"Universitetlərə qəbul sistemində inqilabi dəyişikliklər yaranacaq”




Təhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasına dair təklifləri hazırlayaraq hökumətə təqdim edib.

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq. Onun sözlərinə görə, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında bu il ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair, yəni, qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər hökumətə təqdim olunub.

Nazir qeyd edib ki, hazırda həmin təklifə hökumətdə baxılır: "Bu dəyişiklik qəbul olunsa, ölkədə ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr təhsillərinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.

Təhsil nazirinin təklifini kifayət qədər mütərəqqi addım hesab edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ilk növbədə bunu zəruri edən bir sıra mühüm şərtlər mövcuddur: 

"Birincisi, Azərbaycanda adambaşına ali təhsil alanların sayına düşən göstəriciyə görə digər ölkələrlə müqayisədə aşağıdır. Yəni bizdə hər min nəfərdən 151-i ali təhsil almaq imkanına malikdir. Bu ali təhsil müəssisələrinin plan yerlərinə görə belə aşağı rəqəm formalaşır”.

Hər il 10 mindən çox azərbaycanlı tələbənin öz vəsaitləri hesabına xaricdə təhsil almağa getməsinə diqqət çəkən K.Əsədov deyib ki, onları bu addımı atmağa məcbur edən məsələ yenə də Azərbaycanda universitetə qəbul ola bilməmələridir. Bu da kifayət qədər böyük məbləğdə pul vəsaitlərinin və insan resurslarının xaricə getməsinə səbəb olur:

 "Üçüncü məsələ ali məktəblərin maliyyələşdirilməsi ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmizdə ali təhsil müəssisələrinin yeganə gəlir yeri tələbələrin təhsil haqqıdır. Dünyada və ölkəmizdə baş verən devalvasiya universitetlərin təhsil haqqını qaçılmaz edir. Amma onlar tələbə qəbulu zamanı plan yerlərini artırsalar, buna ehtiyac olmayacaq”.

Sözügedən təklifin gözlənilən olduğunu vurğulayan təhsil ekspertinin sözlərinə görə, TQDK-ya (DİM) bu il üçün qəbul şərtlərini hələ də elan etməməsi fonunda 2017-2018-ci qəbul ili yeni qaydalara uyğun olaraq həyata keçirilməsi istisna deyil: 

"Lakin müvafiq dəyişikliklər bu il üçün nəzərdə tutulmayacaq. Bu yeniliklər 2019-cu il üçün nəzərdə tutula bilər. Çünki məhz həmin il yeni təhsil strategiyası - kurikulum ilə qəbul olmuş şagirdlər məzun olacaq və onların biliklərinin indiki mexanizm və üsullarla yoxlanılması mümkün deyil.

Lakin təhsil nazirinin təklif etdiyi akademik göstəricilərin üstünlüyü indi 10 və 11-ci sinifdə oxuyan şagirdlərə aid deyil. Çünki hazırda orta məktəbdə təhsil alan 10 və 11-ci sinif şagirdlərinin bilikləri beş ballıq şkala ilə qiymətləndirilir. Nəzərə alsaq ki, hər il azı yüz min şagird orta məktəblərdən məzun olur, onların da akademik göstəriciləri böyük faiz eyni olur”.

K.Əsədov ehtimal olunan bir neçə problemi də qeyd edib. Onun sözlərinə görə, ali məktəblərə qəbul zamanı yalnız orta məktəb məzunları iştirak etmir ki?! Eyni zamanda, peşə məktəblərinin, kolleclərin, ali məktəblərin, xaricdə yaşayan azərbaycanlıların, xarici ölkə vətəndaşlarının da iştirakı nəzərdə tutulur: 

"Bunların hamısının eyni meyarlar əsasında akademik göstəricilərinin müəyyən edilməsi mümkün deyil. Ümumilikdə isə bu addımı alqışlayır və hesab edirəm ki, bununla Azərbaycan ali məktəblərinə qəbul sistemində inqilabi dəyişikliklər yaranacaq. Bu həm də repetitorluğa ciddi şəkildə zərbə vuracaq”.

Şəymən