Bu gün Azərbaycan ordusunun giziri, Milli Qəhrəman, xalqın igid balası Mübariz İbrahimovun ad günüdür. Mübariz bu günümüzün qəhrəmanı, sabahımızın örnəyidir...
Məhz bu ad oldu illərlə öz dərdinə bükülüb, qəflət yuxusunda olan bir milləti oyadan! Cəmisi 22 yaşındaykən adını Vətənimizin tarixinə, insanların yaddaşına öz qanı, cəsarəti ilə yazan Mübariz yaşasaydı 29-cu yaş gününü qeyd edəcəkdi.
Amma o öz ölümü ilə ölümsüzlük mərtəbəsinə yüksəlməyi seçdi. Vətənin bir qarışı üçün bir an belə düşünmədən özünü fəda etdi. Qəhrəmanlıq nümunələri ilə zəngin olan tariximizi növbəti dəfə yenilədi. Mübariz Vətən uğrunda öldü. Və bu ölüm Azərbaycana və Vətən uğrunda yaşayan hər kəs üçün şərəfdir. O hər zaman mübariz yaşadı və ölümü ölümsüzlük bilib mərd öldü. Mübariz hər zaman öz əməlləri ilə Azərbaycana layiq bir oğul olduğunu göstərdi. Belə ömür heç də hər zaman hamıya nəsib olmur. Amma Mübariz çox qısa bir ömür tarixçəsində öz qəhrəmanlığı ilə ürəklərdə taxt qura bildi. Barəsində yazılan şeirlər onun qəhrəman obrazını yaratdığı kimi, Mübarizin özünün yazmış olduğu misralar da onun kövrək qəlbli şair, duyğulu bir igid olduğundan xəbər verdi.
Bu gün Mübarizin yazdığı məktub bütün Azərbaycan gənclərinin dilinin əzbəri, müqəddəs dualarıdır:
"... Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azı ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm... Vətən sağ olsun!.."
Qeyd edək ki, Şəhidlik zirvəsində əbədiyyətə qovuşmuş Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Məzarında rahat yat, Ey Qəhrəman oğul! İndiki gənclik sənin yolunu gedir, yeni nəsil isə sənin ruhunla böyüyür. Ölümə dik baxıb, gülə-gülə getmək ulu türkün siması, qeyrətidir deyirlər. Və sən bir daha türkün gücünü o xain, azğın düşmənlərimizə və bütün dünyaya göstərdin, mübariz Vətən oğlu olduğunu cümlə-aləmə sübut etdin. Yeni bir tarix yazdın- tarixə yazıldın!
Qədəmlərin mübarək, Ruhun şad olsun, şəhidim!
Şəymən