Musiqi terapiyası ilə yumurta istehsalını artırdı

Əvvəl yalnız ailəsinin ehtiyacını qarşılamaq məqsədilə 10 toyuq saxlayan adam artıq onların sayını 150-yə çatdırıb

Qarsda quşçuluqla məşğul olan Ercan Yıldırım, saxladığı toyuqlara musiqi terapiyası tətbiq edərək yumurta istehsalını artırıb. Yıldırım, tətbiq etdiyi metodun toyuqlar üzərində müsbət təsir göstərdiyini bildirib.

Sherg.az xəbər verir ki, şəhər həyatını tərk edərək kəndə köçən Yıldırım, evinin həyətindəki hində toyuq saxlayıb. Başlanğıcda yalnız ailəsinin yumurta ehtiyacını qarşılamaq məqsədilə 10 toyuqla fəaliyyətə başlayan Yıldırım, verilən tövsiyələr əsasında toyuqlara musiqi terapiyası tətbiq etməyə başlayıb. Nəticədə yumurta istehsalı artıb və toyuq sayını 150-yə çatdıran Yıldırım artıq yumurta satışına başlayıb.

Sadə bir musiqi sistemi quraşdırdığını deyən Yıldırım, toyuqların stressə qarşı həssas olduğunu qeyd edib:

"Çöldən gələn ani və yüksək səslər toyuqları narahat edir. Hində daimi səslərin olması, bu xarici təsirləri azaldır. Musiqi heyvanlar üzərində sakitləşdirici təsir göstərir."

Arxa planda yüksək olmayan səviyyədə musiqi səsləndirdiyini bildirən Yıldırım əlavə edib:

"Toyuqlar daha sakit olur. Bu vəziyyət birbaşa çox yumurta verməyə müsbət təsir göstərir."

Yumurta verməsini artırmaq üçün toyuqların düzgün və balanslı qidalanması vacibdir. Keyfiyyətli qida yalnız yumurta keyfiyyətini artırmır, həm də toyuqların sağlamlığını qoruyur. Toyuqların sağlamlığı və yumurtlama keyfiyyəti üçün protein və kalsium mənbələri, taxıllar, vitaminlər, yağ turşuları və su istifadəsinə diqqət yetirmək önəmlidir.

Bundan əlavə, hinin mühiti, toyuqların yaşadığı temperatur və işıqlandırma da yumurta sayında böyük rol oynayır. Gündə 14-16 saat işıqlandırma və 18-24 dərəcəlik temperatur yumurta keyfiyyətini xeyli artırır.

Toyuqların stressdən uzaq saxlanılması və təbii balansın qorunması həm heyvan rifahını yüksəldir, həm də iqtisadi dayanıqlılığı təmin edir.