Azərbaycanın hər uğurundan sonra düşmən təxribata əl atır

“Erməni politoloqlar açıq şəkildə bəyan edirlər ki, Qarabağ məsələsində həm diplomatik, həm də hərbi müstəvidə uduzublar”



Ermənistan tərəfi növbəti təxribata əl atıb. Fevralın 7-də düşmənin silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın ön xətdəki mövqelərini iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.

Bildirilib ki, erməni silahlı birləşmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağ cəbhəsində diversiya hücumuna cəhd edib. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Nəticədə düşmən tərəf itki verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə heç bir itki verməyib. Bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir. 

Düşmən təxribatı ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev deyib ki, həm şəhid Çingiz Qurbanovun nəşinin alınması, həm də blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası erməniləri qıcıqlandırıb.Ekspertin sözlərinə görə, Ermənistanda seçkiöncəsi ciddi xaos hökm sürür: 

"Sarkisyan hökuməti Dağlıq Qarabağın qondarma rejiminə verdiyi "müstəqillik” sözünə əməl edə bilmir. Eyni zamanda ölkəni siyasi, iqtisadi və hərbi cəhətdən uçuruma aparır. Ona görə də son çıxış yolunu cəbhədə vəziyyəti gərginləşdirməkdə görür. Bəllidir ki, Sarkisyan hakimiyyəti öz siyasətini Dağlıq Qarabağ münaqişəsində indiki status-kvonu qoruyub saxlamaq və danışıqları dondurmaq üzərində qurur”. 

Siyasi şərhçi bildirib ki, Ermənistan tərəfi Azərbaycanın hər uğurundan sonra təxribata əl atır: 

"XİN rəhbəri Elmar Məmmədyarov həmkarı Lavrovla görüşdən sonra Azərbaycan, Rusiya və Ermənistan nazirləri arasında üçtərəfli görüşün ola biləcəyini açıqladı. Düşmən tərəf hər görüş öncəsi bu cür təxribatlara əl atır, cəbhədə atəşkəsi pozur. Daha sonra isə "günahkar” kimi Azərbaycanı hədəf göstərir, rəsmi Bakının sülh istəmədiyini iddia edirlər. Yəni göstərməyə çalışırlar ki, guya, cəbhədə gərginlik hökm sürdüyünə görə onlar danışığa gedə bilmirlər”. Politoloq düşmənin cəbhədə xeyli itki verdiyini söyləyib: "Ermənilər itkilərini gizlədirlər. Erməni politoloqlar açıq şəkildə bəyan edirlər ki, Qarabağ məsələsində həm diplomatik, həm də hərbi müstəvidə uduzublar. Bütün bunlar sərhəd boyu və cəbhə xəttində yeni təxribatlara gətirib çıxarır. Əslində düşmən rejim atəşkəsi mütəmadi pozmaqla erməni ictimaiyyətini aldatmağa çalışır. Nəticə etibarı ilə Sarkisyan öz hakimiyyətini qorumağa və seçkilərdə qələbə qazanmağa cəhd göstərir”.

İsmayıl