Seçki yaxınlaşır, Ermənistandan “sülh” çağırışları eşidilir...

Ekspertlər isə hesab edir ki, yalnız Ter-Petrosyanın münaqişənin həllinə yanaşması digərlərindən bir qədər fərqlidir


Apreldə keçiriləcək parlament seçkiləri öncəsi Ermənistandakı siyasi qüvvələr Qarabağla bağlı "sülhməramlı” mövqe sərgilməyə başlayıblar. Prezident Serj Sarkisyanın ardınca, keçmiş Prezident Levon Ter-Petrosyan da müharibə ritorikasından kənar mövqedən çıxış edib. Xüsusən son günlər tərəflər Qarabağ məsələsinin "güzəştli şəkildə” və "sülh yolu ilə” həll edilməsi şüarlarını səsləndirməyə başlayıblar.

Ter-Petrosyan "Erməni Milli Konqresi”nin qurultayında Qarabağda sülhə, kompromislərə və barışığa çağıran geniş nitqlə çıxış edib. O, hakimiyyətin Qarabağda status-kvonu saxlamağa yönəlmiş siyasətinin Ermənistanı və Qarabağ ermənilərini fəlakətə sürüklədiyini bildirib. Bundan sonra Xocalı qatili, keçmiş müdafiə naziri Seyran Ohanyan da münaqişənin tənzimlənməsinin dinc variantından danışıb. Ekspertlərə görə, Ermənistan əhalisinin sürətlə ölkəni tərk etməsi, Qarabağ uğrunda ölməmək üçün xaricə üz tutan gənclərin sayının artması və Azərbaycanın prinsipial mövqeyi işğalçı ölkə siyasətçilərini ənənəvi ritorikadan çəkinməyə vadar edib. Görünür, seçkilərdə xalqın səsini qazanmaq üçün müharibə bəyanatları verməyin təhlükəli olduğunu erməni liderlər də anlayıblar. 

Düşmən ölkədə gedən proseslərlə bağlı "Şərq”ə açıqlama verən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib ki, Sarkisyan dəstəsinin və Köçaryanın səsləndirdiyi "sülh” təklifləri, kompramis şüarları sağlam təfəkkürə dayanan həqiqi sülh anlayışından uzaqdır: 

"Düşmən tərəfinin nəzərdə tutduğu "sülh” odur ki, Dağlıq Qarabağ və bir neçə ətraf rayon Ermənistana birləşdirilsin, yerdə qalan rayonlar isə Azərbaycana verilsin. Ermənilərin sülhə baxışı budur. O baxımdan Ermənistanda səslənən "sülh” təkliflərinin Azərbaycana xeyri yoxdur.

Sadəcə Ter-Petrosyanın münaqişənin həllinə yanaşması digərlərindən bir qədər fərqlidir. Petrosyan 1997-ci ildə ortaya atdığı münaqişənin mərhələli həll variantını yenidən gündəmə gətirib. Amma onun rəhbərlik etdiyi Erməni Milli Hərəkatı parlamentdə 10 deputata malikdir. Məlumdur ki, Ermənistanın əvvəlki Baş naziri Ovik Abramyan istefa verib. Onun Qagik Sarukyanın müxalif qrupu ilə birləşəcəyi ehtimal olunur. Sarukyan Serj Sarkisyanla soyuq müharibə içindədir. Çünki Sarkisyan onun siyasətlə məşğul olmasını qadağan etmişdi. O da biznesi üçün buna boyun əymişdi. İndi yenidən siyasi mübarizəyə qayıdır”. Ekspertin fikrincə, əgər müxalif qüvvələr parlament seçkisində çox sayda deputat mandatı qazansa, onların Sarkisyana qarşı mübarizəsi effektli ola bilər: "O halda hansısa dəyişiklikdən danışmaq mümkündür. Ancaq inzibati və təhlükəsizlik resursları Sarkisyanın əlində olduğuna görə, hakim rejim seçkidə saxtakarlığa yol verməklə yenidən hakimiyyətdə qalmağa çalışacaq”.

İsmayıl