“Biz niyə ancaq nazir balalarını özümüzə örnək götürürük ki?..” - Müsahibə (video)

Kamil Musəvi: “Mən həmişə öz əsgərlərimə də deyirdim ki, torpaq məhz mərd oğullarının çiyinləri üstündə Vətəndir”“Partlayışdan sonra hiss elədim ki, ayaqlarım keyiyib, əlimi atanda gördüm əməlli-başlı ət sallanır”
Uşaqlığımdan hərbiçilərə, döyüş tapşırığını xüsusi qəhrəmanlıqla yerinə yetirən igidlərə həsəd aparmışam. Özümü hər zaman izlədiyim filmlərdə, oxuduğum kitablarda tanıdığım qəhrəmanların yerində təsəvvür etmişəm. Sonradan isə "Qəhrəman olunmur, qəhrəman doğulur” deyiminə sığınmışam.
Qəhrəmanlarımız, şəhidlərimiz, döyüşçülərimiz haqqında yazı yazanda da hər zaman onların həyatına, igidliyinə qibtə ilə yanaşmışam. Amma heç vaxt canlı qəhrəmanla ünsiyyətim olmamışdı.
Və nəhayət, bu şərəfə Kamil Musəvi ilə müsahibə alan zaman nail oldum.
Axı Kamil də elə izlədiyim filmlərdəki, oxuduğum faktlardakı qəhrəmanlarla eyni həyatı yaşayıb. Vətən üçün doğulub, torpaq eşqi ilə böyüyüb, milləti uğrunda sağlamlığından keçib.
Torpaqlarımızın işğaldan azad, ərazi bütövlüyümüzün bərpa olunması, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması uğrunda hərb yolu tutub.
Elə bu amal uğuruna da gəncliyini və gələcəyini Vətəninə fəda etməkdən bir an olsun çəkinməyib.
Xülasə, düşmənlə döyüşdə sağ ayağını və sol gözünü itirən Qarabağ qazisi, kəşfiyyatçı, baş leytenant Kamil Musəvi bu günlərdə redaksiyamıza təşrif buyurub, "Şərq”in qonağı oldu. Əməkdaşımız Ayyət Əhməd ilə birlikdə yaralı zabitimizin bu gəlişindən istifadə edib onu bir az söhbətə tutduq. Bir saatlıq müsahibə fonunda onun uşaqlığından, hərb sahəsini seçməsindən, yaralandığı andan, yarımçıq qoyduğu idmana qayıtmaq planlarına qədər hər şeydən danışdıq.
Bilənlər bilir, bilməyənlər üçün də qeyd edək ki, Kamil Musəvi biz rahat yaşayaq deyə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb, sağlamlığından keçib. 25 yaşında qazi olan kəşfiyyatçımız indi elə bir zirvədə dayanıb ki, biz o zirvə ilə ancaq qürur duya bilərik. Çünki onun dayandığı yer çoxumuzun istəyib, amma çata bilməyəcəyi yüksəklikdədir. Onu da deyim ki, yaralı zabitimizin döyüş xatirəsini birbaşa özündən dinləmək bizi bir qədər kədərləndirsə də, bir o qədər də qürurvericidir. Nə yaxşı ki, ölkəmin bu cür igid əsgərləri var. Yaşadığı bütün ağrı-acıya rəğmən mətin dayanan oğulları var.
Kamil Azərbaycan ordusunun Tərtər istiqamətində keçirdiyi əməliyyat zamanı kəşfiyyat bölümünə rəhbərlik edib. Döyüş yoldaşlarına yardımçı olmağa çalışanda isə minaya düşüb. Ağır bədən xəsarətləri alıb. Amma indi şükürlər olsun ki, sağlıq durumu yerindədi. Heç bir narahatlığı və ağrısı yoxdur. Kamil Musəvinin təvazökarlığı da ən az igidliyi qədər təqdirəlayiqdir. Ona qəhrəman deyərək müraciət etməyimizdən narahat olub, mən sadəcə yaralı zabitəm dedi. Amma onun adının önündə Milli Qəhrəman statusunun olub-olmaması bizim üçün elə bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, xalq öz igidini bir qəhrəman olaraq bağrına basıb və onu könüllərin qəhrəmanı olaraq qəbul edib:
- Mən Musəvi Kamil İbadət oğlu 1990-cı il iyul ayının 6-da Qazax şəhərində anadan olmuşam. 1997-ci ildə İnternat məktəbinə getmişəm. 2006-cı ildən isə müəyyən səbəblərdən təhsilimi 2 saylı orta məktəbdə davam etdirməli oldum. 2008-ci ildə orta təhsilimi bitirib, Ali Hərbi Akademiyaya daxil oldum. 2012-ci ildə AHA-nı leytenant rütbəsi ilə başa vurduqdan sonra 2012-ci ilin iyul ayında Təlim Təhsil Məktəbində təcrübə keçdim. Elə həmin ildən də Tərtərdəki N saylı hərbi hissəyə təyinat aldım.
Kamil Musəvi bizimlə söhbət zamanı onun "aprel döyüşləri”nin qəhrəmanı kimi təqdim edilməsi anlaşılmazlığına da aydınlıq gətirdi:
- Hansısa tədbirdə məni təqdim edən insanlar döyüş zamanı ayağımı və gözümü itirdiyimi bəyan edirdi. Döyüş deyiləndə isə ilk ağla gələn aprel ayının 1-dən 4-nə qədər baş verən hərbi əməliyyatlar olur. Halbuki Azərbaycan ordusu aprelə qədər də, apreldən sonra da hər gün düşmənlə döyüşür. Hətta sizə onu da deyim ki, bəzi adamlar elə bir fon yaratdılar ki, guya, "aprel döyüşləri”nin iştirakçısı kimi təqdim olunmaq mənim maraqlarıma uyğundur, yaxud da mən bundan istifadə edirəm. Halbuki mən bütün açıqlamalarımda da demişəm ki, 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da döyüş tapşırığını yerinə yetirən zaman yaralanmışam. Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edirdim.
- Əgər mümkündüsə, həmin gecə ilə bağlı ətraflı danışardın...
- Oktyabr ayının 12-də Talışkənd istiqamətində əməliyyatla bağlı tapşırıq aldıq.
- Sözünü də kəsirik, amma ola bilərmi ki, bu tapşırıqlar aprel döyüşlərinə bir hazırlıq olsun.
- Tamamilə doğru təxmindir. Əslində daha əvvəldən də biz kəşfiyyat xarakterli tapşırıqlar alırdıq. Həmin vaxtlar ön xətdə baş verən prosesləri dəyərləndirəndə görürük ki, aprel döyüşləri qaçılmaz idi.
(Bu yerdə əməkdaşımız Rasim Kazımov redaksiyaya daxil olur və Kamil Musəvinin gəlişini xüsusi məmnunluqla qarşılayır. Qazi ilə salamlaşıb tanışlıq verəndən sonra stul çəkib, söhbətimizə qoşulur: "Deyəsən vaxtında gəlmişəm”).
Yaralandığı gecə ilə bağlı verdiyimiz suala qayıdan qazi "neytral zona”larda qrup şəklində əməliyyat keçirməyin təhlükəli olduğunu deyib. Əgər bir nəfər düşmənə göründüsə, deməli, əməliyyatda iştirak edən bütün zabit və əsgərlər öləcək. Belə anlarda əməliyyatdan sağ qayıtmaq sadəcə şans işidir: "Əslində yoldaşlarımızdan biri qorxmasa, bəlkə də biz bu əməliyyatdan da uğurla dönəcəkdik. Sadəcə tabeçiliyimdə olan əsgərlərdən biri ilk dəfə idi tapşırığa çıxırdı. Özü də yolu minalardan hərəkət üçün təmizləyən adam idi. Onun gördüyü daha təhlükəlidir, əgər düşmən tərəfdən atəş açılsa, ilk öldürülən adam o olacaqdı. Görünür, bunu düşünüb həyəcanlanmışdı. Mən gördüm ki, o sakitləşməsə, bundan hamımıza ziyan gələcək. Tez silahı götürdüm və istədim ona yaxınlaşım ki, narahat olma, burdayıq. Elə yenicə addım atmışdım ki, partlayış baş verdi və yerə yıxıldım”. Partlayışdan sonra hiss elədim ki, ayaqlarım keyiyib, heç nə hiss eləmirəm. Sonra öz-özümə fikirləşdim ki, görəsən kim yaralandı. Xəbərim yoxdu ki, yaralanan elə özüməm. Öz tərəfimizə sürünmək istəyəndə ayağımdan yaralandığımı gördüm. Qan da fışqırırdı. Əlimi atanda gördüm əməlli-başlı ət sallanır. Bir də gördüm üzümə isti nəsə axır. Əlimi üzümə atdım, qan görəndə əvvəl elə bildim ayağımın qanıdır. Amma əlimi gözümə atanda hər şey mənə aydın oldu.
Söhbətin bu yerində qonşu otaqdan dəhlizə çıxan Tahirə Məmmədqızı da müsahibəyə biganə qalmır və yaxınlaşıb Kamil Musəvi ilə hal-əhval tutub, əyləşir.
- Buyur, Kamil davam elə...
- Birtəhər sürünə-sürünə neytral zonanı keçib, öz tərəfimizə keçmək istədim. Sürünəndə yaralı ayağımı yuxarı qatladım ki, ətim torpağa bulaşıb, palçıq olmasın. Yaxında olan MAXE Məcidov mənə tərəf qaçdı və tez səngərə saldı. Məcidovu da əlcəyinin beş barmağı da kəsik olmasından tanıdım, yoxsa ki qan qarışıq toz-torpaq salamat gözümü də tutmuşdu, ətrafı yaxşı görmürdüm. Səngərdə ilk tibbi yardım olundu. Əsgər Nağızadə məni çiyninə götürdü. Səngərin içi ilə məni maşına kimi aparmalı idi. O yol çox uzun və nizamsız yol idi. Əsgərimə sual etdim ki, məni apara biləcəkmi? Dedi: Komandir, aparacam. Kişi kimi də dediyini elədi və maşına kimi bir dəqiqə də olsun çiynindən yerə qoymadı. Həmin anda hospitalın uzaq olması gözümə durdu. Maşında var-qüvvəmlə əllərimlə dizimi sıxırdım ki, qan itirməyim. Ayağımı o qədər sıxdım ki, qan yaralı qolumdan axmağa başladı. Maşının sürücüsü gizir Əliyev Elçin maşını idarə edə-edə mənə dedi ki, komandir, sənin qanının səsindən qulağım tutulur. Güclə dayanmışam sükan arxasında. Amma mən qanın səsini eşitmirdim. Çünki qan bədənimdən axdıqca mənim halım dəyişirdi. Həm də ki, başıma dəyən zədədən sonra beynim cingildəyirdi. Elçin maşını idarə edə-edə çəkməsinin ipini açdı. Yolda maşını saxladı və mənə dedi ki, bir dəqiqə səbr et, yaranı bu iplə bağlayacam ki, qan çox axmasın. Bud hissəmin lap yuxarı hissəsindən iplə bağladı ki, qan axmasın. Tez sükan arxasına keçərək məni hərbi xəstəxanaya çatdırmaq üçün maşını sürətlə idarə etməyə başladı. Tərtərdə tibb məntəqəsinə çatdıq. Həkimlər də orda mənə ilk tibbi yardım etdilər.
- Bədənindən bu qədər qan axmasına rəğmən hospitala qədər hissiyyatını itirmədin?
- Xeyr, hər anını detalları ilə xatırlayıram. Qan axdıqca halsızlaşsam da, xəstəxanaya çatana qədər özümdə idim. Bədənimin dörd yerindən sürətlə qan axmasına baxmayaraq ümidim var idi ki, yaşayacam.
Onu da deyim ki, Ağdamdan köməyə gələn tibbi maşın bizi dörd yolda qarşıladı. Həkimlər elə maşındaca mənə sistem köçürüb, qan qoşdular. Həkimləri görəndən sonra düşündüm ki, artıq yaralarımın qorxusu yoxdur. Gecə saatlarında Sarıcalıdakı hospitala çatdıq. Orda məni görən baş həkimin ilk sözü belə oldu ki, "Gecikdirməyin, tez əməliyyata salın” .
Əməliyyatdan çıxandan sonra həkimlərdən tək bir xahişim oldu ki, evdəkilərə heç nə deməyin. Anamın, doğmalarımın həyəcan keçirmələrini istəmədim. Amma artıq palatada ayılanda atamı yanımda gördüm. Anam narahat olmasın deyə, telefon vasitəsilə onunla əlaqə saxladım ki, yaxşıyam. Desələr ki, Kamilin vəziyyəti ağırdı, inanmayın. Sadəcə ayağımdan kiçik güllə yarası almışam. Amma anam mənə inanmadı, sən demə, xəbəri varmış.
Sarıcalıdakı əməliyyatdan sonra Bakıdan vertolyot göndərdilər və Hərbi Hospitala yerləşdirdilər məni. Başqa da nə deyim?! Şükür Allahın bu gününə...
- Bildiyimiz qədəri ilə uşaq vaxtı idman həvəskarı olmusan. Bəs necə oldu ki, idmanı hərbiyə dəyişdin?
- Yaxşı yadıma saldınız, hərblə bağlı danışdım, idman yadımdan çıxdı (gülür). Birinci sinfə gedəndə eyni zamanda güləşə getmişəm. Rayon çempionatlarında, Daşaltı şəhidlərinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmişəm və qalib olmuşam. İlk məşqçilərim Fazil müəllim, İlham müəllim, Ceyhun müəllim olub. Daşaltı şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə birinci yeri tutandan sonra sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov mənim nümayiş etdirdiyim güləşi bəyəndi və məni elə həmin gün yığma komandaya dəvət etdi. Xeyli müddət yığma komandada məşqimi davam etdirdim. Elə o vaxtlardan da hərbçi olmaq qərarını verdim. Çünki bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirirdilər. Xüsusən də, bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyirdi.
Kamil güləşə getsə də, uşaqlıqdan kəşfiyyatçı olmaq istəyib. Ən böyük amalı isə düşmənə qan uddurmaq olub.
Özünü dərk etdiyi andan torpaq dərdi, Vətən ağrısı ilə yüklənən Kamil qisas hissi ilə yaşayıb, böyüyüb. Elə bu hisslə də bütün çətinlikləri gözə alaraq hərbi həyata atılıb. Hərbi həyat isə ona mətinlik, mübarizlik, dönməzlik, xalqını, millətini sevməyi, torpaqlarımızı göz bəbəyi kimi qorumağı, düşmənə nifrəti, yalnız irəli getməklə yaşamaq haqqımızın olduğunu öyrədib. Kim bilir, bəlkə elə kiçik yaşlarından güləşə də bərkə-boşa düşmək, gələcəkdə onu gözləyən savaş qarşısında duruş gətirə biləcək gücə, dözümə sahiblənmək üçün gedib.
O isə öyrəndiklərini və bildiklərini əsgərləri ilə bölüşərək onları da özü kimi vətənpərvər, qorxmaz və milli ruhda tərbiyə edib. Kamil Musəvinin əsgərləri onun qarşısında hər an döyüşə və ya yaxud hansısa bir lokal əməliyyata hazır vəziyyətdə dayanıb. O, əsgərlərini "Düşmən bir atanda, siz beş atın. Ermənilər güllə atanda siz ona top atın, qoy bizim torpaqlarımızda rahat otura bilməyəcəklərini anlasınlar”- deyir, əsgərlər də komandirin vətənpərvər söhbətlərini dinləyir və müsbət nəticələr özünü göstərirdi. Əgər hansısa əsgər yeni gələndə atəşkəsin pozulmasından, ermənilərlə döyüşməkdən narahat olurdusa, komandir Kamilin təbliğatından sonra atışma başlayan kimi öz silahına sarılaraq hamıdan öndə dayanıb.
- Kamil, cəmiyyətdə belə bir fikir formalaşıb ki, cəbhədə ancaq kasıbın balası şəhid olur, varlının balası isə öz kefində-damağındadır...
- Əgər kimsə deyirsə ki, "mən niyə vətəni qorumalıyam, qoy varlının balası getsin cəbhəyə”, yanlış düşünür. Mən həmişə öz əsgərlərimə də deyirdim ki, torpaq məhz mərd oğullarının çiyinləri üstündə Vətəndir. Onun üçün milyonçu oğlu olmaq şərt deyil. Hər bir azərbaycanlı dərk etməlidir ki, Vətəni Vətən edən mərd oğullarının Vətən uğrunda tökdüyü qandır. İnandırım sizi ki, kasıb balaları arasında da döyüşməkdən, əsgərlikdən yayınanları var. Həm də ki, biz niyə ancaq nazir balalarını özümüzə örnək götürürük ki? Bizi vətəni qorumayanların qorxaqlığı ruhdan salmamalıdır, əksinə, vətən uğrunda son damla qanına qədər döyüşməyə hazır olan insanları özümüzə nümunə götürməli, onların yolunu davam etdirməliyik. "Filankəsin oğlu getmir, mən niyə gedirəm” kimi sözlər ancaq bəhanədir. Belə çıxır ki, hamımız "filankəsin oğlunun” arxasınca getməli və torpaqlarımızı da ermənilərə verib, çıxıb başqa ölkələrə getməliyik? Bu vətən nə nazir övladlarının, nə də filankəsin uşaqlarınındır. Bu vətən onu sevənlərin, uğruna canını fəda edənlərindir.
- Dövlətin qayğısı, xalqın sevgisi səni qane edirmi?
- Bizim xalqımız həqiqətən də qədirbilən xalqdır. Mən xalqımın sevgisindən də, diqqətindən də çox razıyam. Dövlətimiz də sağ olsun, bir qazi üçün nəzərdə tutulan hansı imtiyazlar varsa, hər birindən faydalanmışam. Düzdür, bizim insanlarda belə bir psixologiya var ki, Vətən uğrunda döyüşmüsənsə, hamı sənə borcludur. Dövlət qanunla nəzərdə tutulan imtiyazlardan da qat-qat artığını verməlidir. Ən önəmlisi odur ki, insan Vətən uğrunda döyüşən zaman nələrisə gözaltı edib, irəli atılmır ki?!
- Tez-tez orta məktəb şagirdləri, idmançılarla görüşlərdə iştirak edirsən. Gənclərdə hərbi vətənpərvərlik ruhunu necə dəyərləndirirsən? Uşaqlar arasında özünü kəşfiyyatçı Kamil Musəviyə oxşatmaq istəyən varmı?
- Əlbəttə, gənclər arasında hərbi ruh kifayət qədər yüksəkdir. Xüsusən də qadınlarımız döyüşə daha həvəslidir. Bu isə bizə xüsusi stimul verir, ruh yüksəkliyimizi daha da artırır. Düzdür, biz Ermənistan deyilik ki, özümüz arxa cəbhədə oturaq, qadınları ön cəbhəyə, ermənilərlə döyüşməyə göndərək. Bizim qadınların vətənpərvər olması ona görə məni sevindirir ki, hər bir qadın eyni zamanda bir ana, bir bacı, bir həyat yoldaşıdır.
- Allah saxlasın, bir oğlun var. Yaşadığın çətinliklərə, itkilərə rəğmən övladının hərbiçi olmasını istərdin? Yaxud da hərbiçi olmaq istəsə, mane olmazsan ki?
- İnsan ancaq sevdiyi peşədə uğur qazana bilər. Bir nəfər Teymurləngə sual verir ki, necə oldu ki, bütün dünyanı fəth elədin? O da cavab verir ki, mən işi bilənə tapşırmışdım. Hərbi hər nə qədər çətin peşə olsa da, sevərək bu yolu seçən insan üçün heç bir çətinlik yaratmır. Əgər övladım da öz istəyi ilə bu sahəni seçərsə, mən ona ancaq uğurlar arzulayaram.
- Bəs, hərbiçi necə olmalıdır?
- Hərbiçi ilk növbədə dözümlü, iradəli olmalı, mübarizə aparmağı bacarmalı, fiziki və mənəvi baxımdan güclü olmalıdır. Hərbi sahənin sirlərini, döyüş qayda-qanunlarını öyrənmək çox vacibdir. Amma elə bir an gəlir ki, bunların heç biri insana kömək olmur. Düşdüyü mühasirədən ancaq gücün hesabına azad olmağı bacarırsan.
(Rasim Kazımov ərkyana qazimizin sözünü kəsir və əli ilə Kamili işarə edərək "Əsl hərbiçi belə olmalıdır”- deyir. Kəşfiyyatçımız bu bənzətmədən məmnunluq duysa da, özünəməxsus təvazökarlığı ilə "deməzdim, mən də tam ödəmirəm” deyib, gülür).
- Düzünü de, heç peşman olub, "bu mənə lazım idi?” kimi fikrə düşmüsən?
- (Gülür). Yox, yox, əstəğfrullah, niyə ki?! Əksinə, bu gün olsa, yenə də bir an olsun düşünmədən irəli atılaram!
- Bunu artıq o acıları yaşamış və bir qəhrəman zirvəsinə yüksəlmiş qazi olaraq səmimi deyirsən, yoxsa sadəcə səni özünə örnək bilən gəncləri stimullaşdırmaq üçün?
- Tam səmimiyyətimlə deyirəm, mən vətən üçün verilən qurbanları itki saymıram. Narkotik maddələrdən istifadə edib sağlamlığına ciddi ziyan dəyən insanlar bunu özləri üçün itki hesab etsinlər, yaxud da oğurluqla, quldurluqla məşğul olan şəxslər başlarına bir qəza gələcəyi halda bunu özləri üçün itki hesab eləsin. Mən sağ ayağımı və sol gözümü vətən uğrunda qurban verməyimi itki saymıram. Bunu təsəlli üçün də demirəm, səmimi düşüncələrimdir. Biz kəşfiyyata gedəndə ölümü gözə alırdıq. Bilirdik ki, hər an düşmən gülləsinə tuş gəlib şəhid ola bilərik. Bunu bilməyimizə rəğmən qorxmadan əməliyyata davam edirdik ki, təki torpaqlarımız düşməndən azad olunsun, biz olmasaq da olar. Necə deyərlər: "Cansa can, qansa qan, səninləyik Azərbaycan”.
- Deyimdən söz düşmüşkən, "Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən”- ifadəsini də tez-tez eşidirik sənin dilindən.
- Həə, oğurlamışam o sözü (gülür).
- Daha bir səmimi etiraf...
- Bir dəfə polkovniklərimizdən biri ilə söhbət əsnasında bu misalı çəkən kimi ürəyimə yatdı. Dedim, cənab polkovnik, məndən inciməyin, amma bu söz artıq mənlikdir (yenə gülür). O da sağ olsun, "sənin halalındır”- dedi.
- Bəlkə bir az da ailən haqqında danışasan?
- Sözün açığı, ailəmi gündəmə gətirməyi xoşlamıram. Hətta bir neçə dəfə çəkiliş üçün müraciət edənlər də olub, razılaşmamışam. Amma onu deyim ki, bəzən yaralanan hərbiçilərin həyat yoldaşlarının onları tərk etdiyini eşidirəm. Bu məni çox üzür. Axı heç kim heç nədən sığortalanmayıb. Etiraf edim ki, yaralanan zaman subay olsaydım, kiməsə yük olmamaq üçün evlənməzdim.
- Yenidən idmana qayıtmaq fikrin varmı?
- Var. Düzdür, hələ ki, bu barədə heç kimə deməmişəm. Amma Allahın köməkliyi ilə atıcılıq üzrə paralimpiya oyunlarında iştirak etmək niyyətindəyəm. Sözün açığı, güləş üzrə yarışlara qatılmaq istərdim, amma maraqlananda gördüm ki, güləş üzrə paralimpiya oyunları keçirilmir.
- Bəs, cüdo niyə yox?
- Nə bilim, elə əvvəldən cüdo yarışlarından xoşum gəlmir.
- Səhv etmiriksə, səninlə bağlı film çəkirdilər. "Yaralı zabit”in axırı nə oldu?
- Bax elə bayaqları həmin oğlan zəng vurmuşdu. Film demək olar ki, hazırdır. Sadəcə montaj işləri qalıb, onu da yavaş-yavaş həll edirlər. Ancaq filmi çəkən oğlan hazırda hərbi xidmətdədir. İstəyir ki, filmin təqdimatını xidməti başa vurub gələndən sonra özü etsin.
- Kamil Musəvi adına küçə, yaxud da məktəb açılmasını, adının əbədiləşdirilməsi kimi bir gözləntilərin varmı?
- Vallah, mən özümü heç vaxt qəhrəman kimi hiss etmirəm. Vətən qarşısında öz borcumu yerinə yetirmişəm. Mən döyüşdə yaralanmışam, adıma məktəb açılmalı, mənə filan imtiyazlar verilməlidir kimi gözləntilərim heç vaxt olmayıb. Mən yaralanan gündən müəllimim Firdovsi Umudov, Qazaxın millət vəkili Kamran Nəbizadə və Nərimanov rayonunun millət vəkili Adil Əliyev hər zaman mənə dəstək olublar. Maddi və mənəvi cəhətdən yanımda olublar. Türkiyədə ayaq köçürülən zaman xeyli köməklik göstərdilər. Günü bu gün də tez-tez zəng edirlər ki, nəsə çətinliyin olsa, bizə xəbər elə. Şərt o deyil ki, mənim pula ehtiyacım var. Onların mənəvi cəhətdən mənə dəstək olması hər şeydən önəmlidir.
- Maddi çətinlikləriniz varmı?
- Xeyr, dövlət tərəfindən mənə aylıq müavinətlər ayrılıb və məişət qayğılarımızı ödəyir. Sizə bir şey deyim ki, hərbin çətinliklərini görən, ölümlə üz-üzə gələn insanlar üçün məişət qayğıları çətinlik törətmir.
- Bu yaxınlarda xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verdi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün görünmür. Aprel döyüşləri zamanı ölkə daxilində də, beynəlxalq ictimaiyyətdə də belə bir rəy formalaşdı ki, Ermənistan bu zərbədən sonra danışıqlar masasına oturmalı olacaq. Amma biz Ermənistanın daha da aqressivləşdiyini gördük.
- Bilirsiniz ki, həmin 4 günlük müharibə zamanı Ermənistanın çalmadığı qapı qalmadı ki, döyüşləri dayandırmaq üçün Azərbaycana təsir etsinlər. Əsas odur ki, biz ermənilərə də, dünyaya da ordumuzun nələrə qadir olduğunu göstərdik. Əgər bundan sonra da Ermənistan cəbhə xəttində vəziyyəti gərginləşdirirsə, biz də onlarla istədikləri, daha doğrusu, başa düşdükləri dildə danışarıq!
- Kamil, biz suallarımızı yekunlaşdırdıq. Gəldiyin və suallarımızı cavablandırdığın üçün sənə minnətdarıq. Çox sağ ol!
- Sizlər də sağ olun! Amma bax, kimin nə sualı varsa, nə qədər ki burdayam versin! Sonra deməyin ki, filan sual yadımızdan çıxdı, gərək onu da soruşardıq (gülür).
- Yox, bizdən bu qədər!
- Sualınız yoxdursa, eybi yox! Onda çayımı təzələyin, bir stəkan da çay içim, gedim.
(Hamılıqla gülürük və elə bu xoş əhvalla da müsahibəmizə yekun vururuq).
Hazırladı: Şəymən