəfdən bu gün əksər media qurumlarının məqsədi daha az xərclə sayt və ya qəzet saxlamaqdır. Bu səbəbdən korrektor ştatını ləğv ediblər. Hesab edirəm ki, media orqanlarının normal gəlirləri olsa, reklam bazarı formalaşsa, əksər problemlər həllini tapar, o cümlədən də korrektor problemi. Problemləri heç bir halda həll etməyə çalışmayan və buna əhəmiyyət verməyənlər isə onsuz da avtomatik olaraq sıradan çıxacaqlar. Çünki oxucu çox diqqətlidir, özünə hörmət etməyən mətbuat orqanını tez bir zamanda unudur”.

"Bakupost.az” saytının baş redaktoru Elçin Zahiroğlu isə bildirib ki, maliyyə durumu ilə bağlı mətbu orqanlar mümkün olan qədər ixtisarlar edirlər, yəni "artıq yükləri” azaldırlar: 

"Bəzi qəzet və ya saytlarda nəinki korrektor, heç redaktor da yoxdur. Bu məsələ maliyyə ilə yanaşı, həm də baş redaktorun məsuliyyətsizliyi, dilə olan köntöy münasibətləri ilə də bağlıdır. Saytlar elədir ki, onda səhvləri sonradan düzəltmək imkanı var. Ona görə də burada korrektor postuna əvvəldən zərurət görülməyib. Həm də operativlik baxımından xəbərlərin korrektorda "yatması” işin ziyanınadır. Amma qəzetlərdə korrektorun olmaması utancverici haldır. Elə buna görədir ki, hər hansı bir sözün necə yazılması ilə bağlı axtarış verəndə görürük ki, hətta rəsmi qəzetlərdə belə, necə biabırçı orfoqrafik səhvlər gedir. Nəşr olunan qəzetlərimiz də, kitablarımız da belədir. Bəs bunun axırı necə olacaq? Orfoqrafik səhvlər və getdikcə bunun adi hala çevrilməsi dilə düşmənçilikdir. Hesab edirəm bu məsələdə ictimai qınağı artırmq və AMEA-nın Dilçilik İnstitutunu, eləcə də Azərbaycan Dil Qurumunun sahə ilə bağlı fəaliyyətini gücləndirməliyik”.

(Davamı olacaq)

Şəymən



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb