Prezidentin qətiyyəti haqq, ədaləti bərpa etdi

Lapşinin qandallanıb Bakıya gətirilməsi, Azərbaycan diplomatiyasının böyük qələbəsi idi
Bu ekstradisiya Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır

Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan blogger Aleksandr Lapşin Bakıya təhvil verilib. Lapşinin ekstradisiyası Ali Məhkəmənin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşib. Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edib, Dağlıq Qarabağı "müstəqil dövlət” adlandırıb. 

O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Şübhəsiz ki, Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç bir hüquqi əsasa malik deyil. Onun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq maddələrlə cinayət işi başlanılmış və barəsində dövlətlərarası axtarış elan edilmişdi. 

Bundan sonra Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Ekspertlərə görə, Lapşinin Azərbaycana ekstradisiyası ölkə diplomatiyasının ən ciddi uğuru hesab olunur. Siyasi dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə aldı və qəti qərar qəbul edərək Lapşinin ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirdi. Lukaşenko güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini bütün dünyaya göstərdi. Əlbəttə, bu hadisə Prezident İlham Əliyevlə həmkarı Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın əyani təzahürüdür. Bu baxımdan Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətin nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi sayılmalıdır. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev milli maraqlarımızı hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik siyasi liderdir. Prezidentimiz hər şəraitdə prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir.

Məlumdur ki, Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Bir daha aydın göründü ki, heç bir dünya ölkəsi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma DQR-i qəbul etdirmək cəhdlərinə dəstək vermir. Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir. Aleksandr Lapşinin ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma rejimin təbliğatını aparan şəxslərə mesajdır. Onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edən əsas amildir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib ki, Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir. 

Ə.Əhmədov bildirib ki, Azərbaycan dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyi, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub: "Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradə nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq irədəsini ortaya qoyub”.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bəyan edib ki, Lapşinin gətirilməsi Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir: 

"Hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb. Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir. O, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçib, ölkəmizin qanunlarına məhəl qoymayıb. Üç ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri az görməmişik. Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə "bəhrələnmənin” bariz nümunəsidir. Bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi az-az rast gəlinən hadisələrdəndir”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydın Mirzəzadə də Lapşinin Bakıya ekstradisiyasını Azərbaycan diplomatiyasının tarixi uğuru kimi qiymətləndirib: 

"Erməni təbliğat maşınının bir instrumenti kimi vaxtaşırı işğal edilmiş zonalarımıza səfər edən Lapşin işğal rejimini tərifləyib, Azərbaycan dövlətçiliyinə qarşı təhdid dolu yazılar yazıb. Bundan başqa, o, saxta sənədlə işğal edilmiş digər Azərbaycan ərazilərinə də daxil olub. Bununla da Azərbaycan qanunverciliyini iki dəfə kobud şəkildə pozub. Onun ekstradisiyası Azərbaycanın suverenliyini heç nəyə güzəştə getməyəcəyini və beynəlxalq birlikdə daima onu müdafiə edəcəyini bir daha sübut etdi”. Deputat bildirib ki, bu, ərazilərimizə qanunsuz səfər etmiş və ya səfər etməyə hazırlaşan xarici ölkə vətəndaşları üçün çox ciddi xəbərdarlıqdır: "Həmçinin, Ermənistan üçün mesajdır. Aprel hadisələrindən sonra Lapşinin ölkəmizə verilməsi Azərbaycanın bir dövlət kimi qüdrətini və nüfuzunu göstərir. Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlər törətmiş şəxslər də Lapşin kimi qolu qandallı ölkəmizə gətiriləcək”.

Vəkil Cavid Rzazadə isə bildirib ki, Lapşinə Cinayət Məcəlləsinin 281-ci və 318-ci maddələri üzrə ittiham elan edilib. Bu bəndlər cinayətin tək deyil, bir qrup şəxs halında və ya mütəşəkkil formada törədildiyini ehtiva edir: 

"Lapşin öz bloqunda həmin şəxslərin adlarını çəkib. Qeyd edib ki, orada erməni tanışlar var və onların vasitəsilə insanları Qarabağa səfər etməyə çağırıb. Ekstradisiyadan sonra Lapşin istintaqda dindirilərkən çox güman ki, adlarını çəkdiyi adamların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün addımlar atılacaq. Yekunda Lapşinin cinayət işi ayrıca icraata verilərək məhkəməyə göndəriləcək. Digərləri barəsində isə istintaq hərəkətləri davam etdiriləcək. Lapşin cinayət əməllərini Qarabağ bölgəsində törətdiyi üçün çox güman ki, onun işinə ərazi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq”. 

C.Rzazadə deyib ki, bloggerə minimum 5, maksimum 13 il həbs cəzası verilə bilər: 

"Onu 281-ci maddə üzrə 5 ildən 8 ilədək, 318-ci maddə üzrə isə 5 ilədək həbs cəzası gözləyir. Qeyd edilən cəzalar tam və ya qismən toplanmaqla hökm verilə bilər”. Vəkil cinayət işinin ağırlaşdırıcı və yüngülləşdirici hallarını da açıqlayıb: "O, hadisədən sonra öz bloqunda Azərbaycan Prezidentindən üzr istəyib, təqsirini boynuna alıb və peşmanlıq keçirdiyini bildirib. Digər tərəfdən isə cinayət əməllərini törətməklə yanaşı, başqalarının bunu təkrarlaması üçün çağırışlar edib. Lapşin həbs olunmadan öncə bloqunun parolunu qeyri-rəsmi birgə yaşadığı qadına verib və həmin şəxs də yazıları silib. Lakin Azərbaycan prokurorluğu həmin yazıların "screen”lərini sübut kimi götürüb və güman ki, cinayət işinin materiallarına da əlavə edilib”.

İsmayıl