27 çöl quşu öldürüldü, müayinə olundu

Heç birində “Quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib



Azərbaycan ərazisində "Quş qripi” ilə bağlı keçirilən növbəti monitorinq başa çatıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin məlumatına görə, müayinə olunmuş nümunələrin heç birində "Quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Xidmət sözçüsünün sözlərinə görə, mayın 4-dən başlanan monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 27 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 2217 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib: "Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunub. "Quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb”.

Y.Xanvəli deyib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları tam qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər: "Eyni zamanda DBNX xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. "Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Nəzarəti Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını və qonşu ölkələrdə (Türkiyə və Rusiya) "Quş qripi” xəstəliyinin qeydə alınmasını əsas götürərək növbəti monitorinqin iyunun 1-də başlanması nəzərdə tutulur. Hazırda "Quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir”.

Şəymən