Ofeliya Sənani: "Radioda adam elə bil ki, alim olur - radio adama çox gözəl bilik verir”“Gənc yaşımdan bir böyrəyim işləmirdi. 220 təzyiqlə “Günün ekranı”nı oxumuşam”
"Mənim evimdə indi də 4 saat var. Bilməliyəm ki, neçə dəqiqəyə iş görürəm. Sağa dönəndə də saatı görməliyəm, sola dönəndə də”
Hərənin bir ömür yolu var. Bu yolda hər kəs addım-addım öz hədəflərinə doğru gedir. Qəhrəmanımızın ömür yolu da teleradiodan düşüb. Bu yol onu milyonlara tanıtdıqca da, həm də onlara doğmalaşdırıb. Kimi üçün "Günün ekran”ında özəl biri olub, kimi üçünsə balaca balaların sevimlisinə çevrilib. Söhbət tanınmış diktor Ofeliya Sənanidən gedir. Bu dəfə "Şərq”in qonağı illərini mavi ekrana həsr edən məhz Ofeliya xanım oldu.
- Necəsiz, Ofeliya xanım?
- Şükür, yaxşı olasız. Necə olacam? İllər artıq sözünü deyir. Bir balaca səhhətimdə narahatlıq olub. Amma belə yenə də çox şükür.
- İllərini televiziya və radioya həsr edən xanımı ora zərurət, ya təsadüf apardı?
- Düzünü desəm, televiziyaya gəlmək barədə o qədər düşünmürdüm. Amma radionu sevirdim. 1959-cu ildə radioya gəlmişəm. Bundan 15 il sonra - 1974-cü ildə televiziyaya keçmişəm. Daha doğrusu, özləri keçiriblər. Etiraf edim ki, heç vaxt televiziya işini sevməmişəm. Çünki radioda adam elə bil ki, alim olur - radio adama çox gözəl bilik verir. Radioda hansı mövzuda, hansı janrda desən, söhbət var idi. Diktor olanda adam həm redaktor, həm aparıcı, həm rejissor olur. Amma indiki radiolar nə edir? Küçədən keçənə, ona-buna, sürücüyə suallar verir. Düzdür, indiki zamanda sürücülük də böyük işdir. Özüm maşın sürüb görmüşəm. Demək istədiyim odur ki, maarifləndirici heç nə yoxdur. Təhsilə gəldikdə isə xarici dil üzrə təhsil almaq istəyirdim. İngilis dilini çox gözəl bilirdim. Hələ orta məktəbdə ikən qızlardan ibarət sinif yoldaşlarımın hamısı bizə gələrdilər. Axundov adına kitabxanadan ingiliscə nağıl kitabları alırdım. Onu özüm oxuyurdum. Bilirdim ki, söhbət nədən gedir. Sonra qızlara tərcümə edirdim. Evdə mən bunlarla məşğul olurdum. Bizim bütün müəllimlərimiz, ümumiyyətlə, məktəbimiz - hamısı bilirdi ki, mən ingilis dilinə gedəcəyəm. Amma səsim də olub. Elə bilirdilər, bəlkə, müğənni də ola bilərəm. Ailəyə görə mən müğənni olmadım. Atam razılıq vermirdi. Amma ingilis dilini, həqiqətən, ürəkdən sevirdim. Özümdən asılı olmayaraq, balaca yaşımdan radioya qulaq asmışam, onu sevmişəm. Oradan danışığı, gözəl səsləri eşitmişəm. Fatma Cabbarova, Gültəkin Cabbarlı, Züleyxa Hacıyeva, Sevda Məmmədzadə, Sabutay Quliyev, Aydın Qaradağlı, Ramiz Mustafayev, qəzəl ustası Soltan Nəcəfov... Mən bunlara qulaq asa-asa deyirdim, ilahi, nə gözəl insanlar var, nə gözəl səslər var, bu insanlar dinləyicini necə cəlb eləyə bilirlər. Yəni, bu mətni oxuyanda və yaxud danışanda insan çaşa bilməz, ixtiyarı yoxdur çaşmağa? Anama sual verəndə anam deyirdi: "Dərsini oxu. O sənlik deyil”.

- Bu sahədə uğurlu karyeranız olub. Sirri nə idi. Həm ailə, həm radio, televiziyada çalışmaq çətin olar.
- Mənim içim işlə qaynayırdı. Mən bir dəqiqə sakit otura bilməzdim. Uğur qazanmağın sirri zəhmətdə, bir də sənəti sevməkdədir. Gərək sənətini sevəsən, tənbəl olmayasan. Bu sənət elə sənətdir ki, zəhməti sevir. Bir də istəyir ki, ona sevgin olsun. Sevgin olmasa, o sevgini tamaşaçıya ötürə bilməzsən. Daim, mütləq, gecə də, gündüz də öz üzərində işləməlisən. Qəmgin vaxtlar da olurdu. Qəmgin material olanda onu qəmgin səslə oxuyurdum. 1991-ci ildə müstəqilliyimizi qurduq. Amma həm də qurbanların hesabına qurduq. Şəhərimizə tanklar girdi. 20 Yanvar qırğını oldu. Mən ona biganə qala bilmirdim. "Günün ekranı”nı mən ağlaya-ağlaya oxumuşam. Yaralananlar, ölənlər çox idi. Bu barədə məlumat var idi. Mən onları oxuyanda pis oldum. Cavan yaşımdan ikinci qrup əliləm. Bir böyrəyim işləmirdi. 220 təzyiqlə "Günün ekranı”nı oxumuşam. Yanımda ya Davud olub, ya Sabirlə oxumuşam. Demişəm ki, siz Allah, qurban olum, məni izləyin ha, başım fırlanır, təzyiqim yüksəkdir. Yarım saatın içində halım dəyişib. Kim gəlib əvəz eləyəcək məni? Deyirdim, məni izləyin. Görsəniz ki, hansı cümlədəsə "hıqq” elədim, nə olar, təbii şeydir, oradan kağızı götürün, qoyun qabağınıza, özünüz oxuyun. Mən cavabdeh olaram. "Günün ekranı”nı oxuyub çıxandan sonra deyirdilər ki, bizə badalaq gəlirdin? Əsəbdən ölürəm, deyir, mənim fikrim qalırdı sənin yanında ki, indi birdən çaşarsan... Fikrim sənin yanında qalanda mən öz mətnimi də itirirdim. Deyirdim, vallah, məni bağışlayın da, hər ehtimala qarşı, sizdən xahiş etmişdim ki, halım pis olsa, mənə kömək edəsiniz. Amma mətni elə ürəklə oxuyub çıxırdım ki, heç kəs onu hiss eləmirdi. Valid maşınsız olanda bəzi vaxtlar yaz havasında, deyirdik, səhərdən axşama qədər studiyadayıq da, bir az ayaqla yeriyək. Valid taksini tutanacan qan təzyiqinin yüksəkliyindən aşırdım yerə. Onu tamaşaçıya bildirə bilmərəm axı... Heç kəs onu bilmirdi. Heç idarəmiz də bilmədi ki, mən ikinci qrup əliləm. Mən o sənədi verməmişdim ki, heç kəs bilməsin. Niyə desinlər ki, yazıq, niyə bu cavankən belə xəstələndi? Olmaz. Biz xalqa sevinc gətirmək üçün yaranmışıq. Onu gülər üzlə salamlayaq ki, dərdi, qəmi varsa, unutsun. Şəhidləri görəndə mən ağlayıram. O anaların dərdinə evdə ayaqüstə şərik oluram. Televizorun qabağında dayanıram. O ana ağlayırsa, mən onunla bərabər ağlayıram. Qoy o analar bilsinlər ki, onların da dərdinə şərik olanlar var.
- Sənətdə qazanılan hansı keyfiyyətlər xarakterə çevrilə bilir?
- Əlbəttə, ki, məsuliyyət! Mən biləndə ki, sabah toya gedəcəyəm, inanın, vallah, geyinə bilmirəm. Axı yadırğamışam. Bu bir. Yaş da gəlib üstünə, yorulmuşam. Biri deyəndə ki, gəl, veriliş var, qalıb ortalıqda, mən işimi-gücümü bilirsiz necə atırdım... O verilişə, bu verilişə qaça-qaça gedirdim. Bilirsiz necə?.. Elə bil ki, bayramdır mənim üçün. Amma gərək, insan özü ilə işləməyi, özünü döndərməyi bacarsın. Mən elə olmuşam. Mənim evimdə indi də 4 saat var. Bilməliyəm ki, neçə dəqiqəyə iş görürəm. Yataq otağında üç yerdə saatım var. Sağa dönəndə də saatı görməliyəm, sola dönəndə də saatı görməliyəm, üzbəüzdə də həmçinin. Bir radio mətbəximdə var, bir radio oturduğum otaqda. O orada danışır, bu burada danışır. Bir televizor bütün günü olduğum otaqda işləyir, orada da mütləq xəbərlərə qulaq asmalıyam, verilişlərə baxmalıyam.
Mənim gənclərə sözüm budur ki, məsuliyyətsiz olmasınlar. Məsuliyyət daim onları izləsin. Onda insan rahat olur. Əzab çəkmirsən. O məsuliyyətə görə yaşayırsan. O məsuliyyəti hiss eləyib, ona köklənirsən. Bir var ki, gecikəsən, gedəsən üzün danlana. Bir də var ki, özün məsuliyyətlisən. Özün öz hərəkətinlə elə eləyirsən ki, vaxtında işdə olursan. Bir də gənclərə tövsiyəm odur ki, işlərini sevib gəlsinlər. Sənəti ürəklərində yaşatsınlar. Aparıcı olanda nə olar ki, onlar da diktor kimi mətn oxuyurlar, xəbər oxuyurlar. O, diktorluq deyil, bəs nədir?.. İndi deyirlər, diktorluq sənəti moddan düşüb. Aparıcılıq dəbdədir. Xəbər oxumaq nədir bəs?.. Onlar da vaxtında işə gəlməli, materialla, xüsusən siyasi mətnlərlə tanış olmalıdırlar. Bəzən siyasi səhvlərə yol verilir. Vurğular səhv olur. Bizdə Ramiz deyərdi: "Oppuli, Oppuli, lüğətə bax. Lüğəti yanında saxla a... Çünki "Xəbərlər”ə gedirsən, yarım saatlıq, 20 dəqiqəlik "Xəbərlər”ə. Biz axı bilmirik onun içində nə var... Həmkarın oxuya-oxuya öz səhifənə göz gəzdir, xarici adlar varsa, tez vurğulara bax ki, səhv getməsin. Misal üçün, bizdə o dövrdə heç vaxt səhvlər olmayıb. Tələbkarlıq güclü olub. Senzura da olub. Düzdür, indi elə zəmanədə yaşayırıq ki, senzura lazım deyil. Amma insan özü-özünün senzoru olmalıdır. O məsuliyyəti özün hiss eləməlisən...
- Bu gün efir məkanı sizi qane edirmi?
- Televiziyada da xoşuma gələn heç nə yoxdur. Bir verilişə dörd-beş müğənni dəvət edirlər, hərəsinə də yarım saat vaxt verirlər. Elə bil "təki veriliş açım, məni də görsünlər” prinsipiylə işləyirlər. Efirdə olan aparıcılarda əvvəlki məsuliyyət yoxdu. Nə radio aparıcılarında, nə də televiziya aparıcılarında. Radioya qulaq asırsan, əsəblərin oynayır. Sanki küçədə, bazarda iki-üç nəfər bazar söhbəti aparır. Salam, nə var, nə yox, bu gün nə geyinmisən? Mavi... Haaa... haaaa. Bu efir deyil, bu aparıcılıq etmək deyil. Radiolarda bir dənə olsun maarifləndirici verilişə qulaq asmaq olmur. Uşaqların diqqətini çəkən bir verilişə qulaq asa bilmirik. Bizim vaxtımızda tamaşaları radioda təqdim edirdik. Teatra gedib tamaşanı izləyə bilməyənlər vaxtaşırı bu tamaşaları radiodan eşidirdilər. Tamaşaçının radio vasitəsilə bədii əsərlərdən xəbəri olurdu. Televiziya sahəsində vəziyyət eyni dərəcədə dəhşətlidir. Aparıcıların diksiyasında, səs tembrlərində problemlər var. Ləhcə ilə danışıqlar çoxdur. Bayağı fikir mübadiləsi aparırlar. Televiziya maarifləndirici missiyanı yerinə yetirir. Televiziya təkcə xəbər məkanı, ya da əyləncə məkanı deyil. Normal veriliş tapa bilmirik ki, izləyək. Nə deyim, aparıcılar arasında bir İctimai Televiziyadan Salehi bəyənirəm. Zaur Baxşəliyevin isə bir dəfə qonağı oldum, o qədər böyük hörmətsizliyin şahidi oldum ki. Verilişinə qonaq dəvət etmisənsə, ona diqqət göstərməlisən. Verilişə gəldim, uzaqdan bir salam dedi, keçin, vəssalam. Mənə bir yer göstərən belə olmadı ki, harda oturmalıyam. Ən azı sənin yaşın qədər mənim efir təcrübəm var. Bundan əlavə böyük-kiçik məsələsinə önəm vermək lazımdı. Verilişdən çıxdım, məni yola belə salmadı. Elə yenə də uzaqdan təşəkkür bildirdi. Bugünkü aparıcılarda məsuliyyət yoxdu.
- AzTV-yə gedib-gəlirsiz?
- Düzünü desəm, yox. Heç yerə getmirəm, hamısından da küsmüşəm.
- Niyə?
- Elə bu narahatlıqlara, özbaşınalıqlara görə heç yerə getmək istəmirəm. Vurğunu düzgün vura bilməyənlər xəbər oxuyur. "Solovyov” adi rus soyadıdır, bu sözün vurğusunu düzgün deyə bilmirlər. Məsələn, xəbər oxuyur ki, ermənilər atəşkəsi 47 dəfə pozublar, düşmən cavab atəşi ilə susdurulub. Bu iki cümlədə neçə dəfə səhvə yol verirlər, qışqıra-qışqıra xəbər oxuyurlar.
- Bəyəndiyiniz xəbər aparıcıları varmı?
- AzTV-də yaxşı xəbər aparıcıları var. Adlarını bilmirəm. Ümumiyyətlə, son zamanlar adlar yadımda qalmır. İctimai Televiziyada Saleh Bağırov xoşuma gəlir. Aktyor Sadıx Salehin nəvəsidir. Onun babası Akademik Milli Dram Teatrının aktyoru olub. Çox ağıllı, dərrakəli, mədəni, namuslu uşaqdır. Elgiz Əkbər də xoşuma gəlir. İnsanlara canı yanır, hiss olunur ki, qanunları da bilir. Bəzi məqamlarda vəkillər kimi sual verməyi də bacarır. Amma qarnında doqquz aylıq uşaq olan qadının gəlib cavan oğlanın qabağında durması doğru deyil. Bu, millətə çox böyük təhqirdir. Bəlkə də, mən geridə qalmışam.
- Teleməkanımız hara gedir?
- Uçuruma gedirik. Aparıcılar üçün bilirsiz nə lazımdır? Kimsə müəllimlik etsin, söhbət etməyi bacarsınlar. Bunlar xəbər oxunuşunda, xüsusən mühüm xəbərlərdə qışqırırlar. Bunlar elə bilir ki, qışqırmaq lazımdır. Onsuz da fikrini pıçıltıyla da desən, mikrofon səni qəbul edir də. Söhbət elə də, qışqırma. Əsgərimiz şəhid olanda o xəbəri yana-yana oxumaq lazımdır, qışqıra-qışqıra yox. Düzdü, indi bu tənqidlərə də cavabları odur ki, bu günün nəbzi sizin dövrünüzlə eyni deyil. Bu gün sərbəstlik var efirdə. Amma sərbəstlik başqa, məsuliyyətsizlik və səriştəsizlik tamam başqa amillərdi.
- Səbəb nədir ki, teleməkanda bu qədər qüsurlar var?
- Televiziya sədrinin jurnalistikadan anlayışı olmayanda nəticə belə olur. Mən dublyaja gecikəndə Əli Zeynalov və ya Məhluqə Sadıqova məni gözləsəydilər, çox utanardım. Axı, mən onların yanında uşaqdım. Tez çatmaq üçün taksiyə minməli olurdum. Onda böyük-kiçik yeri bilən var idi, indi yoxdur. Əvvəl televiziyada aparıcı hazır mətnləri oxuyurdu. İndi belə mətnlər yoxdur. Aparıcılar ləhcə ilə danışır, ədəbi dil qaydalarını bilmir. Baxırsan, televiziyada ondan, bundan danışır. Belə olmaz axı. Gərək bir sahəyə gedirsənsə, o sahənin sirlərinə dərindən yiyələnəsən, peşəkar olasan.
Bu gün teleməkanda yalnız intellektual verilişlərə baxıram. Demək olar ki, bizdə əyləncəli verilişlər səviyyəli deyil. Şoular bərbad vəziyyətdədir.
- Küçədə gəzişərkən insanlar sizi tanıyıb yaxınlaşırmı?
- Bəli. Hətta yaxınlaşıb öpürlər və mən buna imkan verirəm ki, ürəklərini boşaltsınlar. Məni elə qucaqlayırlar ki, deyirlər "biz sizə məftun olmuşuq”. Onlar arasında 35-40 yaşlı insanlar da var. Bax, bu nəsil həmişə bizi sevib. Bizim qızları da bir yerdə İçərişəhərdə görəndə bütün oradakı insanlar gəlib bizimlə şəkillər çəkdirir, özləri üçün yadigar saxlayırlar. Biz də etiraz etmirik. Onlar bizi sevməsəydi, bizə yaxınlaşmazdılar ki. Pis adama arxa çevirib qaçardılar. Avtobusda da görəndə məni qucaqlayıb bağırlarına basırlar. İctimai nəqliyyatda getməyi sevirəm. Bundan əvvəl maşınım var idi, 5 il sürdüm, sonra satdım. Çünki mən yaşa dolmuş insanam, hərdən başım fırlanır, ümumiyyətlə, mənə maşın sürmək olmaz. İndi ictimai nəqliyyatda gedirəm, insanlarla canlı ünsiyyətdə olmaqdan gözəl şey yoxdur. Bu da bir stimuldur.
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb